AZƏRBAYCAN GƏNCLİYİ KİMDİR?

Müasir Azərbaycan gəncləri barədə düşüncələr…
Gənclik – istənilən cəmiyyətdə ən dinamik və qaynar, intellektual və aparıcı qüvvə sayılır. Bu səbəbdəndir ki, inkişaf etmiş ölkələrdə ən çox enerji və savad tələb edən vəzifələrə məhz gənclər təyin olunur. Yaşlı nəsil isə sadəcə ikinci dərəcəli vəzifələri icra etməklə həm yavaş-yavaş kənara çəkilir, həm də bir növ seyrici mövqe tutaraq, öz məsləhətlərini verir və yetişdirdiyi gənc nəsil ilə qürur duyurlar. Etiraf etməliyik ki, Azərbaycanda elə olmayıb və indi də heç belə deyil. Ən ağır işlərdə, vəzifələrdə və hətta gənclərin olması lazım olan yerlərdə orta və yaşlı nəsil kök salıb. Bunun bir səbəbi Şərq kökənli olmağımız olsa da, digər səbəbi gəncliyimizin günahıdır. Çünki, Azərbaycan gəncliyi hələ kifayət qədər intellektual, etibarlı və sərbəst şəxsiyyət kimi ya formalaşmayıb ya da formalaşmış kimi görünə bilməyib.

İnkişaf etmiş ölkələrdə 18 yaşına çatmış gənc öz valideynlərinin qayğı və nəzarətindən çıxıb müstəqil həyata atılırsa, eyni kursu Azərbaycanda müşahidə etmək mümkün deyil. Sanki, övladını evləndirmək, yaxşı işə düzəltmək və dünyaya gələcək nəvələrini də böyütmək vəzifəsi baba və nənənin öhdəsindədir. Məhz bu kimi vərdişlər gəncliyi müstəqil inkişafdan saxlayır. Bu, məsələnin bir tərəfidir. Bu sahədə oxucular fikirlərimlə razılaşmaya bilərlər.

Amma, fakt olaraq qalan bir cəhət ondan ibarətdir ki, müasir Azərbaycan gəncliyi məhz onilliklər boyu valideynlərin yersiz qayğı və təhkiminin əziyyətini çəkməkdədir. Məsələn, universiteti həkim, hüquqşünas, müəllim kimi bitirən bir çox gənclər indi həmin ixtisasda çalışmaq arzusunda olmurlar. Çünki, həmin ixtisası özləri deyil, məhz valideynləri seçmişlər. Məcburdurlar həmin ali təhsil müəssisəsini bitirsinlər. Bitirdikdən sonra isə tamam başqa istiqamət üzrə həyatlarını qurmağa çalışırlar. Bu, həm də gərəksiz enerji və zaman itkisi ilə nəticələnir. Nəticədə həyatda möhkəm ayaqlar üstündə dayanmaq bir qədər çətin olur. Depressiyalar başlayır, nakam həyatlar yaşanır.

Başqa bir problem isə Azərbaycanın müstəqillik qazanması ilə başladı. Dünyaya açıldıq, azadlıq və demokratiya kimi bəşəri anlayışlar üzərinə əli boş, məlumatsız şəkildə yürüdük. Nəticədə hərəyə bir cür təsir elədi bu azadlıq hissləri. İndi isə həmin nataraz keçidin çətinliklərini yaşamaqdayıq. Gəncliyimiz tamamən parçalanmış və səpələnmiş bir formada məqsədsiz və haçalanmış istiqamətlər üzrə inkişaf etmək üzrədir. Bu parçalanma və haçalanma o qədər dərin və çoxşaxəli gedir ki, nə vaxtsa bu gəncliyi bir araya yığmaq heç inandırıcı görünmür. Elə bir ideologiya və ortaq məxrəc tapmaq çətindir ki, müasir Azərbaycan gəncliyi məhz həmin fikirlər ətrafında bir araya gələ bilsinlər. Bəzən bucür ayrılıqları və plüralizmi demokratiyanın işartıları kimi qələmə verirlər. Lakin Azərbaycandakı parçalanma və haçalanma heç demokratiya deyil, çünki demokratiya sayəsində bölünmüş insanlar məhz demokratiya ideyaları altında da birləşə bilirlər. Bizdə isə bunu müşahidə etmək mümkün deyil. Görək, bəs bu parçalanma hansı istiqamətdə gedir?!

Böyük əksəriyyət siyasi parçalanmaya məruz qalıb. Gənclər malik olduqları siyasi baxışlarına görə ayrı-ayrı düşərgələrə bölünüb və bu səbəbdən də bir-birilərini görməyə gözləri yoxdur. Müxtəliflik demokratik bir məhfum olsa da, nifrət daha çox separatizmin özünəməxsus keyfiyyətlərini xatırladır. Gənclərin böyük əksəriyyəti hal-hazırda iqtidarda olan siyasi qüvvənin ətrafında birləşib. Bu çoxluğı həmin siyasi kursun populyarlığı ilə bağlamaq düzgün olmazdı. Çünki, burada müəyyən məqamlarda maddi maraqlar, zor tətbiq etmə, şirnikləndirmə və digər hallar müşahidə olunub. Əksər gənclər isə ümumiyyətlə, daşıdıqları fikirlərin mahiyyətinə varmadan həmin siyasi kursun axını üzrə gedirlər. Hakim siyasi kursu təmsil edən gənclərin özəlliklərindən biri də kimsəni qəbul etməmək, özünü və öz tərəfdarlarını cəmiyyətin ən ali təbəqəsi kimi görmək və ölkənin xoşbəxt gələcəyinin məhz onlardan asılı olacağını düşünmək və bu düşüncəni digər gənclərə təlqin etməkdir. Yaddan çıxarmaq lazım deyil ki, dünyada əvəz olunması mümkünsüz olan heç bir şəxs, heç bir qrup, heç bir siyasi ideologiya və ya din yoxdur. Hətta ən ali din saydığımız İslam dininin də nə vaxtsa, daha mükəmməl bir dinlə əvəz oluna bilməsi mümkündür. Heç bir hal istisna oluna bilməz.

İkinci qrup gənclər isə əsasən hazırkı siyasi kursa müxalifət olan gənclərdir. Kifayət qədər arqumentli və tutarlı fikirlərlə silahlanmış bu gənclər də öz çıxışlarında Azərbaycan naminə, xalq və millət üçün mübarizə apardıqlarını iddia edirlər. Lakin bu cür gənclərin özünə məxsus mənfi cəhətləri də olmamış deyil. Belə ki, daha çox savadlanmağa və dünya görüşlərini artırmağa ehtiyacı olan bu gənclər cəmiyyətə çatdırmalı olduqları mesajları daha səviyyəli və savadlı şəkildə ifadə edə bilərlər. Bunun nəticəsidir ki, intellektin yer tapa bilmədiyi bir mübarizədə həmişə zor gücü tətbiq olunur ki, bu da heç bir halda arzuolunan sayılmır. Məhz savadsızlığın nəticəsidir ki, bucür gəncləri istənilən zaman istənilən kursa yönləndirmək, onların üzərindən müxtəlif siyasi manevrlər etmək, istənilən an qaldırmaq və yatırmaq mümkündür. Bucür gənclər sanki robot kimi bir mərkəzdən idarə olunmağa alışırlar. Müstəqil şəkildə düşünmək, lazım gəldikdə mənsub olduğu siyasi kursun rəhbər şəxslərinin də mənfi cəhətlərini açıq şəkildə ifadə etmək kimi təşəbbüslərdən tam uzaqdırlar və bunu sanki xəyanət kimi görürlər. Təcrübə də göstərir ki, bucür gənclər heç bir halda cəmiyyətdə layiqli yer tuta bilmirlər. Onların siyasi kursunun tənəzzülə uğradığı təqdirdə ən çox təzyiq və repressiyalara məruz qalan da məhz həmin gənclər olurlar. Əksinə, onların təmsil etdiyi siyasi kurs qalib gəldiyi təqdirdə, yenə onlar arxa plana keçir və yenə savadlı və intellektual gənclər rəhbər vəzifələrə çəkilir ki, bu fakt daha sonra bu kimi gənclərdə depressiya və peşmançılıq kimi hisslərin yaranmasına səbəb olur.

Gəncliyin başqa bir hissəsi daha çox müstəqil görünməyə çalışır. Əsas həlledici məqamlarda həm hakim siyasi kursun, həm də müxalif düşərgənin maraqlarına səbəb olmağa çalışan bu insanlar əslində heç bir düşərgə tərəfindən qəbul edilmir və sanki, əqidəsiz və konkret mövqeyi olmayan insanlar kimi təqdim olunurlar. Düzdür, bu cür düşüncə heç cür yolverilməzdir. Çünki, heç bir siyasi kursu dəstəkləməməyin özü də siyasi əqidənin təzahürüdür. Çünki, demokratiyanın ana prinsiplərindən biri də fikir ayrılığı və plüralizmdir.

Gənclərin parçalanmasına və haçalanmasına səbəb olacaq baxışlardan biri də məhz həyat tərzi ilə bağlıdır. Burada hər hansı siyasi baxışları araşdırmaq düzgün olmazdı. Çünki, müəyyən siyasi məqamlarda eyni mövqedən çıxış etsələr də, fərqli həyat tərzi sürən gənclər yenə bir-birinə düşmən kimi baxmaqda davam edirlər. Həyat tərzi isə geyim, qidalanma, əylənmə, həyata baxışları ilə ölçülür. Məsələn, Azərbaycanda uzun illər böyu hökmranlıq edən həyat tərzi daha çox milli adət-ənənələrdən süzülüb gələn həyat tərzi ilə bağlı idi. Qərb və Avropa ilə aramızdakı məsafələr yaxınlaşdıqca, ölkə gənclərinin həyat tərzləri da müxtəlifləşməyə başladı. Bucür təsirləri orta və yaşlı nəsildə müşahidə etmək çox çətindir. Çünki, daha çox gənclik yeniləşməyə meylli olur. Odur ki, gənclərimiz arasında gündəlik geyimində, qidasında, dinlədiyi musiqisində, apardığı söhbətlərdə müxtəliflik nümayiş etdirən insanlar daha da çoxalmağa başladı. Hər şey dəyişməyə başladı. İki gənc arasındakı münasibətlər, sevgi kimi dəyərləndirilən hisslərin formasiyası dəyişdi. Bucür dəyişiklik heç şübhəsiz ki, onun tərəfdarları və əleyhdarları arasındakı uçurumu da günü-gündən böyüdürdü.

Əslində müxtəliflik normal qarşılanmalıdır. Lakin müxtəlif düşərgələrdə olan insanların bir-birini hec cür qəbul etməməsi və bir-birinə düşmən kimi yanaşması yolverilməzdir. Azərbaycanda isə bucür toqquşmalar demək olar ki, hər gün müşahidə olunur. Yeni həyat tərzini seçmiş gənclər daha çox mühafizəkar həyat tərzi sürən həmyaşıdlarına əksər hallarda “geri qalmış”, “çuşka” deyirlər. Əksinə, mühafizəkar gənclər isə yeni gəncləri əxlaqsız, səfil adlandırırlar. Əvvəlcə, bir fikrin altını cızaq ki, hər iki düşüncə tərzi yalnışdır. Buna daha çox seçim hüququ kimi yanaşmaq lazımdır. Kimsə, milli köklərinə bağlı həyat tərzi sürməyi özünə həyat tərzi seçir, kimsə bunun əksini. Hər iki hal normal qarşılanmalıdır. Arzuolunan odur ki, bu iki fərqli gənclik arasında ortaq məxrəclərin tapılması və həmin gənclərin məhz həmin dəyərlər ətrafında birləşməsini təmin etməkdir.

Bucür uçurumlar dinə baxışları müxtəlif olan gənclər arasında da müşahidə olunur. İslam, xristian, yəhudi, ateist və başqa ideologiyaların daşıyıcıları arasında da mütəmadi toqquşmaların şahidi oluruq. Əslində Azərbaycan bu sahədə ən tolerant ölkə kimi tanınsa da, bu, daha çox beynəlxalq aləmdə belə qəbul olunur. Daxildə, daha çox məhəllə çərçivəsində bucür ayrı seçkiliyin yüksək səviyyədə olduğunu söyləmək yerinə düşər. Məsələn, İslam dininin tərəfdarı ilə ateist bir gəncin dialoqunu təsəvvür edirsinizmi?! Əlbəttə ki, daha çox ağıllı görünməyə çalışan ateist hər vəchlə qarşı tərəfin mənəvi duyğularını, fikir və inancını zədələmək üçün tikanlı sözlər işlədəcək və nəticədə münaqişə yaranacaq. Zora əl atan İslam tərəfdarı isə nəticədə dözümsüz və radikal kimi qələmə veriləcək. Çox səhv və yalnış bir yanaşmadır. Çünki, fərqli düşüncəyə, lap elə dini inanca malik kimsə özü kimi düşünməyən qarşı tərəfin fikirlərini təhqir etməməli və ən azından buna sakit tərzdə reaksiya verməlidir.

Ümumiyyətlə, cəmiyyətimizdə gənclərin müxtəlifliyi ilə bağlı çoxlu sayda faktlar sadalamaq olar. Lakin istənilən cəmiyyətlərdə toxunulmaz və müqəddəs hesab olunan dəyərlər toplusu var ki, siyasi, dini, mənəvi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs həmin dəyərlər toplusuna hörmətlə yanaşmalıdır. Çünki, həmin dəyərlər toplusu həmin gəncin də daxil olduğu cəmiyyətin firavanlığı və təhlükəsizliyi üçün əsas şərtdir. Bəlkə də bu dəyərlər toplusunu xatırlatmağa ehtiyyac yoxdur, çünki normal həyat tərzi sürən və özünü bu ölkənin vətəndaşı hesab edən hər bir xeyirxah insan bunu bilir: Allah, dövlət və əxlaq! Bəli, bu üç dəyərlər toxunulmaz qalan istənilən cəmiyyətdə yaşamağa, yaratmağa imkan var. İstənilən din vasitəsilə Allaha inana bilərsən, dövlətin varlığını təmin edəcək istənilən siyasi kursun tərəfdarı ola bilərsən və nəhayət əxlaqi dəyərləri qoruyacaq istənilən həyat tərzi sürə bilərsən! Bu, sənin seçimindir, gənc! Amma həyatda hər hansı addımı atarkən ilk növbədə yuxarıda adları çəkilən üç müqəddəs dəyəri gözünün qarşısına gətir! Ondan sonra uğur sənin olacaq!

PhD Əhməd Şahidov

Facebook Comments