KİMLİYİNİ UNUTMUŞLAR…

Onları “Vətən xaini” adlandırmaq düzgün olmazdı, onlar sadəcə bədbəxtlərdir!
On gündür ki, Moskvadan qayıtmışam. Təhsilimlə bağlı səkkiz gün Moskvada qalası oldum. Bu müddət ərzində Moskvanı xeyli gəzdim. Həm bu nəhəng şəhərin infrastrukturu, görməli yerləri ilə tanış oldum, həm də rus millətçilərinin “çornıy” adlandırdıqları və sevmədikləri Qafqaz xalqlarına, o cümlədən azərbaycanlılara olan münasibətin şahidi oldum. Lakin burada təəccüblü bir şey görmədim. Çünki, rusların xisləti məhz budur. Hələ I Pyotrdan qalmış vəsiyyətdə də deyilir ki, “Rusiya çalışsın Qafqazı əsarətdə saxlasın!” Lakin məni Moskvada tamamilə başqa şey məyus etdi. Özümüz…

Hamıya məlumdur ki, Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Onların əksəriyyəti bazarlarda ticarətlə məşğuldur. Şəxsən mən azərbaycanlıların bazarlarda ticarətlə məşğul olmalarına pis baxmıram. Buna da bacarıq lazımdır. Hətta rusların özləri də bazarlarda məhz azərbaycanlıların satdıqları ərzaqları almağa üstünlük verirlər. Düzdür, tanınmış azərbaycanlı ziyalıları da Rusiyada fəaliyyət göstərirlər. İndinin özündə də ruslar Araz Ağalarov, Müslüm Maqomayev, Zirəddin Rzayev kimi tanınmış azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirir və onları özləri kimi sevirlər. Rusiyanın nüfuzlu təhsil müəssisələrində xeyi azərbaycanlı müəllim və professorlar dərs deyir. Lakin mənim ürəyimi ağrıdan Moskvada rastlaşdığım və on gün keçməsinə baxmayaraq, hələ də gecələr məni yatmağa qoymayan bir hadisədir.

Moskvada olarkən həmişə gözüm azərbaycanlı üzü, qulağım isə doğma kəlmələrin sorağında idi. Yaxın dostlarım da sağ olsunlar. Məni darıxmağa qoymurdular. Demək olar ki, hər gün məşhur restoranlarda yemək yeyirdik. Adəti üzrə yenə də restorana yemək yeməyə gedirdik. Xahiş elədim ki, məni azərbaycanlıların çalışdırdığı restorana götürsünlər. Həm xeyiri özümüzünkülərə verək, həm də milli yeməyimizdən dadıb milli musiqimizə qulaq asaq. Tanınmış bir restorana gəldik – “Oqni Vostoka” adlanırdı. Azərbaycanlıların restoranı idi, içəridəki atmosferdən doğma Vətənin iyini duydum. İşçilər, ofisiantlar – hamısı azərbaycanlı idi. Dostlarımla bir masa arxasında əyləşdik. Bir qədər yeyəndən sonra müğənni diqqətimi çəkdi. Bizimkinə oxşamırdı.

İlahi, bu, ola bilməz! Müğənni erməni idi. Ağzımdakı tikə boğazımdan keçmədi, qaytarıb qaba qoydum. Dostlarım mənim vətənpərvər olduğumu bildiyindən, dərhal məni başa düşdülər və məni sakitləşdirməyə çalışırdılar. Deməyə söz tapmırdım. “Əhməd, əsəbiləşmə, Moskvada azərbaycanlıların restoranlarında ancaq erməni müğənnilər oxuyurlar. Bu, adi şeydir.” deyə dostlarımdan biri mənə bildirdi. Bunu eşitcək bir qədər istiləndim. Pencəyimi çıxardıb stulumun arxasına keçirdim. Burada bir yalnışlığın olduğunu zənn edib dərhal ofisiantı yanıma çağırdım. Ofisiantın sinəsində adı yazılmışdı… İntiqam idi.

İntiqam mənimlə rusca danışırdı. Azərbaycanlı olduğumu öz doğma dilimizdə ona çatdırdım. Amma yenə də rusca məndən üzr istədi və yalnız rusca danışa biləcəyini dedi. Artıq əsəbiləşirdim. Sifətimin qıp-qırmızı olduğunu görüncə, astadan “Buyurun, nə istəyiniz var?” dedi. Dedim “Qardaşım, niyə rusca danışırsan?! Axı sən də, mən də azərbaycanlıyıq!” Hiss edirdim ki, İntiqam nədənsə çəkinir. Ondan müğənninin milliyyətini soruşdum. Erməni olduğunu dedi. Başıma elə bil qaynar su tökdülər. Dedim, a kişi, azərbaycanlının restoranında erməni müğənninin nə işi var?! Dedi, bizdə belədir! İntiqamın özünə görə “arqumenti” də var idi. Bildirdi ki, bu restorana təkcə azərbaycanlılar deyil, ermənilər də gəlir. Ona görə, erməni müğənni burada çalışır.

Fikirləşdim ki, üçüncü ölkədəyik, burada erməni-azərbaycanlı müharibəsi açmaq düzgün deyil. Qoy ermənilər də gəlsin bizim restoranımıza, zəhərlənib getsinlər. Qapıdan qovmayacayıq ki?! Necə deyərlər “Bizim xalqımız çox qonaqpərvər xalqdır”, necə ki, bütün bəlalar da məhz bu qonaqpərvərlikdən başımıza gəlib. Amma erməni müğənninin bizim restoranda çalışması artıq dözülməz idi. Amma ən dözülməzi hələ qabaqdaymış! Odur ki, diqqətlə qulaq asın mənə…

Öyrəndim ki, bu restoranda bir nəfər müğənni işləyir, o da ermənidir, azərbaycanlı müğənni yoxdur, ümumiyyətlə. Qonşu masadan bir cavan oğlan durdu müğənniyə yaxınlaşdı və “Can bakı” mahnısını sifariş etdi. Erməni müğənni oxumağa başlamışdı ki, həmin masadakı bütün adamlar – qoca arvad, cavan xanımlar, balaca uşaqlar durub oynadılar. Cəmi 10 nəfər olardılar. Onların suyu mənə yad gəlirdi. Sən demə oynayanlar da ermənilərdir. Təəccübdən donub qalmışdım. Elə bil, kimsə mənim düz üzümə varyoxumu söyürdü. Bu ermənilər rusca oxunan “Can Bakı” mahnısını bir ürəklə oynayırdılar ki… Artıq əsəbdən ayaqlarım əsməyə başlayırdı. Ofisiant İntiqamı yenə çağırdım. Elə nəsə deyəcəkdim ki, İntiqam mənim əvəzimə danışdı. “Qardaş, bunlar ermənidir, amma Bakı erməniləridir. Ona görə, bizim mahnıları belə çox istəyirlər.”

Təəccübdən bilmirdim nə deyim. Sanki, erməninin fərqi də var. Atalar demişkən, “İlanın ağına da lənət, qarasına da…”. Nə isə… Dostlarımdan icazə istəyib, lavaboya çıxdım. Əl-üzümü yudum, özümü sakitləşdirməyə çalışdım.Yenidən masaya qayıtdım. Dostlarım isə “Əhməd, bura Moskvadır. Burada azərbaycanlı-erməni problemi yoxdur” deyirdilər. Dostlarım olduğundan onların xətrinə dəymək istəmirdim. Necə də olsa, azərbaycanlılardır, bu Vətənin çörəyini, suyunu yeyiblər. Amma bu gördüyümlə də barışmaq fikrim yox idi. Odur ki, ofisiant İntiqamı çağırıb mahnı sifariş verməyin qiymətini soruşdum. 500 rubl idi, bizim pulla 15 AZN. Cibimdən 500 rubl çıxarıb İntiqama verdim və o erməni müğənnidən bir Azərbaycan mahnısı oxumağını istədim. Ofisiant pulu erməniyə uzadıb istəyimi ona çatdırdı. Erməni müğənni Azərbaycan dilində yalnız iki mahnı bildiyini söylədi – “Daşlı qala” və “Tut ağacı boyunca…”.

Dəli olmağıma az qalmışdı. Bayaqdan erməni və rus dillərində onlarla mahnı oxuyan erməni dığası azərbaycanlı restoranında çalışa-çalışa yalnız iki mahnı bilir. “Lənət sənə, erməni” deyib, “Tut ağacı boyunca…” mahnısını oxumağını istədim. Erməninin sifətində yumşaq bir narazıçılıq hissini duydum. Amma yenə oxumağa başladı. İlahi, indiyə kimi özümü bu qədər alçalmış və təhqir olunmuş hiss eləməmişdim. İndiyə kimi özümü də heç tanımamışam. Bu qədər səbrsiz, kövrək və vətənpərvər olduğumu bilmirdim. Erməni müğənni həmin mahnını bucür oxuyurdu: “Tut eğeci buyunca, tut yemedim duyunca. Yori hasratda qordim, tut yumadim buyunce.” Bucür oxumaq qulağıma çatmışdı ki, özümü saxlaya bilmədim, əsəbdən gözlərim yaşardı, ətrafdakılar ağlamağımı duymasınlar deyə, qəfil yerimdən qalxıb lavaboya qaçdım. Sözün həqiqi mənasında qaçdım. Çünki, buna tab gətirməyə gücüm yox idi artıq. Lavaboda əl-üzümü yudum, divarı yumruqladım, güzgüyə baxıb o ki var içimi boşaltdım. “Kişi heç vaxt ağlamaz” deyiblər, amma qeyrətimizin tapdanmasını gördükdə və heç nə edə bilmədikdə, özümü tuta bilmədim. Özüm tez lavaboya qaçdım ki, heç olmasa ağlamağımı ermənilər görməsin. Çünki, müğənni ermənidən başqa, qonşu masada da xeyli erməni oturmuşdu. Türk oğlu türk olduğumdan, təklikdə ağlamağa qərar verdim. Amma içimdə alovlar qaynayırdı, çünki bu ağlamaq acizlik və məğlubiyyət ağlamağı deyildi. Bu, nifrət və soyuqqanlığın qəlbimdə hökmran olması üçün içimdəki kövrəkliyi bayıra atmaq məqsədilə ağlamaq idi.

Əl-üzümü yuyub yenidən masaya qayıtdım. Dostlarım qorxudan danışmırdılar. Çünki, bilirdilər ki, bütün hirsimi onlardan çıxa bilərəm. Odur ki, yeməyimizi yarımçıq qoyub, getmək qərarına gəldik. Artıq qapıdan çıxırdıq ki, narazı əhval-ruhiyyəmizi anlayan restoran adminstratoru mənə yaxınlaşıb “Qardaşım, buranın sahibi əslində Bakı yəhudisidir, ona görə erməni müğənnisinin oxumağına icazə verilib” dedi. Bu sözlərin əslində özünə bəraət qazandırmaq və eyni zamanda məni “yola vermək” məqsədilə söyləndiyini başa düşdüm. Amma söz altında qalmağı da xoşlamıram və həmin adminstratora üzümü tutub “Ay brat, sən ki, azərbaycanlısan, burada çalışanlar da azərbaycanlılardır. Erməni dığasının bizi təhqir etməsini necə qəbul edirsiniz?! Axı ən azından onun oxuduqları sizin də qulaqlarınıza qədər gedib çatır. Adam olun, 5 manat az qazanın, amma kimliyinizi ayaq altına atmayın.”

Nə fayda?! Eşşək boyda adama bir Quran söz dedim, boyundan-başından utanmadı və “Nə isə… düzələr” deməklə bizi qapıdan yola saldı.

O gün, bu gün, hələ də özümə gələ bilmirəm, valla. Necə ola bilər ki, 30 mindən çox həmvətənlərimizin qətlinə səbəb olmuş, bir milyona qədər azərbaycanlının qaçqın düşməsinə səbəb olan bir millətin nümayəndələrilə iş birliyi qurmaq olar?! Hələ erməni dığasını gətirib öz restoranında necə müğənni kimi işlətmək olar?! Özü də bu erməni dığası Azərbaycan dilində düz-əməlli heç 2-3 dənə də mahnı bilmir. Axı vətənpərvərlik təkcə Azərbaycanda olarkən olmamalıdır. Biz bu Vətənin övladıyıqsa, harada olmağımızdan, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, həmişə milli maraqlarımızı üstün tutmalı, Vətənin bizim olduğunu və bizim də Vətənə bağlı olmağımızı bir an belə unutmamalıyıq. Çünki, Vətən sadəcə torpaq deyil, Vətən mən, sən, mənim, sənin atan-anan, mənim, sənin qardaşın-bacın, mənim, sənin nişanlısı, həyat yoldaşı, körpəsi, balası deməkdir… Odur ki, Vətənə xəyanət etdikdə, bu insanları gözümüzün qarşısına gətirək, sadəcə torpaqlara deyil, həm də bu yaxınlarımıza xəyanət etdiyimizi başa düşməliyik.

Əslində, ermənilərlə iş birliyi yapanları “Vətən xaini” adlandırmazdım. Heç onları mühakimə də etməyə dəyməz. Atasını, anasını, bacısını, qızını satanları nə zaman mühakimə ediblər ki?! Belə insanları sadəcə və sadəcə “bədbəxt”, “zavallı” və “peysər” adlandırardım!

Əhməd Şahidov

Facebook Comments