MÜBARİZ ƏSGƏR!

Mənə kimliyimi xatırladan Bayrağım, Himnim və Əsgərimdir!
Bu gün Azərbaycan nəinki regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələrindən sayılır.
Bunu təkcə paytaxt Bakıda və regionlarımızda aparılan quruculuq işləri, günü-gündən artan iqtisadi göstəricilərimiz və uğurlarımız deyil, eyni zamanda beynəlxalq təşkilatların – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər mötəbər qurumların dərc etdikləri illik hesabatlar da göstərir. Qonşularımızın bizə qarşı münasibətinin dəyişməsi də bu inkişafdan xəbər verir.
Bir zamanlar Azərbaycanla nota dilində danışan xarici dövlətlər artıq rəsmi Bakı ilə razılaşmaya bilmirlər. Bunun əsas səbəbi də heç şübhəsiz ki, günü-gündən artan iqtisadi qüdrətimiz və paralel olaraq yüksələn hərbi potensialımızdır. Çünki, artıq bizim güclü əsgərimiz var!
Azərbaycan əsgəri! Məhz onun gücünü görən dostlarımız sevinir, düşmənlərimiz isə qorxmağa başlayırlar. 10-15 il bundan əvvəl bizə hədə-qorxu gələn mənfur düşmənlərimiz indi hansısa danışıqlara ümid bağlayır, ümidləri puç çıxanda isə özlərinə kənardan himayədar axtarmağa çalışırlar. Çünki, qorxurlar! Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə, bizimlə vuruşmağa qorxurlar! Qorxmağa kifayət qədər əsasları da var. Çünki, Azərbaycanın hərbi potensialı indi regionda 1 nömrədir. Bunu təkcə biz yox, elə düşmənlərimiz də etiraf edirlər.
Əvvəlcə, Azərbaycan ordusunun qüdrətini nəzərdən keçirək. Azərbaycan Ordusunun təyinatı Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaqdır. Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrindən ibarət olan hərbi potensialımız Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Ordumuzun qüdrətli olması isə birbaşa iqtisadi potensialımızdan asılıdır. Belə ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon ABŞ dolları) olduğu halda, 2010-cu ildə 2,2 milyard manat (2,7 milyard ABŞ dolları) təşkil etmiş, 2011-ci il dövlət büdcəsində isə bu məbləğ bir qədər də artaraq 2,4 milyard manat (3,0 milyard ABŞ dolları) olmuşdur.
Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, bundan başqa Azərbaycan Silahlı Qüvvələrinin bir sıra xarici dövlətlərlə də əlaqələri var. Başqa ölkələrlə əlaqələr Azərbaycan ordusunun güclənməsinə daha da yardımçı olur. Azərbaycan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri tam şəkildə NATO standartlarına uyğunlaşdırılıb. NATO çərçivəsində Azərbaycanın hərbi qulluqçuları treninqlər keçir və xarici dil kurslarında iştirak edirlər. Sülh Naminə Tərəfdaşlığın ən işlək mexanizmi olan Fərdi tərəfdaşlıq Fəaliyyəti Proqramı geniş sahəli tədris və təlim işlərini əhatə edir. Hər il NATO və Azərbaycan arasında olan Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 1000-dən çox şəxsi heyəti müxtəlif hərbi sahələr üzrə tədris tədbirləri və təlimlərdə iştirak edirlər.
Azərbaycan Ordusunun tarixi də şərəflidir. Azərbaycan Demokratik Respublikasının milli ordusu 1918-ci ildə Azərbaycana qarşı Ermənistan və Rusiya tərəfindən hərbi təcavüz təhlükəsinin qarşısının alınması məqsədilə yaradılmışdır.
Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.
1918-ci ilin may ayının 28-də qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinetdə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-ə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç polkdan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç polk olan süvari diviziyası, hava dəstəsi, dəmir yol batalyonu təşkil edilməli idi.
Ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı da qərəzli münasibət mövcud idi. Azərbaycanlılar bəzi istisnaları nəzərə almasaq, əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağırılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı polku var idi.
I Qarabağ Müharibəsində müvəqqəti itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan ordusu bu gün düşmənlə üz-üzə dayanır və qarşı tərəfin bütün hücumlarını layiqincə dəf etməyi bacarır. Hər an Ali Baş Komandanın hücum əmrini yerinə yetirməyə hazır və qadir olan Azərbaycan əsgərinin döyüş hazırlığı, psixoloji durumu ilə yanaşı, maddi-texniki bazası da yüksək səviyyədədir. Son illər yaradılmış Hərbi Sənaye Nazirliyinin istehsal etdiyi ən müasir silahlar nəinki Azərbaycanda, hətta bir sıra xarici ölkələrdə də tətbiq edilməyə başlanıb. Azərbaycan artıq dünyaya ən müasir silah növləri ixrac etməyə başlayıb.
Azərbaycan əsgərinin döyüş ruhundan, psixoloji durumundan söhbət düşmüşkən ötən ilin bu günlərində qəhrəmancasına şəhid olmuş və qısa zaman ərzində Azərbaycan gəncliyinin qəhrəmanlıq simvoluna çevrilmiş Milli Qəhrəman Mübariz İbrahimovu xatırlamaya bilmirəm. Məhz onun nümayiş etdirdiyi şücaət bütün dünyaya Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Milli Qəhrəman Mübariz İbrahimovla vida mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi bir fikir yadıma düşür: “Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var” deyən Ali Baş Komandan Azərbaycanın ordusuna, silahlı qüvvələrinə, əsgərinə inanır, onun gücünü, şücaətini bilir.
Mən inanıram ki, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal altında qalmış torpaqlarımızı azad edəcək və həmin torpaqlarında tikinti-bərpa işlərinə başlanılacaq. Biz torpaqlarımızın işğalı zamanı aldığımız maddi ziyanları nə zamansa kompensasiya edə bilərik. Amma ermənilərin illər boyu xalqımıza vurduğu mənəvi yaraları unuda biləcəyimizi düşünmürəm. Unutmamalıyıq – düşmənimizi, onların əlaltılarını, onların iyrənc xislətini əsla unutmamalıyıq.

Fəlsəfə doktoru Əhməd Şahidov
20 İyun 2011-ci il, saat 18:00, Bakı, Azərbaycan

Facebook Comments