ZƏLİMXAN YAQUBLA BİR SAAT…

qanturaliBayram günlərində Zəlimxan Yaqubla çay içib söhbət elədik.
Görüşümüzün təşəbbüskarı isə gənc filoloq alim Əhməd Şahidov idi.
Zəlimxan Yaqubun vurğunu olan Əhməd məndən xahiş eləmişdi ki, onu Zəlimxan müəllimlə tanış eləyim.Tanışlıqdan sonra şairlə xeyli söhbət etdik.
Bu söhbətin önəmli qeydlərini sizlərlə bölüşmək istəyirəm.
Zəlimxan müəllim bizim Elnur Astanbəylidən yaman şikayət elədi. Elnur bayramdan bir neçə gün əvvəl “Azadlıq”da yazmışdı ki, Zəlimxan Yaqub və Nizami Cəfərov kimi düşünmək istəmirsinizsə “Alatoran” curnalına abunə yazılın.
Zəlimxan müəllimin Elnurun cümləsinə cavabını yazıram: Elnur, mən necə düşünürəm ki?
Zəlimxan müəllim Yunus İmrədən, Səməd Vurğundan, Borçalıdan danışdı, dinlədik.
Bir ara İrana təzəlikcə baş tutan səfərindən də danışdı, orda İslam dininin, Azərbaycan mentalitetinin necə təmiz olmasından bəhs elədi.
Zəlimxan müəllim Folknerdən, Markesdən də danışdı, açığı onun bu sahədəki savadına təəccübləndim, bunu onun özünə də dedim.
Rusca zəif bilən Zəlimxan müəllim yolu Türkiyəyə düşən kimi qucaq-qucaq kitab alıb gətirir, rusca bilməməyini türk dili ilə sığortalayır.
Yaşlı nəslə mənsub yazıçılar haqqında da Zəlimxan müəllim xeyli danışdı, fikirlərimiz üst-üstə düşürdü.
Əlbəttə ki, biz ayrı-ayrı dünyaların adamlarıyıq, istər ədəbiyyatda, istərsə də siyasətdə.
Buna görə də hətta söhbət münaqişə ocaqlarına gəlib çatmamış Zəlimxan müəllim özü iqtidara münasibəti haqqında arayış verdi.
Əslində mən sizə Zəlimxan müəllimin bu fikirlərini çatdırmaq istəyirəm.
Bizim köşəmiz mədhiyyə oxumaq yeri deyil, mən Zəlimxan müəllimin aşağıda yazacağım fikirlərini bir düşüncə sistemini anlamaq üçün yazıram.
Zənnimcə, Zəlimxan Yaqubun bu fikirləri yalnız özünə mənsub deyil, ümumilikdə xalqın təfəkkürüdür, xalqın bu hakimiyyətə olan sosial sifarişinin izahıdır:
“Mən gözümü açıb ağsaqqallar görmüşəm. Görmüşəm ki, Heydər Əliyev hakimiyyətdə olanda biz gürcüləri sıxışdırırdıq, o hakimiyyətdən olmayanda gürcülər bizi. Mən el adamıyam, elat adamıyam. Adam gərək başının üstündə ağsaqqal görə. Heydər Əliyev mənim üçün ağsaqqaldır. Mənim onun haqqında yazdığım şeir də “Allahım, mənə bir ağsaqqal yetir” adlanır”.
Bax belə, söhbət bundan ibarətdir.
Biz illərdir deyirik, mövcud hakimiyyətin yeganə sosial dayağı elat təfəkkürü, qəbilə instinktləridir, klan düşüncəsidir.
Şahvələd bəy Zəlimxan Yaqub haqqında deyir ki, mənim onu tənqid eləməyə istedadım çatmır.
Ağrılı olan Zəlimxan Yaqubun sözləri deyil, əsl ağrı bu fikirlərin ictimai rəydəki hakimiyyətidir.
İctimai rəyi tənqidlə dəyişmək isə yazarlıq istedadından çox inqilabçılıq istedadı tələb edir.

Qan Turalı

Facebook Comments