Bilirsən səni niyə sevirəm?!

1380000_461943010612340_4390406635881303407_n
Bilirsən səni niyə sevirəm?!
Sən güləndə həyat gülür üzümə.
Gözlərindən həyata boylanıram,
Sənə görə insanları sevirəm.
Bir də gülüşündəki o sadəliyi,
yanaqlarındakı həfif qızartını,
dodaqlarındakı utancaq titrəyişi
öpüşərkən yumulmuş gözlərini sevirəm.
Səninlə həyatın hər üzü
sevinci də, kədəri də doğmadır mənə.
Sən yanımda olanda
özümü səndən də çox sevirəm.

Bilirsən səni niyə sevirəm?!
Yaşamağa vadar edirsən məni,
İnsanlara sevgi ilə baxmağa,
qayğıkeş, mehriban bir insan olmağa,
kiçiklərə sevgi, böyüklərə hörmət,
Allaha ibadət etməyə öyrədirsən məni.
Allahı sənə görə sevirəm!
Səni mənə verdiyinə görə
şükr edirəm Ona.

Bir də səni özümə görə sevirəm.
Çünki, sənsiz mən yaşaya bilmərəm.
Bir anlamı qalmaz bu həyatın,
bu insanlar da yadlaşar,
düşmən olarlar mənimçün.
Hər şeyi atıb küçələrə düşərəm,
dəli olaram Məcnundan betər.
Hamı mənə gülər, rişxənd edər,
arxamca min cür söz deyərlər.
Amma kimsə sevir deməz,
çünki dərdimi kimsə bilməz,
səndən başqa.
Axı tək səni sevirəm mən.
Görürsən də?!
Niyə səni bu qədər sevirəm.
Bilirsən də?!
Necə səni dəli kimi sevirəm.

Әhməd Şahidov
22 İyun 2013-cü il saat 02:15, Bakı, Azərbaycan

Facebook Comments