“MƏN FƏRQLİ SÖZ DEMƏK İSTƏYİRƏM” – Foto müsahibə

shahidovƏhməd Şahidov: “Ürəyimə azadlıq vermişəm”

Əhmədi qiyabi olaraq çoxdan tanıyıram. Salam-kəlamımız, bir-birimizə qarşılıqlı ehtiramımız olub həmişə. Qısa bir müddət eyni kollektivdə çalışmışıq. Keçən il təxminən bu aylarda mən həmin kollektivdən ayrılan ərəfədə Əhməd mənə öz şeirlərini oxumağa verdi. Bildirdi ki, kitabını çapa hazırlayır və mənim də şeirlərlə tanış olmağımı istəyir. Şeirləri oxudum və sözün açığı klassik üslubda qələmə alınmış, pafoslu və təntənəli şeirlər o qədər də xoşuma gəlmədi. Kitabına seçdiyi qəribə ad da xoşuma gəlmədi. Alim dostum kitaba maraqlı və qəribə ad seçmişdi: “Sən də yer ver aşka”. Mən sadəcə kitabın adının dəyişdirilməsi təklifini versəm də, Əhməd inadından dönmədi və kitab elə bu adla da çap olundu. Kitabın çapından sonra Əhməd ilk müsahibəsini mənə verdi və demək olar ki, tamam başqa işlərlə məşğul olmağa başladı.

Hərdən tədbirlərdə görüşüb söhbətləşirdik. Amma günlərin bir günü görüşüb uzun-uzadı söhbətləşdik. Əhməd yeni yazdığı şeirlərini oxudu və mən hiss elədim ki, onun yaradıcılığında ciddi keyfiyyət dəyişikliyi baş verib. Gələcək planlarından danışanda isə, başa düşdüm ki, Əhməd ədəbiyyata ciddi şəkildə yanaşır və bu mühitdə özünü təsdiqləməkdə israrlıdır. Qərar verdim ki, alim dostumdan bir müsahibə götürüm. Uzun müddət planlaşdırsaq da, Əhmədlə Milli “Sevgililər günü”ndə görüşdük. Olduqca hüznlü və kədərli görkəmindən başa düşdüm ki, şair yenə öz dünyasındadır. Onu bir az da olsa bu tərəflərə çəkib gətirmək üçün söhbətə tutdum. Beləliklə, həmsöhbətim gənc alim, siyasətçi və nəhayət mənim üçün sadəcə şair Əhməd Şahidovdur.

-Əhməd, mən bildiyimə görə roman yazmağa başlamısan. Necə gedir romanın yazılışı?

– Bəli, hal-hazırda yeni roman yazıram. Hardan başlayıb, harda bitirəcəyimi, süjet xəttini müəyyənləşdirmişəm. Nəyi necə yazacağımı bilirəm. Amma bu aralar özümü ədəbiyyatın qoynuna atmışam. Şeirlərim də, hal-hazırki ovqatımı əks etdirir. Mən ümumiyyətlə süni, qurama yaza bilmirəm. Yaşadıqlarım və əhvalım yazdığım əsərlərə birbaşa təsir edir. Özümü şeirə, sevgiyə, eşqə, küsüb-barışmağa həsr eləmişəm. Həyatım küsüb-barışmaq üzərində qurulub. Məsələn, bu gün sevgililər günüdür və mən bu gün də indiyəcən küsüb barışmışam. Görək axırı necə olur. (gülür)

– Məncə belə şeylər yaradıcılığa təsirsiz ötüşmür. Sən necə düşünürsən?

– Bu yaşantıların yaradıcılığa çox böyük təsiri danılmazdır. Xüsusən şeir yaradıcılığımda mən bu təsiri ciddi şəkildə hiss edirəm. Əvvəllər düşünüb, uydurub yazırdım. İndi düşünürəm ki, çərçivələrə sığışmağın vaxtı keçib. Təhsil illərində kifayət qədər çərçivələrlə yaşamışam. İndi isə bir az da olsa həyatı “boş verməyi” tətbiq edirəm. Nə qədər olar komplekslərlə, çərçivələrlə yaşamaq? Ona görə ürəyimə azadlıq vermişəm.

– Bəs romanın hansı mövzudadır?

– Romanda özümü, yaşadıqlarımın böyük hissəsini qələmə alıram. Yaşadıqlarımın təxminən yarısı bu əsərdə öz əksini tapacaq. Ancaq özümü və yaşadıqlarımı yazıram. Düzdür, məkanı, zamanı, personajları dəyişirəm. Amma belə deyim, iki gəncin sevgisindən bəhs edəb bir roman olacaq.

-Səncə yaşadıqların, duyğuların oxucular üçün maraqlı olacaqmı?

-Məncə burda əsas məqsəd Əhməd Şahidovun yaşadıqlarını qabartmaq deyil. Bu belə olsa heç roman demərəm yazdığım əsərə. Hər bir insanın həyatını ciddi bir əsərə çevirmək mümkündür. Məsələn, adi bir dilənçinin həyatını böyük bir romana çevirmək, maraqlı eləmək mümkündür. Sadəcə qəhrəmanın həyatına dərindən nüfuz etmək lazmdır. Adi bir insanın həyatından böyük bir əsər yazmaq olar. Mən düşünürəm ki, yaşanan duyğular çox ciddi məsələdir. İnsan hissləri çox maraqlıdır. Sevgi, ayrılıq, vüsal, həsrət, hicran, intihar… Bütün yaşantılar eynidir.

-Şair, son vaxtlar şeirlərində, söhbətlərində bir intihar havası var…

– Bilirsən, insan gərək həyatda əldə etdiklərini yavaş-yavaş, asta-asta əldə etsin. Mənim həyatımda hər şey çox sürətlə baş verib. Hər şey ardıcıllıqla baş verib. Litsey, universitet, magistratura, müdafiə, vaxtından əvvəl elmlər doktoru, daha sonra xaricdə oxumaq…El dilində desək, bir evlənmək qalmışdı, evləndirdilər. Amma mən düşünürəm ki, bütün bunlar ardıcıl yox, fasilələrlə olsaydı, daha maraqlı, daha şirin olardı. İndi hiss edirəm ki, daha çox sevgiyə ehtiyacım var. Bu gün sevgililər gündür, günə çox bərbad halda, kefsiz başladım. Çünki sevgilimlə küsülü idim. Günortaya doğru barışdıq, amma sonra yenə küsdü. Təbii ki, bu ovqatıma çox ciddi təsir edir. Amma yaradıcılığıma da yaxşı təsiri olur bu yaşadıqlarımın. Məni yüz nəfər anlayıb başa düşsə bəsimdir. Əminəm ki, mənimlə eyni hissləri paylaşan insanlar hökmən olacaq.

– Sən nədənsə birinci kitabının təbliğatı ilə ciddi şəkildə məşğul olmadın. O kitabı bəyənmədin?

-Həm işlərimin çoxluğuna görə, həm də kitabın ürəyimcə olmamasına görə “Sən də yer ver aşka” adlı kitabımın təbliği ilə məşğul olmadım. Eyni zamanda o kitabda toplanan şeirləri zəif hesab edirəm. Amma sən də bayaq qeyd elədin ki, yeni şeirlərimdə xeyli keyfiyyət dəyişikliyi var və bunu bir çox dostlarım mənə deyib. Əminəm ki, bu kitabda ürəyimcə olmayan şeirlər olmayacaq və oxucularım çox bəyənəcək. Dizayn və keyfiyyətə diqqət edəcəm. İstəyirəm bu kitab, səs-küy salsın.

– Həm də bu il sənin 30 yaşın tamam olcaq. Bildiyimə görə bu kitab 30 yaşda özünə hədiyyən olacaq. 3 il geriyə boylananda nələri görürsən, necə keçdi bu 30 illik ömür yolun?

– Uşaqlığım çox fəlakətli keçib desəm yalan olar, amma çox xoşbəxt də keçməyib. Atam hardasa 30 yaşına qədər içki içib və bu mənim həyatıma çox ciddi təsir edib. Eyni zamanda evin sonbeşiyi olduğum üçün guya əzizlənirdim, amma daha çox da məni incidirdilər. Bu mənim məktəb illərimə çox ciddi təsir edib. Mənim həmişə içkiyə və alkaqola nifrətim olub. Bu mənim dindar olmağımla bağlı deyil. Bütün dinlərə hörmətim olsa da dindar deyiləm, sadəcə içkiyə nifrətim olduğu üçün içmirəm.

– Yaradıcı adamın içməməyi çox qəribədir. Bəs gərginliyi, stressi necə atırsan?

– Qəribə olsa da, içmirəm. Mən yazılarımla stress atıram. Dəniz kənarında gəzirəm, barmaqla sayılacaq qədər az dostum var, onlarla zarafatlaşmaq, söhbətləşmək stressi azaldır. İnternet, şəxsi bloqumla məşğul olmaq da sakitləşdirir. Amma tam olaraq stress atmaq alınmır.

– Hər yaradıcı adamın özünəməxsus yaradıcılıq mətbəxi olur. Sən günün hansı saatlarında və necə yazırsan?

– Adətən gecə saatarında yazıram. Tam bir sistemim yoxdur. Gündüzlər də yazıram. Amma yaşadıqlarımı yazdığım üçün, daha çox gecələr və bilgisayarla yazıram. Yazılarımda ən böyük problemim birinci cümlə problemidir.

– Yazıda “ilişəndə” neynirsən?

– Mən yazı prosesində sevdiyim müğənniləri dinləməyi sevirəm. Yıldız Tilbe, İbrahim Tatlısəs, Sibel Can kimi müğənniləri, həzin musiqiləri dinləyirəm. Türk musiqiləri çox xoşuma gəlir. Azərbaycan musiqilərində istədiyim romantikanı tapa bilmirəm. Alim Qasımov dünyanın sevdiyi, qəbul etdiyi korifey sənətkardır. Amma mən onu başa düşə bilmirəm.

– Deməli, kədəri və kədərli musiqiləri sevirsən?

– Faciədən yaranan kədəri sevmirəm. Amma hüzn sakitlik gətirir. İndi səninlə üzbəüz oturmuşam və çox böyük kədər içindəyəm. Çünki sevgilimlə mübahisə eləmişəm və kədərliyəm. Bayaqdan SMS-lər yazır və məni qarğıyır. Elə qarğışlar qarğayır ki, indiyə qədər bunu heç kəs mənə etməyib. Amma sevgilimin qarğışı da mənə xoşdur. Belə şeylərdən narahatçılığım yoxdur. Sevgilimdən gələn hər şey gözəldir.

– Məncə sən çox da pessimist adam deyilsən axı…

– Hərdən olur ki, çox pessimist oluram. Evdən çıxmaq istəmirəm və özümə qapılıram. Amma özümü hər zaman pessimist hesab etmirəm.

– Bayaq dedin ki, dostların azdır. Çox az adamla münasibət saxlayırsan. Nə üçün insanlarla ünsiyyətdən qaçırsan?

– Bunun bir neçə səbəbi var. Əsas səbəblərdən biri siyasi baxışlarımdır. Hamıyla yoldaşlıq və dostluq etmək o qədər də asan deyil. İşimə görə də, ünsiyyətdən qaçıram. Bir az da, şeirlərimi çox sevdiyim üçün tənqiddən qorxuram. Çünki şeirlərim mənim üçün çox doğmadır. Ən pis şeirimi də çox sevirəm. Ona görə də çevrəmi məhdud saxlayıram.

– Tənqiddən nə üçün qorxursan ki? Axı tənqid inkişafa xidmət edir.

– Tənqiddən qorxmuram. Amma gəl etiraf edək ki, bizdə tənqiddən daha çox təhqir edirlər. Şairə “sən zəif yazırsan, qələmi tulla, get küçə süpür demək olmaz.” Bu artıq təhqirdir. Mən bu cür şeylərə qarşıyam. Amma normal tənqidi qəbul edirəm və bəyənirəm. Hərdən dostlarım da tənqid edəndə, zəif şeirlərimi göstərəndə etiraf edib razılaşıram.

– Mütaliə ilə aran necədir?

– Bu çox yaralı yerimdir. Demək olar ki, heç kəsin kitabını oxumamışam. Ancaq internetdə qarşıma çıxan yazıları oxuyuram. Əgər internetdə Ramiz Rövşənin şeiri qarşıma çıxırsa onu oxuyuram və düşünürəm ki, Ramiz Rövşənin böyük şair olduğunu dərk eləmək üçün bütün kitabını oxumağa ehtiyac yoxdur.

– Amma etiraf edək ki, yazı adamı üçün bu, vacibdir…

– Təəssüf ki, mən qiyabi tanıdığım, adını eşitdiyim gənc yazarların nə yazdığından xəbərsizəm. Ən çox sevdiyim insanlardan biri Kamal Abdulladır, amma onun da heç bir əsərini oxumamışam. Halbuki bəzi kitablarını mən dizayn eləmişəm. Sadəcə elmi kitablarını oxumuşam. Mən fərqli söz demək istəyirəm. Heç kəsi təqlid eləmək istəmirəm. Ona görə də heç kəsi oxumuram. Şeirdə heç bir texnika gözləmirəm. Sevgidə nə texnika ola bilər ki? Şeir mənim üçün sevgidir.

Cəlil Cavanşir, 06 İyul 2012-ci il, “Ədalət” qəzeti

Facebook Comments