BİR DAHA ONUN HAQQINDA…

ziko_ile“Onun keçmişini dinlədim, bugününü gördüm. Göz yaşlarımı saxlaya bilmədim…”
Yenə onun haqqında danışacam. Onunla tanış olduğum üçün çox xoşbəxtəm. Ona görə yox ki, o məşhur ekstrasensdir, onu hamı tanıyır. Yox, əsla! Çünki, həyatımda ilk dəfə olsun, məni başa düşən, mənim kimi fikirləşən, mənim kimi yaşayan bir insana rast gəlmişdim. Hər dəfə onunla görüşəndə özümü daha yaxından tanıyıram.

4-5 gün bundan əvvəl yenə onunla görüşdüm.Yenə iki yaxın dost kimi oturub söhbətləşdik. Bu dəfə vaxtımız lap çox idi. Oturub saatlarla söhbət etdik. Zirəddin uşaqlığını mənə danışdı. Sanki mənim uşaqlığımı danışırdı. Əvvəlcə, onun mənə təsir etdiyini düşünürdüm. Çünki, hər dəfə öz keçmişindən bir xatirə danışanda sanki mənim həyatımı danışırdı. Təəccüb elədim. İlahi, iki insanın həyatı bu qədər də bənzəyərmi?! Lakin onun özünə heç nə demədim. O danışdıqca, mən hisslərimə hakim ola bilmirdim. Həyatda heç vaxt kiminsə danışığından kövrəlməmişdim, ümumiyyətlə, kiminsə yanında ağladığım hələ yadıma gəlmir. Lakin bu dəfə içimdəki əzmkar, soyuqqanlı, iradəli Əhməd məni tərk etmişdi. Əvəzində öz uşaqlıq xatirələri ilə üz-üzə qalan kövrək bir uşaq var idi.

Zireddin_Rzayev-1

… Özümü çox sıxıb saxladım. Amma mümkün olmadı, nəhayət partladım. Dəsmalı götürüb üzümə tutdum ki, göz yaşlarımı ətrafdakı insanlar görməsin. İlahi, bu qədər əzab-əziyyət görmüş insanmı olar?! Zirəddin danışır, mən qulaq asırdım. Uşaqlıqda necə böyüdüyünü, necə haqsızlıqlarla üzləşdiyini, günlərlə ac qaldığını mənə danışırdı. Eyni insan, eyni həyat yolu, eyni bugün…

…Bugünü də heç ürəkaçan deyildi. Məşhurlaşdıqca, ona ləkə atan, şər yaxan insanların sayı və gücü də artırdı. İndi artıq ona professorlar çamur atırlar. O professorlar ki, onların müalicə edə bilmədiyi insanlar Moskvanın klinikalarına üz tuturlar. Zirəddin artıq Rusiyanın ən məşhur tibbi klinikalarında psixoterapevt kimi fəaliyyət göstərir. Ən məşhur tibb alimləri ilə çiyin-çiyinə çalışır. Rusiyada onu təkcə ekstrasens kimi deyil, eyni zamanda peşəkar həkim kimi qəbul edirlər. Alman rejissorları onun haqqında film lentə alıblar.

Bütün bunlar həm azərbaycanlı kimi, həm də bir dost kimi məni ürəkdən sevindirir. Amma onunla 2 gün səhərdən axşama kimi birlikdə oldum. Səhər yeməyini birlikdə yeyirdik, şəhərdə birlikdə gəzirdik, pasientləri qəbul edərkən mən də onun yanında olurdum. Ona edilən yüzlərlə telefon zənglərinə cavab verərkən onun nə qədər əziyyət çəkdiyini, amma yenə də gülərüzlüyünü, mehribanlığını itirməməsinin şahidi olurdum.

Zireddin_Rzayev-2

Ekstasenslikdən başqa, onu bir insan kimi kəşf etdim. İmkansız, yoxsul insanları təmənnasız olaraq, qəbul etdiyini, hətta onlara pul yardımı etdiyini gördüm. Ümumiyyətlə, özüm barədə ondan heç nə soruşmamağa çalışırdım. Lakin içimi yeyib dağıdan bir sual məni rahat buraxmırdı. Fikirləşirdim ki, nə olursa olsun, bu sualı Zirəddinə verməliyəm. Vətənini dəlicəsinə sevən bir insan üçün ən birinci sual şübhəsiz ki, Qarabağ problemi idi.

… Sualımı verdim. Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlarımızın nə vaxt geri qayıdacağını soruşdum. Amma içimdə sonsuz bir qorxu hissi var idi. Qorxurdum ki, onun cavabı məni məyus edər. Bir az duruxsundu. Dərindən bir ah çəkdi. Dedi, Şuşada dalğalanan üçrəngli Azərbaycan bayrağı görürəm, amma üstündə qan var bu bayrağın. Bayrağın ətrafında çoxlu cəsədlər görürəm. Amma Qarabağ bizimdir. “Görürəm, bunu 100% görürəm” dedi və doluxsundu. Sevincimin həddi-hüdudu yox idi. Hər dəfə Azərbaycan haqqında, Qarabağ haqqında danışanda gözlərində bir həsrət, bir alov görürdüm onun.
Amma onun yerində olmağı heç vaxt arzulamazdım bəlkə də. Bu qədər gərginliyi, yüklənməni daşımaq çox çətindir bir insan üçün. Hələ mən onun görünən gərginliyini deyirəm. Hamı onu axtarır, zənglər edirlər. Birisi kömək istəyir, birisi məsləhət istəyir, bir başqası konkret pul istəyir. Hamısı da istədiyinə çatır.

…Tez-tez də “mən çox az yaşayacağam, ömrümə 4-5 il qalıb” deyir. Heç xoşum gəlmir belə deyəndə. Çünki, onun o qədər arzuları var ki, bu arzuların hamısını hansısa 5 ilə sığışdırmaq çox çətindir. O arzuların əksəriyyəti də məhz Azərbaycanımız ilə bağlıdır. Məncə Zirəddin kimi insanlar tək-tük yetişir. Azərbaycan onu qorumalı, sevməlidir.

Zireddin_Rzayev

Bir neçə ay bundan qabaq “Azadlıq” qəzetində “Zirəddini qoruyaq” başlıqlı yazım çıxmışdı. O yazımdan sonra bəziləri məni qınadılar. Hətta ən yaxın dostlarım belə, Zirəddinə inanmadıqlarını dilə gətirdilər. Amma olsun! Mən gənc olmağıma baxmayaraq, Azərbaycanda istənilən professorun qarşısına çıxıb sübut edərəm ki, Zirəddin Rzayev haqqı deyir, olacaqdan xəbər verir. Buna nə ad verirsiniz verin! Bu, belədir! Sadə insanları nəzəriyyə deyil, faktlar maraqlandırır, səbəb deyil, nəticə maraqlandırır. Zirəddin peyğəmbər deyil, imam deyil. Sadəcə insanlara kömək edən bir Allah bəndəsidir! Dostumdur deyə tərifləmirəm onu. Sadəcə gözəl insan olduğuna görə, ən gözəl sözlərə layiq olduğuna görə, dostluq edirəm onunla…

Əhməd Şahidov

Facebook Comments