DƏNİZ BAYKAL NİYƏ GETSİN Kİ?!

Niyə pisliyin, xəyanətin, fitnə-fəsadın önünə keçmək əvəzinə, sona qədər mübarizə aparmaq əvəzinə, istefa yolunu tutdu Dəniz Baykal?!
Türkiyədə tez-tez oluram. Demək olar ki, əksər böyük şəhərlərində olmuşam. Bu torpağı çox sevirəm və bəyənirəm. Sevirəm ona görə ki, çox gözəldir, çox səfalıdır, çox doğmadır mənə… və nəhayət özümün də mənsub olduğum Türk dünyasının qürurudur. Türkiyədə ən müxtəlif səbəblərdən səfərlərdə olmuşam. Elmi konfranslarda, beynəlxalq tədbirlərdə, gəzintilərdə və istirahətlərdə olmuşam. Və ya heç bir səbəb olmadan, sadəcə ürəyim sıxılanda bilet alıb uçuram Türkiyəyə. May ayının 12-17 tarixlərində də yenə Türkiyədəydim. Manisa şəhərində keçirilən beynəlxalq elmi sempozyumda iştirak edirdim. Mənim səfərdə olduğum vaxt Türkiyədə bəlkə də ən çox danışılan mövzu CHP lideri Dəniz Baykalın partiya sədrliyindən istefa verməsi idi. Mən də bu prosesi yaxından izləyən insanlardan biriyəm. O səbəbdən də Manisa şəhərində CHP üzvləri ilə qısa görüşlərim oldu. Onların fikir və düşüncələrini öyrəndim. Aclıq aksiyası keçirirdilər, bununla da başqanlarının istefa verməsinə etiraz edir və yenidən sədrliyə qayıtmasını tələb edirdilər. Onların kampaniyasına mən də qoşuldum.

Əslində Dəniz Baykal ətrafında baş verən hadisələrə bir qədər təəccüb elədim. Həm Türkiyə cəmiyyətinin reaksiyası, həm siyasi dairələrin, həm də elə Dəniz Baykalın qəti qərarı məni düşünməyə məcbur elədi. Nə olub axı?! Gəlin bir anlığa düşünək. Türkiyənin ana müxalifətinin lideri, ən böyük siyasi partiyasının başqanı bir qadınla yaşadığı intim həyatdan görüntülər geniş ictimaiyyətə açıqlanıb. Hələ bu görüntülərin həqiqət olduğunu söyləmək doğru olmazdı. Çünki, ötən gün London və Türkiyədə ofisi olan Beynəlxalq Kriminal Büronun direktoru Uğur Kurtulan kassetdəki şəxslərin Dəniz Baykal və millət vəkili Nesrin Baytok olmadığı qənaətində olduqlarını bildirib: “”Görüntülərin xüsusi kamera ilə lentə alındığını düşünürük. Baytokun Baykalla heç bir əlaqəsinin olmadığı, görüntülərin modifikasiya ilə dəyişdirildiyini düşünürük. Video montajdan istifadə edilərək hazırlanıb. Görüntülərdəki şəxslərin Baykal və Baytok olduğunu sübut etmək və iddia etmək mümkün deyil”.”

Əgər həqiqətən də bu video kasset qalmaqalı əvvəlcədən saxtalaşdırılmış bir təxribat aktıdırsa, onda danışmağa bir şey qalmır. Elə buradaca nöqtəni qoyub yazımı bitirə bilərəm. Lakin məni maraqlandıran həmin kassetin saxta və ya həqiqət olması deyil, həmin kassetə ictimaiyyətin, siyasətçilərin və cənab Dəniz Baykalın reaksiyası oldu.

Bütün Türkiyə bir-birinə qarışdı. Televiziyalarda, qəzetlərdə, internet saytlarda, forumlarda qızğın müzakirələr başladı. Bəziləri Dəniz Baykalı əxlaqsız adlandırdı, bəziləri 72 yaşında olan bir siyasətçinin hələ də cavanlıq temperamentinin saxlanılmasına təəccüb elədi, bəziləri də gah nala, gah da mıxa vuraraq hadisənin əsas mahiyyətindən yayınmağa cəhd etdilər. Tutalım ki, həqiqətən də Dəniz Baykal hər hansı qadınla intim həyat yaşayır. Burada təəccüblü nə var axı?! Qeyri-ənənəvi cinsi azlıqlara aiddiyyatı yoxdur ki, onu qınayaq. Adətən Azərbaycanda siyasətçiləri qeyri-ənənəvi cinsi azlıqların nümayəndəsi olması ilə qınayır və ona qarşı qara piar həyata keçirirlər. Azərbaycanda hətta elə çoxluq var ki, qadınlarla intim həyat yaşamağı özünə fəxr hesab edir və bunu öz dili ilə hər yerdə bəyan edir. Bunu hətta diribaşlıq və müdriklik kimi görənlər də var. Amma Türkiyə daha mühafizəkar bir ölkə olduğundan burada bu olaya fərqli münasibət sərgiləndi. Amma yenə də bunu siyasi mübarizə metoduna çevirməyin özü elə ən böyük əxlaqsızlıqdır.

AKP və cənab Ərdoğanın reaksiyası daha təəccüblü oldu

Bu olaylarla heç bir aidiyyatı olmadığını bildirən AKP sədri, Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğan peşəkar siyasətçiyə yaraşmayan bir münasibət sərgilədi. “Həyat yoldaşına xəyanət edənə biz hörmət etmərik” deyən cənab Ərdoğan sanki başqasının özəl həyatına kobud müdaxilə etmiş oldu. Əvvəla, Dəniz Baykalın hansı qadınla əlaqədə olub-olmaması onun özünün şəxsi işidir, bu məsələdə ona hörmət edib-etməmək qərarını da məhz onun həyat yoldaşı və övladları verməlidir. Türkiyə İslam dövləti deyil ki, bucür hallara görə kimisə asıb-kəssinlər. Dünyəvi, demoratik bir ölkə olan Türkiyə Cümhuriyyəti zatən Avropa ailəsinə üzv olmağa çalışdığı bir dövrdə Türkiyə baş nazirinin bucür gülünc açıqlaması yolverilməzdir. Cənab baş nazir çox yaxşı bilir ki, Avropa Birliyinə üzv olmaq üçün Türkiyə qarşısında 60-a yaxın şərt qoyulub. Bu şərtlər içərisində ictimai-siyasi məsələlərdən savayı, cinsi azlıqların hüquqlarının tanınması da var. Kişi və qadın arasında adi intim münasibətləri həzm edə bilməyən cənab Ərdoğan qeyri-ənənəvi cinsi azlıqlar arasındakı münasibətlərə necə reaksiya verəcək, əcaba?!

Təbii ki, bu məsələdə hazırkı Türkiyə iqtisarının maraqları olmamış deyil. Saxta və ya həqiqi… fərq etməz. Yenə AKP iqtidarı ən böyük rəqibini sıradan çıxarmaq niyyətindədir. Özü də Türkiyə Konstitusiyasına ən həlledici düzəlişlərin edildiyi bir dönəmdə. Hansı ki, o düzəlişlər Türkiyənin dövlət quruculuğunu, Atatürkün qurub miras qoyduğu Cümhuriyyəti tamamilə başqa bir formaya salacaq və beləliklə də AKP iqtidarının xeyrinə ola biləcək bir qanunun ortaya çıxaracağını təmin edəcək. Bu düzəlişlərə ən sərt reaksiya verən də məhz CHP və onun başqanı Dəniz Baykal olmuşdu. Əslində heç bir şey təsadüfi deyil. Türkiyə cəmiyyətinin inanc hissiyatından sırf siyasi məqsədlər üçün istifadə edən iqtidar bununla da CHP-ni gözdən salmağa çalışdı.

Türkiyə ictimaiyyəti də müəyyən mənada siyasi savadsıqlıqdan dolayı bu hadisələrə aldanmış oldu. Lakin xalqı da qınamaq düzgün olmazdı. Hər bir ölkədə xalq ona icazə verilən və mümkün bilinən qədər informasiya qəbul edə və analiz edə bilir. Əsas məsələ isə yenə Dəniz Baykalın özünün sərgilədiyi münasibət oldu. Çox məyus oldum onun davranışına. Çünki, həmişə Türkiyənin həlledici məqamlarında, Türk millətinin ən qaynar dönəmlərində xalqın içində olan və haqq üçün ən kəskin danışan cənab Baykal özü üçün həlledici bir məqamda susmağa qərar verdi və hətta bir az da geri çəkilərək istefa ərizəsi yazdı. Çox peşman oldum onun bu qərarına. Çünki, ən çox hörmət elədiyim dünya şöhrətli liderlərdən biri hesab edirdim onu. İndi də gözümdə elə olaraq qalır. Amma nədən, niyə axı? Niyə axı Dəniz Baykal istefa verməlidir?! Niyə pisliyin, xəyanətin, fitnə-fəsadın önünə keçmək əvəzinə, sona qədər mübarizə aparmaq əvəzinə, istefa yolunu tutdu Dəniz Baykal?! Bütün bu suallar məni hələ də narahat edir. Amma onun bucür iyrənc və cılız bir təxribatın qurbanı ola biləcəyinə inanmıram. İnanıram ki, Dəniz Baykal yenidən xalqa qayıdacaq, bu dəfə daha güclü, daha möhtəşəm, daha sərt və yeni baş nazir olaraq qayıdacaq Türk millətinin yanına…

PhD Əhməd Şahidov

Facebook Comments