Biz sözdən pul qazana bilirikmi?

kitablarSalam Sarvanla telefon söhbətindən çıxardığım nəticə: O əjdahalardan bizdə niyə yoxdur?!
Ötən gün mətbuatda gedən bir xəbər çox diqqətimi çəkdi. “Türkiyənin ən çox qazanan yazıçıları kimlərdir?” başlıqlı bu məqalədə “Forbes Türkiye” jurnalının apardığı araşdırmaların nəticələri dərc olunmuşdu.
Həmin araşdırmaların nəticəsi olaraq, Türkiyədə 2011-ci ildə 20 ən çox qazanan yazarın adları açıqlanıb. Bu yazarların ümumi qonorarı 11 milyon lirədir. Kitabların satışından əldə olunan ümumi gəlir isə 68,7 milyon lirədir.

Açıqlanan adlar arasında Özər Turan, Elif Şafak, İsgəndər Pala və digər tanınmış şəxslər var. İlk baxışdan qazanılan pullar diqqətimi çəksə də, sonradan oturub fikirləşəndə çox pis oldum. Bir Azərbaycan kinosunda deyildiyi kimi “O əjdahadan bizdə niyə yoxdur?!” ifadəsi düşdü yadıma. Həqiqətən də niyə axı bizdə sözdən, əsərdən, roman və ya şeirlərdən külli miqdarda para qazanmaq mümkün olmur?!

Toyunda da, yasında da şeirlər deyilən yeganə xalq

Səbəblərini dəqiq bilməsəm də, müqayisə aparıb nələrisə ortaya çıxarmaq qərarına gəldim. Türkiyə qardaş bir ölkədir – dini bir, dili bir, kültürü bir olan qardaş ölkə. Yazıçılara, şairlərə yaşıl işıq var bu ölkədə, mətbəə, nəşriyyat işi də dünya standartları səviyyəsindədir. Bizim ölkəmizdə də yazıçılara, şairlərə güldən ağır söz deyən yoxdur. Hətta Mirzə Sakit kimi şairlər bu demokratik ab-havadan ilhamlanıb ağına-bozuna baxmayaraq, söz sənətində sözün əsl mənasında “ağını çıxarda bilib”. Məsələnin digər tərəfləri də – mətbəə, nəşriyyat kimi cari məsələlər də problemsiz həll olunan bir işdir. Bəs onda niyə bizim ölkədə hansısa yazar, şair və ya publisist kitab yazanda, ya o kitabı dərc etdirməyə pulu çatmır və ya sponsor tapa bilmir, ya da onun kitabı maksimum 500-1000 tirajla dərc olunur?!

Budurmu bizim xalqın sözə, sənətə, ədəbiyyata verdiyi qiymət?! Amma danışanda Nizamidən, Nəsimidən, Molla Pənah Vaqifdən sitatlar gətiririk, toy və düyünlərimizdə, hətta ayıb da olsa, yaslarımızda klassiklərin şeirlərindən sitatlar gətirilir. Yəni, şeir-sənət bizim qanımızdadır, ruhumuzdadır. Bəs nədir problem?!

Əhməd, ayıbdır!

Çox düşündüm bu haqda. Hətta özümün keçən il bir şeirlər kitabım çıxmışdı. “Sən də yer ver aşka” adını qoymuşdum bu kitaba. Açığını desəm, əksər dost-tanışlarım gülərək, hətta lağlağı edərək qarşıladılar şeirlər yazmağı. Ən yaxın dostlarım isə məni kənara çəkərək “Əhməd, vallah ayıbdır, sənə yaraşmaz kitab yazmaq” kimi “dost məsləhəti” də verirdilər. Yenə də çox sağ olsunlar! Pis yoldan çəkindirirdilər deyə düşündüm.

O qədər utandım ki o kitaba görə, ailə üzvlərimin israrlarına baxmayaraq, o kitabın təqdimatını keçirməkdən də imtina etdim. Düşündüm ki, doğrudan da ayıbdır. Ondansa, işimi-gücümü atım, gedim mən də Gürcüstandan maşın gətirim, üstünə 2-3 min manat qoyub, gətirib Bakıda onu satım, yəni ki, kişi işi ilə məşğul olum! Çox utanırdım o kitabımı kiməsə hədiyyə etməyə. Amma sağ olsun, əsl ziyalılar! Fikrimdən döndərə bildilər məni.

Yenə başladım şeir yazmağa, artıq bu yaxınlarda ikinci şeirlər kitabım da işıq üzü görəcək. Adını da “Sevdiyim qadın” qoymuşam. İnsan övladının bəşəriyyətə gəldiyinə görə borclu olduğu sevgidən, məhəbbətdən yazmışam.

Salama bir salam verib, söhbətə tutdum

Amma kitabdan pul-para qazanmıram. Niyəsini də bilmirəm?! Bəlkə mənim kitablarımı alan yoxdur, heç kimi maraqlandırmıram?! Ola bilər. Onda axtarım görüm, Azərbaycan ədəbiyyatında dəbdə olan, yeni söz deyə bilən müasirlərimizdən kimin kitablarını bəh-bəhnən alırlar? İlk ağlıma gələn şair Salam Sarvan oldu. Ən azından “Mən gələ bilmədim, yolu qarşıla” deyərək müasir ədəbiyyatda özünəməxsus ağır çəkisi olan, Prezident təqaüdçüsü alan bir yazardır. Tənbəllik eləməyib zəng elədim Salama.

Salam Sarvanla maraqlı bir üsniyyətim oldu. İlk öncə soruşdum ki, Salam bəy, neçə kitabın var, qardaş? Dedi ki, indiyə kimi dörd dənə şeirlər kitabı çıxıb. Ən böyük tirajla çıxan kitab 1000 (min) ədəd olub. Elə buradaca Salam Sarvanın sözünü kəsib, təəccüblə soruşdum: – Salam, doğrudan deyirsən, sənin ən yüksək tirajlı kitabın 1000 ədəddir?! – Bəli, dedi.

Sonra Salam Sarvan əlavə elədi ki, bütün kitablarını öz cibindən dərc etdirib. Əldə etdiyi qazanc isə qəpik-quruş olub, hətta kitabın mətbəə xərclərini ödəməyib. Səbəblərini soruşdum Salamdan. Bir qədər tərəddüd elədi və bildirdi ki, cəmiyyətimizdə oxucu azdır. Əks arqument qoydum qarşısına. Dedim, axı Salam, xalqımız həmişə sözə, sənətə bağlı olub, toylarımızda, hətta yaslarımızda şeir janrına mütəmadi müraciət olunur, başqa xalqlarla mübahisəmiz düşəndə Nizamini, Nəsimini, Vaqifi qabağa verib öyünürük ki, bizim xalqımız şair ruhlu xalqdır. Niyə bəs belə?!

Salam Sarvan: Cəmiyyətdə romantika azdır. Başa düşürsən?! Romantika!

Salam Sarvan mənimlə razılaşdı və arqumentlərini bir qədər başqa istiqamətə yönəltdi. Bildirdi ki, cəmiyyətimizdə romantika azdır. Kitab oxumaq, şeir oxumaq üçün gərək insanın içində bir romantika olsun. Bizdə isə yoxdur. Dedim bəs, Sovet dövründə romantik idik, indi nə oldu?! İndi daha sevmirik bir-birimizi?! Dedi, düzdür.

Salamın sözlərinə görə, hər şey Sovet İmperiyasının dağılması ilə başlayıb. İnsanlarımız hələ də keçid dövründədir. Cəmiyyətimizdə dəyərlər sistemi hələ tam formalaşmayıb, keçid dövrü yaşayır ruhumuz. Digər səbəb isə internetdir. İnternetdə şeirlər, kitablar geniş yayıldığından heç kim kitaba maraq göstərmir. Salam Sarvan bunu demişdi ki, onunla razılaşmadım. Dedim, axı Türkiyədə internet bizdən də irəli gedib, daha sürətli, daha keyfiyyətli və geniş yayılmış internet xidmətləri mövcuddur. Amma Türkiyədə Elif Şafak kimi bir müəllif öz kitabını milyon tirajla çıxardır. Salam dedi ki, Əhməd, Türkiyə əhalisini də nəzərə al – 70 milyonluq əhalisi olan Türkiyədə bir milyon kitab çıxarmaq normaldır.

Türkiyədə yaşasaydı, indi Salam Sarvanın kitabı 100 000 tirajla çıxmalıydı

Dərhal hesablamağa başladım: əgər bir milyon 70 milyonun 1\70 hissəsidirsə, onda tərs mütənasib olaraq, 9 milyonun 1\70 hissəsi də 130 000 min edir. Deməli, bu gün Salam Sarvan kimi bir yazarın kitabı ən azından 100 000 tirajla çıxmalıdır. Amma reallıq başqa şeyi göstərir. Salam Sarvan kimi yazarın ən məşhur kitabı min ədəddir, yəni ki, 9 milyonun 1\9000 hissəsi. Biz Türkiyə cəmiyyətindən görün nə qədər intellektual geriləmişik?!

Salam Sarvan bir qədər düşündü və yenə bu geriləmənin səbəblərini sadalamağa başladı və dönüb-dönüb yenə qayıtdı romantikanın üstünə: “Yox ee, bilirsən, Əhməd?! Bizim cəmiyyətimiz romantik deyil. Bizdə insanlar hələ tam ruhən formalaşmayıb. Odur ki, kitab oxumuruq. Başqa şeylərə maraq göstəririk.”

Salamla söhbətimdən çox məyus oldum. Fikirləşdim ki, bu cür vəziyyət heç də təkcə mənimlə bağlı deyil. Təkcə mənim deyil, başqalarının da kitabını oxumurlar. Bəs kimin kitabları oxunur bu gün?! Kim daha çox insanımızın qəlbinə yol tapa bilib axı?! Kimin əsərləri, Salam Sarvan demişkən, daha romantikdir, görəsən?! Bəzi dostlarım Çingiz Abdullayevin adını çəkdilər və fikirlərini belə əsaslandırdılar ki, onun kitabları çoxdur, populyardır və tez-tez təqdimat mərasimləri keçirilir. İlk görünüşdən belə olsa da, razılaşmadım.

Çingiz müəllim, daha çox romantika!

Çingiz Abdullayev dünya şöhrətli bir yazar ola bilər, amma məncə bu insan şablon bir yazardır. Mən Çingiz Abdullayevi kitab yazan bir fabrikin rəhbərinə bənzədərdim. Konkret işçiləri olan, hər ay kitab yazmaq üçün qarşıya plan qoyulmuş iş sisteminə malik bir fabrikin rəhbəri. Bəs onda romantika?! Axı romantika planla olmaz, əzizlərim?! Hər hansı yazarın çoxlu pulu ola bilər, özünə əlavə işçilər tutub kitablarını hissə-hissə yazdırıb, sonra komplektləşdirə bilər, ən bahalı mətbəələrdə dərc etdirib, Bakıda və dünyanın digər şəhərlərində təqdimatını keçirdə bilər, bir sözlə, ən məşhur auditoriyalara və kitabxanalara yol tapa bilər… Amma qəlblərə yol tapa bilməz… Çünki indi keçid dövründə olan insanımızı daha Dronqo deyil, Salam Sarvan demişkən, romantika maraqlandırır… daha çox romantika… daha çox romantika… daha çox romantika…

 

Əhməd Şahidov

Facebook Comments