FARS REJİMİNİN SAYTLARI ÜSTÜMÜZƏ HÜCUMA KEÇİB

iran_saytNarkobaron Amuli haqqında yazdıqlarımız Tehrandan idarə olunan saytları qəzəbləndirib
“Əgər farspərəst saytlar belə obyektivdirlərsə, Güney Azərbaycan və Urmu gölü ilə bağlı məsələləri işıqlandırsınlar”
İranın fars-molla rejiminin zaman-zaman Azərbaycanı təhdid etməsi dəfələrlə aydın şəkildə görünüb. Bu yaxınlarda “Xalq Cəbhəsi” qəzetində Ərdəbil şəhərinin imami-cüməsi, əhali arasında narkobaron kimi tanınan höccətülislam Amilinin dövlətimizlə bağlı yaydığı hədyanlara cavab olaraq bildirmişdik ki, İrandan ölkəmizə narkotik vasitə daşınmasını heç kim dana bilməz. Eyni zamanda fars-molla rejiminin “şəkər ayətullah”, narkobaron Amuli kimi şəxslərdən istifadə etməsi, onların həyasız bəyanatlar verməsini xatırlatmışdıq.
Yazımız dərc olunduqdan dörhal sonra fars rejiminin qululuğunda duran bəzi manqurt internet saytları “seyid, peyğəmbər balası” şeyxülislam Amilini müdafiə edən yazılar yayaraq bildirdilər ki, guya biz fitnə ilə məşğuluq. Bir zamanlar (xüsusilə 1990-cı illərdə) gizli yollarla Azərbaycandan İrana aparılıb Qumda, Məşhəddə və s. yerlərdə “dini təlim” adı ilə terrorçu kimi yetişdirilən sayt rəhbərləri və yazarları əleyhimizə hər cür hədyan danışmaqla məşğuldurlar. Özlərinin fars rejiminin qulluğunda durmalarını, İran casusu olmaqlarını Azərbaycan Respublikasına qarşı həyasız qışqırıqları ilə ört-basdır etməyə çalışan saytların yazarları yazdığımız həqiqətlərdən yamanca qəzəbləniblər. Bir çoxları türk olsalar da İranın fars rejiminin iti qismində çıxış edən manqurtlar Azərbaycan dövlətinə qarşı hər cür təxribata əl atmağa çalışırlar. Narkobaron Amilini dəstəkləyən manqurt saytlar Güney Azərbaycanda 35 milyon türkün haqq və hüquqlarının pozulmasından yazmır, Urmu gölünün qurumasına göz yumurlar. İranın saxta dollarları din pərdəsi altında gizlənən siyasiləşmiş casusların gözünü o qədər örtüb ki, xəyanət quyusuna yuvarlandıqlarının fərqində deyillər.
Görəsən, farsyönümlü saytların belə canfəşanlıq göstərməsinin arxasında nə dayanır? Bu sualla ziyalılarımıza müraciət etdik.
VHP-nin siyasi şurasının üzvü Samir Əsədli düşünür ki, Azərbaycanda bəzi mətbuat orqanları İranın fars-molla rejiminin əleyhinə yazdıqları kimi, İranda da bəzi saytlar Azərbaycanın əleyhinə yazırlar: “Ziyalılarımız, siyasətçilərimiz Güney Azərbaycana dəstək verdikləri üçün fars-molla rejiminin nümayəndələri və bu rejimin əlaltıları qıcıqlanırlar, təlaşlanırlar və üstümüzə hücuma keçirlər”.
“Olaylar” qəzetinin redaktoru Elman Cəfərlinin fikrincə, fars rejimi Azərbaycan dövlətinin varlığından qorxur: “Azərbaycan Respublikasının mövcudluğu fars rejiminə təhlükədir. Tarixən belə olub: Dərbənddən Kəngər körfəzinə (ona Fars körfəzi də deyirlər) qədər türk dövləti mövcud olub. Bu gün Azərbaycan türkləri bir millət olaraq passionarlıq, yüksəliş mərhələsindədir. Yaxın onilliklərdə bu bölgədə türk iradəsi hakim olacaq. Güney Azərbaycanda türk dövlətinin qurulması labüddür, qarşısıalınmaz prosesdir. İrandan maliyyələşən saytların Azərbaycan dövlətçiliyini hədəfə almaqla Güney Azərbaycan dövləti ideyasının beşiyindəcə boğmağa cəhd göstərirlər. Panfarsistlər hər vəchlə Azərbaycan Respublikasını gözdən salmağa, İsraillə müttəfiq olduğunu qabartmağa çalışırlar. Bütün bunlar mənasız işlərdir. Azərbaycan Respublikasının varlığı Güney üçün böyük nümunədir, gec-tez Güney Azərbaycan türkləri öz dövlətlərini quracaqlar”.
Yazar-publisist Hafiz Mirzə düşünür ki, saytların yönümü yəqin ki, dərc olunan yazıların xarakterinə görə müəyyənləşməlidir: “Təəssüf ki, Azərbaycanda dini, xüsusən də şiə təmayüllü yazılar dərc edən bütün saytlara, qəzetlərə ucdantutma “İranpərəst” yarlığı vurulur. Amma tamamilə İran İslam Respublikasına xidmət göstərən “agentlər” də var ki, onları hamı tanıyır. Bəs nədən onlar zamanında susdurulmur?”.
Rusiya İdarəçilik Akademiyasının doktorantı, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidovun fikrincə, fars rejimi Azərbaycan Respublikasının dinamik inkişafından qorxuya düşüb, Cənubi Azərbaycandakı qardaşlarımızın harayına səs verəcəyindən qorxur: “Odur ki, fars rejimi düşünür ki, Azərbaycana əlavə problemlər yaratmaq, informasiya müharibəsi aparmaq lazımdır. Məsələn, “hicab məsələsini” gündəmə daşımaq, radikal müxalifətin qabartdığı məsələləri dəstəkləyərək ölkədəki antimilli qüvvələrə dəstək olmaq və s. Son həftələrdə İran meylli xəbər saytlarında radikal müxalifətin ciddi şəkildə dəstəkləndiyini görürük. Sizcə, bu, nə ilə bağlı ola bilər?! Əlbəttə ki, Azərbaycanın xoşbəxt gələcəyini istəməyən qüvvələr artıq eyni mövqe sərgiləyirlər. Amma fars rejimi suda boğulmaqda olan adamı xatırladır. Düşünürəm ki, bu tiranlığın sonu gələcək. Cənubdakı qardaşlarımızı azadlığa qovuşacaq. Azərbaycan bir olacaq!”
Müstəqil ekspert Elnur Eltürk təəssüflənir ki, Azərbaycanda belə saytlar var, İranın maraqlarını, panfarsizm ideologiyasını yaymaqla məşğuldurlar: “Belə saytların mövcudluğu yaxşı hal deyil, ölkəmizə təhlükə yaradır. Həzərə almaq lazımdır ki, İran Azərbaycanda dini dövlətin qurulmasını istəyir, ona görə də fars rejimi belə təxribatçı saytların yaranmasında maraqlıdır və onları gizli və ya açıq şəkildə dəstəkləyir. Ölkəmizdə informasiya bazası yaratmaq istəyir. Azərbaycandan İranla bağlı hansısa açıqlama veriləndən dərhal sonra, bu tipli saytları ölkəmizə qarşı hərəkətə keçirir. Azərbaycanda “dini tolerantlığın pozulması” və ya “dindarların” həbsindən yazırlar. Azərbaycan xarici siyasətilə tənqidi fikirlər formalaşdırmağa calışırlar. Azərbaycan gəncliyi bu məsələdə ehtiyatlı olmalıdır, çünki fars rejimi gəncliyimizin beynini radikal dini ideologiya ilə doldurulmasında maraqlıdır. Əgər bu saytlar belə obyektivdirlərsə, Güney Azərbaycan və Urmu gölü ilə bağlı məsələləri işıqlandırsınlar. Ancaq inanmıram ki, ağaları onlara belə icazə versinlər. Onlar təlimatla işləyirlər və işlərini İrandan gələn direktivlərlə qururlar. Bu bütün yazılarda açıq-aydın görünür. İran heç bir zaman Azərbaycanın azad və müstəqilliyini həzm bilmir. İran – Ermənistan əlaqələrinin inkişafının əsas səbəblərindən biri də, müstəqil və güclü Azərbaycan dövlətinin yaranmasının qarşısını almaq istəyidir. Bu bir reallıqdır. İran Qarabağ kartından istifadə edib, Azərbaycana təzyiq göstərmək istəyir. Fars rejiminin Qarabağ məsələsilə bağlı səmimi təşəbbüs göstərməsi mümkün deyil. Bu təşəbbüs yalnız Ermənistanın maraqlarına cavab verə bilər və İran yalnız İrəvanın ayaq üstə durmasında maraqlıdır. İran rəsmiləri, ideoloqları çox yaxşı bilirlər ki, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll olunsa, bu ölkəmizin regionda gücünün artmasında səbəb olacaq. İran buna getməz. Kimsə, Tehranın Qarabağ münaqişəsinin həllində səmimiliyinə inanırsa, həddən artıq yanılır, faciəvi səhvə yol verir”.

Oktay Hacımusalı
“Xalq Cəbhəsi” qəzeti

Facebook Comments