MÜBARƏK OLSUN, QARDAŞIM!

«Bu dünyaya sahib olmaq üçün deyil, şahid omaq üçün» gələn şair…
Gənc şairlər arasında mənə yeni işıq üzü görən kitablarını bağışlayanlar çox olur, amma etiraf edim ki, çox vaxt onların əksəriyyətini oxumamış, bir kənara tullayıram. Lütfən bunu eqoistlik, ya da paxıllıq adına yozmayın. Sözün düzü, heç bir məna yükü daşımayan, insanın tükünü belə ürpətməyən bucür kitablara kağız tullantısı kimi baxıram və qətiyyən də belə cızma-qaralarla zövqümü korlamıram. Amma «Durma dostum, sən də yer ver aşka» kitabına münasibətim tam tərsinə oldu. Müəllifin – Əhməd Şahidovun kitabı mənə bağışlamasıyla onu elə həmin gün bir nəfəsə su kimi içməyim bir oldu. Kitabı ona görə sevdim ki, ordakı misralar məni həqiqətən «tutdu», təsirləndim. Və həm də yəqin ona görə ki, Əhməd «xoşbəxtliyə qafiyə axtaran» qafiyəbaz şairlərdən deyil, onun şeirlərinə bəzi həmkarları kimi ütülü, bərli-bəzəkli ibarələr yox, duyğu, emosiya, hisslər və ən başlıcası səmimiyyət hakimdir. Səmimi olan hər şey də gözəldir axı… Xüsusilə də indi, qeyri-səmimiyyət atmosferində boğulduğumuz bir ərəfədə. Gözəl olanı da dəyərləndirməyi bacarmaq lazımdır. Fikir vermişəm, tənqid söyləyəndə dil qəfəsə qoymuruq, amma xoş sözə gələndə nədənsə dilimiz qıfıllanır. Sanki bunu söyləsək, zərimiz tökülər. Amma mən bunun adına paxıllıq deyərdim. Başqasının uğuruna sevinmək, sevincinə şərik çıxmaq böyük ürək istər.Tanrı bunu da hər kəsə qismət eləmir. Amma mən elələrinə cavab olaraq, ilk kitabıyla oxucularının görüşünə gələn Əhmədin uğuruna ürəkdən sevinib, deyirəm; «Mübarək olsun, qardaşım!»
Şairlər Tanrının sevilən və seçilən bəndələrindəndir, bəlkə elə buna görə də «bu dunyaya sahib olmaq üçün deyil, şahid olmaq üçün gələn» Əhməd Şahidovun şeirlərini oxuyanda ayağın bu tozlu-çamurlu yer üzündən ayrılıb, masmavi göy üzünə – Tanrının ülvidən ülvi dərgahına doğru qanadlanırsan. O yerə ki, orada nə dost xəyanəti var, nə doğmaların itkisi, nə mal-mülk davası, nə acılar, nə pisliklər… Orada hər şey gözəldən gözəl, hər şey safdan saf, hər şey sevimli və əbədidir. Odur ki, haydı «Durma dostum, sən də yer ver aşka»…
Bax o zaman sən də «bu dünyaya sahib olmaq üçün deyil, şahid olmaq üçün gələnlərdən» olduğunu anlayacaqsan.
Və:
– Sahib olmaq üçün gəlmə həyata,
Şahid ol pisliyə və nadanlığa.
Şahid ol yaxşıya, mehribanlığa,
Qürurla hesab ver, ölüm gələndə
– deyən Əhmədin şeirlərini sevə-sevə oxuyub, ürəyini kin-küdurətlə deyil, sevgiylə dolduracaqsan. Bax onda yaşamaq da sənin üçün gözəl və rahat olacaq…

Cəvahir Səlimqızı

Facebook Comments