Daha sabaha ümid etməyək…

ahmadYəqin ki, bir çoxlarımız səhərlə bağlı, sabahla bağlı bu atalar sözlərini, xalq deyimlərini eşitmişik, özü də dəfərlərlə: “Hər qaranlıq gecənin bir işıqlı səhəri var” və ya “Gecənin xeyrindənsə, səhərin şəri yaxşıdır”…
Bu düşüncə tərzi ilə formalaşan cəmiyyətimizdə sabaha, səhərə bir inam, etibar və ümid olub həmişə. Hər zaman insanlar inanıblar ki, səhər tezdən durmaqla, bir işi səhərə saxlamaqla xeyir qazanacaq, xəta-bəladan uzaq olacaq. Bilmirəm, İslamdan irəli gəlir, yoxsa Şərq mədəniyyətindən, amma buna inananlarımız çoxdur. Sabaha ümidlə yaşayırıq hamımız.
Hələ bizlər doğulmamışdan valideynlərimiz sabaha ümid edib bizi gözləyirdilər… Bizlər dünyaya gəlir… Min bir çətinliklə bizi böyüdə-böyüdə sabaha ümid edərdilər ki, bizlər böyüyüb onların zəhmətini hədər etməyəcəyik, özümüzə cəmiyyətdə layiqli yer tutub, ata-anamızın başını uca edəcəyik.
Hər şey sabaha hesablanırdı içimizdə. Sanki bugün yaşamır, birtəhər keçinir və dözür, bütün ümidləri sabaha tuşlayırdıq. Sabahlar isə bitmək bilmirdi, hər dəfə yeni sabahlar gəlir və hər dəfə də bizlər ümid etməkdə davam edirdik.
Bizlər də böyüyürük, yaşadığımız həyatın heç də bizi böyüdərkən min bir əzab çəkmiş valideynlərimizin yaşayışından heç nə ilə fərqlənmədiyini görə-görə və bilə-bilə böyüyürük. İndi bizim də özümüzə görə sabaha ümidlərimiz var. Biz indi özümüz də bir valideyn olmuşuq, indi biz sabaha ümid bəsləyərik. Bir zamanlar valideynlərimizin bizimlə bağlı ümidlərini indi biz öz övladlarımıza bağlayırıq… və sabaha ümid bəsləyirik. Sanki bu sabaha inam bizimlə doğulub, amma biz ölsək də o ölmür.
Bir məsəl var, deyirlər ümid sonda ölür. Çox düşünürəm bu ifadə ətrafında. Məncə, tam əksinədir. Ümid elə ən birinci öləndir. O anlamda ki, əgər bir işi görməyib, sadəcə ümid bəsləyirsənsə, o işi artıq ölmüş bil.
Necə ki, 10-15 il bundan əvvəl hər yeni ildə Qarabağın geri alınacağı barədə sabaha ümid bəsləyirdiksə, elə ümid edə-edə bu işi öldürdük, Qarabağı öldürdük. Artıq özümüz də sanki barışmış durumdayıq bu itki ilə. Diqqət edirsizsə, daha Qarabağın geri qayıdacağı barədə pafoslu çıxışlar etmirik. Səbəbini bilmirəm. Unutmuşuq Qarabağı, yoxsa daha sabaha ümid bəsləməklə bir şey əldə edə bilməyəcəyimizi anlayıb artıq real işə keçmişik?! Dəqiq bilmirəm. Amma bir şeyi bilirəm ki, daha sabaha ümid etməyək. Bugün yaşayaq, bugün işimizi görək, bugün vəzifələrimizə əməl edək!

Əhməd Şahidov
06 Aprel 2013-cü il saat 11:05, Bakı, Azərbaycan

Facebook Comments