“Sıfır Nöqtəsi” romanı İstanbulda müzakirə olundu – FOTO

istanbul292İstanbul Türk Ocaklarının mərkəzi ofisində baş tutan görüşdə Əhməd Şahidov romanını oxucular üçün imzalamışdır
Noyabrın 4-də Türkiyənin İstanbul şəhərində Türk Ocakları İstanbul şöbəsinin mərkəzi ofisində azərbaycanlı yazıçı Əhməd Şahidovun “Sıfır Nöqtəsi” romanının müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Türk Ocaklarının fəalları ilə yanaşı, Türkiyədə yaşayan azərbaycanlı xanım yazıçı Kəbutər Haqverdi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Metin Özer və türkiyəli tələbələr də iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan İstanbul Türk Ocakları Gənclik Qolları Başkanı Barış Onur Sargın azərbaycanlı yazıçı Əhməd Şahidovun yaradıcılığı barədə qısa məlumat vermiş və “Sıfır Nöqtəsi” romanının əhəmiyyətindən danışmışdır. Daha sonra çıxış edən Əhməd Şahidov Şimali Kiprlə bağlı bədii əsər yazmasının səbəbləri haqqında məlumat vermiş, Şimali Kiprlə bağlı xatirələrini – Rauf Denktaşla tarixi görüşünü, Kipr adasına ilk gəlişini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanının süjet xətti barədə geniş məlumat vermiş və ədəbiyyatın dili ilə Kipr problemini Azərbaycan oxucusuna çatdırmağa çalışdığını qeyd etmişdir. Gələcəkdə Kərkük problemi barədə də əsər yazmağı xahiş edən Türk Ocakları üzvləri müəllifin “Sıfır Nöqtəsi” əsərini mütləq oxuyacaqlarını bildirmiş və müəllifdən bu kitabı imzalamasını xahiş etmişlər.
Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanını tədbir iştirakçıları üçün imzalamış və xatirə fotoları çəkdirmişdir.

Facebook Comments