Əhməd Şahidovun Pamukkale Universitetindəki çıxışı qızğın müzakirələrə səbəb oldu – FOTOLAR

pamukkaleƏhməd Şahidovun Pamukkale Universitetində çıxışı zamanı “Dünya dilinə iddia etməkdənsə, ortaq Türk dilini müəyyən edək” təklifi ciddi müzakirələrə səbəb oldu

Xəbər verildiyi kimi, Dekabrın 19-da Türkiyənin Pamukkale vilayətinin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində “V Beynəlxalq Dünya Dili Türkcə” simpoziumu öz işinə başladı. Pamukkale Universitetinin yaradılmasının iyirminci ildönümü münasibətilə keçirilən bu beynəlxalq toplantıda dünyanın 20 ölkəsindən 235 filoloq alim və araşdırmaçı iştirak edirdi. Türk Dil Kurumu, Yunus Əmrə İnstitutu, Dənizli Valiliyi və Pamukkale Universiteti tərəfindən təşkil olunan bu mötəbər simpoziumda Azərbaycandan da bir sıra alimlər, o cümlədən akademik Tofiq Hacıyev, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov, fəlsəfə doktoru Arzu Məmmədova, fəlsəfə doktoru Əkrəm Hüseynzadə, fəlsəfə doktoru Ziyafət Qasımova, fəlsəfə doktoru Yeganə Gözəlova, Aynura Mahmudova, fəlsəfə doktoru Təranə Həşimova və digərləri iştirak edirdi.

Simpoziumun rəsmi açılış hissəsindən sonra ayrı-ayrı oturumlarda alimlərin Türk dili üzrə məruzələri dinlənildi. Günün ikinci yarısında “Azeri türkçesi ve ortak Türk dili” mövzusunda məruzə ilə çıxış edən azərbaycanlı alim və yazar, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidovun səsləndirdiyi fikir və təkliflər onu dinləyənlərin, habelə simpozium başkanlarının diqqətini cəlb etdi. Simpoziumun əsas məqsədinə diqqət çəkən Əhməd Şahidov Türk dilinin dünya dili elan olunmasının hələ tez olduğunu və bunun üçün zəmin yetişmədiyini diqqətə çatdırdı. Ə.Şahidovun bu sözləri bəzi alimlərin etirazı ilə qarşılandı. Yerdən səslənən replikalara cavab verən azərbaycanlı alim və yazar fikrini bucür əsaslandırdı: “Məndən öncə çıxış edənlərin məruzələrinə diqqətlə qulaq asdım, çox gözəl fikirlərdir. Bir Türk olaraq sevinirəm ki, dilimizin dünya dili olması arzusu və niyyəti var. Amma gəlin görək, dilimiz buna hazırdırmı? Biz türklər buna hazırıqmı? Bugün dünyada hegemon dillər mövcuddur ki, həmin dillərdə 100 milyonlarla, hətta milyardlarla insan danışır. Bunlar ingilis, rus, çin, ərəb dilləridir. Bugün dünyada 250 milyon türk mənşəli insan var. Türk dili qədim, zəngin və füsunkar bir dildir. Bu dilin bütün dünyada vahid ünsiyyət dili kimi qəbul edilməsi biz türklərin böyük qələbəsi olar. Amma reallıqlar bunun əksini deyir. Dünyadakı 250 milyonluq türkün hamısı bir-biri ilə vahid dildə danışa bilirmi? Əlbəttə ki, xeyr. Türkiyə, Azərbaycan, Şimali Kipr, Cənubi Azərbaycan, Xakasiya və Türkmənistandakı türklər bir-birini başa düşə bilsələr də, əlifbaları ayrıdır. Digər türk toplumları və xalqları isə ümumiyyətlə bir-birini anlaya bilmir. Bura Sibir türkləri, Tatarstan, Başqırdıstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Krım tatarları, Çin uyğurları və bu kimi onlarla türk toplumları daxildir. Necə ola bilər ki, hələ öz aralarında vahid dil təyin edə bilməyən 250 milyonluq bir millət 7 milyardlıq Yer kürəsində vahid dil olmağa iddialıdır? Bütün dünyada danışılan ingilis, ərəb və rus dillərinin mənsub olduğu millətlərin bütün nümayəndələri öz dilində danışır, hələ üstəlik digər xalqları da öz dillərində danışmağa məcbur edirlər. Biz türklər isə hamılıqla eyni dildə danışa bilmirik.”

Azərbaycanlı alimin bu sözləri əvvəlcə auditoriya tərəfindən etirazla qarşılansa da, sonradan onun fikirlərinin doğru olduğu bildirildi və növbəti sual elə Əhməd Şahidovun özünə ünvanlandı: “Bəs nə etməli?”

Ardıcıl sualları bir-bir cavablandıran Əhməd Şahidov Türk dilinin dünya dili elan olunmasının tələsik bir qərar olduğunu, buna qədər keçilməli olan mərhələlərin mövcudluğunu qeyd etdi: “Türk dilinin bir dünya dili olmasına hələ çox var. Buna qədər olan prosesləri həll etmədən bu iddiaya düşmək indidən məğlubiyyətlə barışmaq anlamına gəlir. Biz ilk öncə öz aramızda, yəni 250 milyonluq insanımızın eyni dildə danışa bilməsi istiqamətində fəaliyyət göstərməliyik və ortaq Türk dilini təyin etməliyik. Bugün bəzi alimlər təklif edirlər ki, dünyadakı bütün türk xalqlarının dillərindən müəyyən sözləri və ifadələri bir yerə toplayıb ortaq Türk dili yaradaq. Məncə, bu, çıxış yolu deyil.Mən təklif edirəm ki, Türkiyə türkcəsi ortaq Türk dili elan olunsun və digər Türk xalqları və toplumları da məhz bu dil ətrafında təmərküzləşsin. Əvvəla, ona görə ki, Türkiyə əhali sayına, siyasi-iqtisadi gücünə və dünyadakı mövqeyinə görə daha güclüdür. “Azlıq çoxluğa tabedir” prinsipi ilə digər xalqlar da Türkiyə türkcəsinə uyğunlaşdırılmalıdır. Bu prosesdə Azərbaycan, Türkmənistan, Şimali Kipr, Xakasiya artıq hazırdırlar. Çünki, bu ölkələrdə danışılan Türk dili çox oxşardır və sıravi vətəndaşlar bir-birini asanlıqla başa düşürlər. Digər Türk xalqlarını Türkiyə türkcəsi ətrafında toplamaq lazımdır, bunun üçün ilk növbədə vahid əlifba sistemi yaradılmalı və bütün fəaliyyət də bu istiqamətdə davam etdirilməlidir.”

Türk Birliyinin təməlində ortaq Türk dilinin durduğunu bildirən Əhməd Şahidov çıxışının sonunu duyğusal notlarla bitirmiş və sonda “Ana dilim” şeirindən bir kublet səsləndirmişdir:

Azərbaycan mənim elim,
Azərbaycan mənim dilim,
Doğransam da dilim-dilim,
Ana dilim ölən deyil,
Başqa dilə dönən deyil.

Çıxışının sonunda Əhməd Şahidova və digər məruzəçilərə Təşkilat Komitəsi adından fəxri diplomlar təqdim edildi. Qeyd edək ki, “V Beynəlxalq Dünya Dili Türkcə” simpoziumu öz işini 22 Dekabr tarixinə qədər davam etdirəcək.

 

Facebook Comments