LİVİYA – İŞĞAL, YOXSA QURTULUŞ?!

Rusiya bu konfliktdə yalnız sülhün tərəfdarıdır
Ərəb ölkələrindəki son hadisələr bütün dünyanın diqqət mərkəzində olan əsas mövzulardan biridir. Bir-birinin ardınca Tunisdə, Misirdə baş verən toqquşmalar özünün ən pik həddinə məhz Liviyada çatdı. Amma yenə də tələsik qərar çıxarmaq tezdir, çünki növbədə Yəmən və Suriya var. Və bu ölkələrdə gözlənilən hadisələrin daha gərgin və dünyanı silkələyəcək həddə çataçağını istisna etmək olmaz.
Durum isə aydındır. İnsanların demokratiya, söz azadlığı və digər hüquqlarının pozulmasından istifadə edən ABŞ və Avropa ən bəşəri hüquq olan təhlükəsiz cəmiyyətdə yaşamaq hüququndan tutmuş, digər ölkələrin daxili işlərinə qarışmağa qədər bütün fundamental hüquqları ayaqlar altına atmışdır.
Əslində müxtəlif cəbhələrə bölünmüş bugünkü dünyada ədalət axtarmaq düzgün olmazdı. Çünki, bütün güclər məhz öz maraqlarından çıxış edir. Lakin buna baxmayaraq, yenə də balanslaşdırılmış mövqe sərgiləmək hər bir dövlətin borcudur.

Rusiya Federasiyası lap əvvəldən Liviyada baş verənlərə müşahidəçi qismində yanaşmağa üstünlük verdi. Hətta Liviya torpaqlarına soxulmağı işğal kimi qiymətləndirən Rusiya rəsmiləri rəsmi Moskvanın yalnız atəşkəsə nail olmaqda və dinc əhali arasında itkilərin yol verilməməsi üçün yardım edə biləcəyini bəyan etmişlər. BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsində də aydın şəkildə bildirilir ki, Liviyada hər hansı işğal yolverilməzdir. ABŞ prezidenti Barak Obamanın təkzib etməsinə baxmayaraq, ABŞ xüsusi təyinatlılarının Liviya torpağında quru əməliyyatlarına başlaması artıq faktdır, həm də işğal faktı. Hətta “Foks Nyus” telekanalı bu barədə məlumat vermiş və bildirmişdir ki, artıq 2 həftədir, ABŞ dəniz piyadaları və MKİ əməkdaşları Liviyadakı əməliyyatlarda iştirak edirlər. Ümumiyyətlə, Liviyadakı hərbi əməliyyatların 90 gün ərzində sona çatması planlaşdırılır. Məhz növbəti üç ay ərzində Liviya xalqının tam zərərsizləşdirilib, ABŞ-ın təsiri altına salınması planlaşdırılır.

İşğal faktı isə sadə bir ssenari ilə həyata keçirilir: əvvəlcə ölkə daxilində etiraz dalğası gücləndirilir. Konkret qüvvələr vasitəsilə vətəndaşların küçələrə çıxması və dağıdıcılıq etməsi təşkil olunur. Xalq isə həmişə idarə olunan kütlə kimi qəbul olunub. Yəni ki, konkret şəxslərin irəli düşərək hansısa addımlar atması çoxsaylı xalqın da onların ardınca getməsi ilə nəticələnir. Xalq sanki barıt çəlləyidir, bir qığılcımla alovlana bilər. Məhz bu qığılcım toxumları ABŞ tərəfindən əvvəlcədən hazırlanmış Liviya vətəndaşları, daha dəqiq desək, ABŞ meylli müxalifət qüvvələri və ABŞ təhsili gənclər olub. Ölkədə ilkin idarə olunan dağıntılardan sonra xalq özü bu axına qoşulur və avtomobilləri, mağazaları yandırmağa başlayır və nəticədə Liviyada vətəndaş qarşıdurması yaranır. Liviya rəhbərliyinin, konkret olaraq, polkovnik Qəddafinin siyasətçi olmadığını və əsasən zor tətbiq edəcəyini bilən ABŞ analitikləri sonrakı hadisələrin ssenarisini də yaxşı bilirdilər. Ölkədə qan töküləcəyi qaçılmaz idi. Müsəlman dünyasında hakimiyyətin həmişə qan bahasına dəyişildiyini nəzərə alsaq, Qəddafinin öz hakimiyyətini qorumaq üçün silaha əl atacağı da gözlənilən idi. Odur ki, hər şey ABŞ-ın istədiyi kimi davam edirdi. Dinc əhali arasında itkilərin müəyyən həddə çatmasından sonra BMT vasitəsilə hərəkətə keçən ABŞ dünya ictimaiyyətinin Liviyaya qarşı ayağa qalxmasına nail oldu. Təbii ki, Qəddafi kimi cəlladı durdurmaq lazım idi. Lakin bu, sadəcə gözdən pərdə asmaq üçün gərəkən bir arqument idi. Əsas olan isə dünya ağalığına can atan ABŞ-ın milli maraqalrına müəyyən əngəllər törədən və gələcəkdə İrana hücum zamanı müsəlman ölkələrinin birliyini indidən dağıtmağa yönəlmiş bir planın tərkib hissəsi həyata keçirilirdi.

Bir çoxları Liviyanın işğal olunmasında Rusiyanın da müəyyən rolu olmasından danışırlar. Belə ki, 26 Fevral tarixində BMT-nin 1970 saylı Qətnaməsinin Rusiya Federasiyası tərəfindən də dəstəklənməsini Rusiyanın Liviyaya qarşı xəyanətkar siyasət tutduğunu deyənlər də tapıldı. Təbii ki, dünyanın güc mərkəzlərindən biri olan Rusiya Federasiyası Yer kürəsində baş verən hadisələrə görə müəyyən məsuliyyət daşıyan bir ölkədir. Və BMT Təhlükəsizlik Şurasının üzvü kimi Rusiyanın ən azından Veto hüququ var idi. Lakin Rusiya bu hüquqdan istifadə etmədi. Çünki, Qəddafi rejiminin durdurulması günün tələbi idi. Amma bu, daha sivil və qansız şəkildə baş verməli idi. Liviya xalqının qanını tökmək, göydən bombalar yağdırmaq bahasına yox.

Əslində Rusiyanın Liviya məsələsindəki mövqeyi rəsmi Moskvanın maraqlarına, ən azından gələcək maraqlarına zidd oldu. Liviyaya hərbi müdaxilə etməyə səs verən Rusiyanın sonradan aktiv hərbi əməliyyatlarda iştirak etməməsi gələcəkdə Liviya sərvətinin bölüşdürülməsində Rusiyanın kənarda saxlanılmasına gətirib çıxarda bilər. “Biz min bir əziyyət bahasına Liviyanı azad etdik!” deyəcək qüvvələr Liviyanın milyardlarla dollar həcmində olan sərvətini də məhz öz aralarında bölüşdürəcəklər. Mən deyərdim, rəsmi Moskva bu dəfə də ABŞ-ın oyununa gəldi. Bir zamanlar Səddam Hüseynin İraqda atom bombasına malik olduğu barədə “informasiyaya” malik olmasını BMT tribunalarından bəyan edən rəsmi Vaşinqton sonradan İraqı məhz “dünyanı qorumaq” bəhanəsi ilə işğal etdi və İraq xalqının bütün sərvətini, konkret olaraq neftini ələ keçirdi. Onda heç BMT-nin hansısa qətnaməsinə ehtiyac da yox idi. Buna baxmayaraq, ABŞ xalqı xeyli itki verdi. Amma Liviyada ABŞ daha ağıllı tərpənmək qərarı verdi. BMT vasitəsilə digər Avropa dövlətlərini Liviyaya qarşı qaldırıb özü kənarda qaldı və çox cüzi hərbi qüvvə cəlb edərək bugün Liviyanı çökdürməyi bacarır. Rusiya isə yenə də seyrici mövqeyini saxlamaqdadır.

Amma Liviyadakı hadisələrin gedişi rəsmi Moskvanın öz mövqeyində də müəyyən redaktələr etməsinə gətirib çıxardı. Çünki, ABŞ və Avropa Liviya timsalında sanki dünya ağalığını həyata keçirirlər. Liviyada yaşayış evləri, xəstəxanalar, məktəblər dağıdılıb. XXI əsrdə demorkatiyanın qarantı kimi təqdim edilən və heç bir halda zor tətbiq etməyin yolverilməz olduğunu bildirən ABŞ və Avropa isə bəşərriyətin gözü qarşısında soyqırım həyata keçirməkdədir. Bütün bunlara isə sadə ruslar kəskin etirazını bildirirlər. Hətta ötən gün – Martın 25-də Fransanın Moskvadakı səfirliyi qarşısında bir qrup ictimai fəal eitraz aksiyası da keçirdi. Onlar birmənalı şəkildə Liviyadakı işğalçı siyasətin durdurulmasını tələb etmiş və “Sosialist liviyasından əlinizi çəkin!”, “BMT bayrağı altında işğala son qoyulsun”, “Polkovnik, avrofaşistləri öldür!”, “Sarkozi, rədd ol!” kimi şüarlar səsləndirmişlər. Aksiyaçıların sözlərinə görə, ABŞ malik olduğu çox güclü təbliğat maşını vasitəsilə bütün dünyanı aldatmağı bacarır. Liviyada guya insanların səfalət içində yaşadıqları, ölkədə demokratiyanın və söz azadlığının pozulduğu barədə informasiyalar həqiqətə uyğun deyil. Liviyanın istehsal etdiyi neft hasilatı Rusiya ilə bərabərdir. Liviyada ümumi daxili məhsul adambaşına 14192 dollar təşkil edir,  dövlət ailənin hər biz üzvünə 1000 dollar dotasiya ödəyir, işsizliyə görə müavinət 730 dollar, tibb bacılarının aylıq maaşı isə 1000 dollar təşkil edir. Liviyada yeni doğulmuş hər körpəyə görə 7000 dollar ödənilir. Sadəcə bu rəqəmlər əsl milli liderin necə olmasının bariz göstəricisidir. Odur ki, Liviyadakı bugünkü hərbi əməliyyatlar heç də sadə liviyalıların qurtuluşu kimi deyil, ABŞ və Avropanın iqtisadi və geosiyasi maraqlarına qulluq edən bir işğal faktı kimi qiymətləndirilməlidir.

 

Fəlsəfə doktoru Əhməd Şahidov
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi

Facebook Comments