QƏRƏZLİ HESABAT…

ABŞ Dövlət Departamentinin növbəti hesabatında Azərbaycanda dini icmalarla bağlı vəziyyətin şərhi barədə ötən saylarımızda məlumat vermişdik. Bir daha yada salaq ki, hesabatda ölkəmizdə “dini icmaların qeydiyyatının çətinliyi” məsələsi xüsusilə qabardılır. Dövlət Departamentinin sənədinə görə, “bu problem bir sıra dini icmaları qeyri-leqal fəaliyyət göstərməyə məcbur edir” və s.
Ancaq ekspertlər bu qənaətdədirlər ki, ABŞ Dövlət Departamenti öz hesabatlarında Azərbaycanda dini vəziyyətlə obyektiv mövqe sərgiləmir.
Politoloq Sədrəddin Soltan bu qənaətdədir ki, Azərbaycanda dini azadlıqların məhdudlaşdırılması ilə bağlı ortaya qoyulan mövqe gerçəkliyi əks etdirmir. Ekspert düşünür ki, Dövlət Departamenti özünü “dinçi” adlandıranların gələcəyilə oynayır. İndiki halda onların xoşuna gəlməyə çalışır ki, gələcəkdə islamçı qüvvələrdən öz məqsədləri üçün faydalansın”.
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı deyir ki, Azərbaycanda dini azadlıqlara məhdudiyyət qoyulmayıb: “Ola bilsin ki, son hadisələrdən sonra ABŞ Dövlət Departamenti bu qənaətə gəlib. Ancaq soruşan lazımdır ki, ABŞ Dövlət Departamenti nə vaxtdan İslamın qayğısına qalan olub. Azərbaycanda islama deyil, islam adında xalqla hakimiyyət arasında nifaq salmaq istəyən, İranın və Ərəb ölkələrinin siyasi hakimiyyətinə qulluq edən dindarlara məhdudiyyət qoyulub. Ümumiyyətlə ABŞ-ın özünü Allahdan yuxarı görməsi, dediklərini Quran ayəsi kimi təqdim etməsi qəbul olunmazdır. “Dovşana qaç, tazıya tut”-deyən ABŞ Dövlət Departamentinin yayıdığı hesabatın əsas məqsədi odur ki, Azərbaycan hakimiyyətinə təzyiq etsinlər. Görünür, nəsə istəkləri var. ABŞ müsəlman ölkələrilə düşmən siyasəti aparır, dinc müsəlmanlarının qətl edilməsinə, insanların yurd-yuvalarından didərgin salınmasına görə məsuliyyət daşıyır. Məqsəd isə müsəlman dövlətlərinin sərvətlərini tar-mar etməkdir”.
Sabiq millət vəkili Nazim Məmmədov isə bir az fərqli düşünür. Onun fikrincə, Qafqaz Müsəlmanları İdarəsinin apardığı “monopolist” siyasətin nəticəsi olaraq adımız belə hesabatlarda mənfiyə hallanır. Onun fikrincə, adıçəkilən idarə bütün dini icmaları öz nəzarətində saxlamaq cəhdi göstərir.
Politoloq Əhməd Şahidov Dövlət Departamentinin bəyanatının həddindən artıq qərəzli olduğunu bildirir: “Birləşmiş Ştatlar rəsmiləri də, avropalı ekspertlər də hər zaman etiraf ediblər ki, Azərbaycan tolerant ölkədir və bu sahədə hətta bir sıra Avropa ölkələrinə örnək ola bilər. Azərbaycanda dini icmalar sərbəst şəkildə fəaliyyət göstərə bilirlər. Hətta dini icmaların fəaliyyətinin daha yaxşı tənzimlənməsi məqsədilə ayrıca bir dövlət qurumu da fəaliyyət göstərir. Bütün bunları nəzərə alaraq Dövlət Departamentinin hesabatının qərəzli olduğunu söyləmək mümkündür. Onu da deyim ki, bu cür hesabatlar daha çox QHT-lərin, siyasi partiyaların göndərdikləri məlumatlar əsasında hazırlanır. Buna görə də məlumatların bir çoxu qeyri-dəqiq olur. Şəxsən mən belə hesab edirəm ki, hesabatda yer alan məqamlar Azərbaycana təzyiq xarakteri daşıyır”.
Əhməd Şahidov başqa bir maraqlı məqama da diqqət çəkir: “İki gün öncə belə bir məlumat yayıldı ki, Fransada küçədə namaz qılmaq qadağan edilib. Bundan başqa Danimarkada, Hollandiyada müsəlmanların sıxışdırılması, islamın, peyğəmbərimizin təhqir olunması hallarına rast gəlinir. Nədən Dövlət Departamenti bu məsələlərə diqqət yetirməyə ehtiyac görmür?”

Səid
“Xalq Cəbhəsi” qəzeti, 17 Sentyabr 2011-ci il

Facebook Comments