2010-dan NƏLƏR GÖZLƏYƏK?

2009-cu ildə qazancımız da oldu, itkilərimiz də…
Adətən ili başa vurduqda və yeni ilə hazırlaşdıqda həmişə oturub fikirləşirsən ki, ötən 365 gün sənə nə verdi, nələr qazandın, nələri itirdin. Və bu fikirlər səni daha tədbirli olmağa, gələcəyini daha sağlam sütunlar üzərində qurmağa istiqamətləndirir. Sağlam düşüncəli insan keçmişdə buraxdığı səhvləri təkrar etməməli, əksinə həmin səhvlərdən nəticə çıxarmalıdır. Ağıllı insan isə başqasının səhvi üzərində nəticə çıxarandır, məncə.

2009-cu il əslində mənim üçün çox uğurlu il oldu. Şəxsi həyatımda bir çox uğurlara imza atdım, çoxdan planlaşdırdığım istəklərimə nail oldum. Lakin məqsədim şəxsi həyatım barədə danışmaq deyil, Azərbaycan üçün ümumilikdə əldə olunan uğurlar və uğursuzluqlar barədə danışmaq istərdim. Ənənəvi olaraq, hər yeni il gələndə tanınmış insanlarımızın dilində bir arzu olur: “Yeni ildə işğal olunmuş torpaqlarımız azad olsun və bir milyondan artıq qaçqınımız öz doğma torpaqlarına qayıtsın!”

Çox təəssüf ki, arxada qoyduğumuz 2009-cu il bu arzumuzu yenə də ürəyimizdə qoydu. Sülh prosesinə xidmət edən danışıqlar intensivləşsə də, yenə konkret nəticə hasil olunmadı. Bu mövzuda çox danışmaq istərdim, amma nə fayda?! Əksinə, insanlarımızda, xüsusən də gənclərimizdə düşmənə qarşı, konkret olaraq ermənilərə qarşı bir növ isti münasibət yaranmaqdadır. Yeni formalaşan gənclik nədənsə, yaxın tarixini unutmağa can atır və belə getsə, 10-15 ildən sonra erməniyə “qardaş” deyəcəyik. Ən azından 5-6 il bundan əvvəl hər hansı Ermənistan nümayəndəsi Bakıya gələndə insanlarımız, xüsusən də QAT üzvləri küçələrə çıxıb kəskin etirazlarını bildirirdilərsə, pəncələri sındırıb, polisə müqavimət göstərirdilərsə, bugün bunun şahidi olmuruq. Sadəcə mətbuat konfransı keçirən bir-iki nəfərin fəaliyyəti gözə çarpır. Bax məhz bu, çox təhlükəli tendensiyadan xəbər verir. Yaxın gələcəkdə cəmiyyəti hansı fəlakətlərin gözləyəcəyini proqnozlaşdırmaq çətin deyil.

İqtisadi sahədə Azərbaycanın bir sıra nailiyyətləri oldu. Bir-birinin ardınca yeni-yeni tikililərin, korpü qovşaqlarının istifadəyə verilməsi, asfalt yolların çəkilməsi, Bakıda bir-birindən möhtəşəm yaşayış binalarının tikintisi bu inkişafdan xəbər verirdi. Amma yenə də bəzi məmurların şəxsi maraqlardan çıxış etməsi bu layihələrin keyfiyyətsiz şəkildə başa çatdırılmasına və qısa bir zamanda əksikliklərin meydana çıxmasına səbəb olurdu.

Hərbi sahədə vəziyyət birmənalı olmadı. Bir tərəfdən Azərbaycanın yeni növ silahlar istehsal etməsi, hərbi büdcəni artırması, digər tərəfdən də cəbhədə yeni-yeni ölüm və intihar hadisələrinin baş verməsi bir vətəndaş kimi məndə həm qürur, həm də təəsüf hissi yaradırdı. Ölkədəki kriminogen durum da ürəkaçan olmadı. Ən azından yüksək çinli generalın qətlə yetirilməsi, ADNA-da terror hadisəsinin baş verməsi yenə bu sahədə boşluqların olmasından xəbər verirdi. Azərbaycan kimi kiçik bir ölkədə belə böyük miqyaslı hadisələrin baş verməsi üzücü hal idi.

İl boyu Azərbaycanda ən çox danışılan mövzulardan biri bəlkə də insan haqları və demokratiya oldu. Bu sahədə vəziyyətin necə olması barədə fikir bildirmək istəməzdim. Çünki, bucür mövzular həmişə birmənalı qarşılanmır. Tənqid edəndə səni müxalifətçi, müdafiə edəndə isə hakimiyyət nümayəndəsi kimi qələmə verirlər. Siyasətdən uzaq olan bir insan kimi deyə bilərəm ki, ölkədə insan haqları və demokratiya sahəsindəki vəziyyət ötən illərə nisbətən yaxşı olsa da, yenə üzücü məqamlar var idi. Ən azından iki blogger gəncin həbs olunması, ötən illərdə həbs olunmuş ictimai insanların hələ də həbsdə qalması məni bir qədər düşünməyə vadar etdi. Amma indiyə qədər həbs olunmuş şəxslərin tam günahsız olduğunu bildirmək də düzgün olmazdı. Sadəcə verilən cəzalar həddindən artıq şişirdilmiş olub. Ölkə başçısını təhqir etməyə yönəlmiş “Cənab eşşək” video çarxına görə həbs olunmuş blogger gənclərə verilən cəza həddindən artıq böyük idi. Amma o cür video çarxın ortaya çıxarılması da düzgün addım deyildi, məncə. Kimliyindən asılı olmayaraq, hüquqi bir dövlətdə heç kimin bu və ya digər formada təhqir olunmasına yol vermək olmaz.

Ən azından Ruslan Bəşirli azadlığa buraxılmalı idi. Razıyam, müxalifətin təşkil etdiyi etiraz aksiyasında Ruslan dövlət başçısına qarşı müəyyən məqamlarda arzu olunmaz ifadələr işlətmişdi. Amma ona qarşı qurulan məhkəmə və sonda verilən cəza həddindən artıq böyük oldu. Hamının səhvi olur, zaman keçdikcə bu səhvləri başa düşürük. Amma 2005-ci ildə həbs olunan Ruslan Bəşirlinin çoxdan azadlığa çıxması lazım idi. Bizdə əslində siyasi mübazirə aparmaq mədəniyyəti hələ tam formalaşmayıb. Bunu hər iki düşərgəyə aid etmək olar. Həm iqtidar, həm də müxalifət müəyyən məqamlarda siyasi etikanın yol verdiyi cizgini keçir və davranışlarında yolverilməz hərəkətlərə rəvac verirlər. Yenə burada hansı tərəfin bu qaydanı daha çox pozduğunu deyə bilməyəcəm. Çünki, hansısa tərəfi müdafiə etdiyimi iddia etməyə başlayacaqlar. Mən isə tam müstəqil vətəndaş kimi yaşamağa üstünlük verir və aktiv siyasətdən uzaq olan şəxs kimi bu hadisələrə qiymət verməyə çalışıram.

Həyatın digər sahələrində  – mədəniyyət və idman sferalarında müəyyən irəliləyişlər nəzərə çarpacaq dərəcədə idi. Amma təhsilimiz yenə arzuolunan deyil. Yenə orta məktəblərdə keçilən dərslərin aşağı səviyyədə olması, gənclərin universitetə daxil olmaq üçün repetitor yanına getməsi və ali məktəbi bitirdikdən sonra işsiz qalması bu il də müşahidə olundu. Əslində ölkə rəhbərliyinin seçki öncəsi vəd etdiyi 600 000 iş yeri məncə real rəqəm deyildi və sadəcə seçkiyə hesablanmış bir manevr idi. Ola bilər ayrı-ayrı vaxtlarda bu kəmiyyətdə qısa müddətli iş yerləri açılsın. Amma burada əsas məsələ əhalinin daimi iş yerləri ilə təmin olunmasıdır ki, bunun da şahidi ola bilmədik. Amma bu sahədə irəliləyişlərin olacağına ümid var, çünki gedən proseslər bunu deməyə əsas verir.

İnformasiya texnologiyaları sahəsində Azərbaycan üçün uğurlu oldu ötən ilimiz. Hər mənada uğurlu. Ölkədə sürətlə internetləşmə baş verdi. Yeni texnologiyalar tətbiq edilməyə başaldı. “Xalq kompüteri” layihəsi çərçivəsində əhaliyə ucuz qiymətlərə kompüterlər satıldı. Özü də əlverişli faiz şərtlərilə. Azərbaycan artıq özünün peykini kosmosa buraxmağa hazırlaşır. İlin sonunda artıq 3G texnologiyası barədə danışılmağa başlanıldı. İnternet o qədər inkişaf etdi ki, hətta siyasi mübarizə aparan insanlar internetin imkanlarından maksimum yararlanıb müxtəlif sosial şəbəkələrdə özlərinin təbliğatını qurmağa başladılar. İnanılası deyil! Amma indi seçki təbliğatı real həyatdan daha çox virtual aləmdə aparılır. Bu, sevindirici haldır. Amma bunun mənfi fəsadlarını da nəzərə almaq lazımdır. Çünki, bəzi məqamlarda siyasi fəaliyyət göstərən insanlar sadəcə görüntü xatirinə internetdə çoxlu sayda “istifadəçi” adları yaradır və həm özlərini, həm də başqalarını aldadırlar. Nəzərə almaq lazımdır ki, siyasi mübarizənin qəbul edilmiş iki forması var: seçki yolu və meydanlar. Hər iki üsul üçün isə real insan potensialı vacib amildir. Virtual olaraq əldə olunan “nailiyyətlər” isə sadəcə rəqəmlərdən ibarətdir. Adı üstündədir – “virtual”.

İndi 2010-cu il gəlir. Bəs nələri gözləyək bu yeni ildən. Mən bəzi astroloq və ekstrasenslər kimi 2010-cu il barədə nəsə demək istəməzdim. Sadəcə sıravi bir vətəndaş kimi ölkəmiz üçün arzuladığım şeylərin yeni ildə reallaşmasını çox istərdim. İlk növbədə isktərdim ki, 2010-cu ildə işğal olunmuş torpaqlarımız azad olunsun, qaçqınlarımız öz doğma torpaqlarına qayıtsın. Standart arzu olsa da, bunu arzulamaq istərdim yenə. Həm də sonuncu dəfə. Hər yeni il gələndə bu arzunu arzulamaqdan bezmişik bəlkə də. İstərdim ki, yeni ildə vətəndaşlarımız öz siyasi baxışlarına görə təqib olunmasın, heç kim siyasi fikirlərinə görə həbs olunmasın. Amma eyni zamanda hakimiyyətə iddialı vətəndaşlarımız da siyasi mədəniyyət nümayiş etdirsinlər, heç kimi təhqir etməsin və yalnız qanunla yol verilmiş formalarda siyasi mübarizə aparsın. İstərdim ki, təhsilimiz yüksək səviyyədə olsun. Məktəblərdə təmir pulu, süpürgə pulu və sairə bu kimi mənasız rüşvət hallarına rast gəlinməsin. Çox istərdim ki, səhiyyəmiz yüksək səviyyədə olsun və insanlarımız hər hansı əməliyyat üçün xaricə üz tutmasın. İstərdim ki, yeni doğulmuş körpələrimiz rüşvət verib dünyaya göz açmasınlar. Çox istərdim ki, poliklinikaya gedib tibbi arayış alanda məndən 5 manat istəməsinlər. Çox istərdim ki, yollarda DYP nümayəndələri addımbaşı düzülməsinlər, qanunu pozanda ilk növbədə sürücünü maarifləndirmək məqsədi güdülsün.

Ümumiyyətlə, istərdim ki, ölkədə əmin-amanlıq, hüzur, sabitlik olsun. Kimsə kiminsə bostanına daş atmasın, kmsə kiminsə toyuğunu oğurlamasın. Əslində mənim üçün fərqi yoxdur ölkədə hansı partiya hakimiyyətdə olacaq, kim prezident seçiləcək. Mən sıravi bir Azərbaycan vətəndaşı kimi yaşadığım ölkədə sadaladığım cəhətlərin olmasını istəyirəm. Xarici ölkələrdə şahidi olduğumuz və yaşadığımız anları doğma Azərbaycanda da yaşaya bilək. İstərdim ki, dövlət öz vətəndaşına daha çox diqqət yetirsin, dövlətin əsas sərvəti, kapitalı neft və qaz deyil, məhz insan kapitalı olsun. Düzdür, ölkə başçısı İlham Əliyev son çıxışlarında dönə-dönə vurğulayıb ki, “Bizim məqsədimiz Azərbaycanın iqtisadi kapitalını insan kapitalına çevirməkdir”. Çox gözəl arzu və məqsəddir. Bu məqsəd uğrunda çalışan hər bir azərbaycanlını alqışlayıram. Amma bu planın real işartılarını görə bilmirəm. İnsan həyatı Azərbaycanda yenə də ikinci və üçüncü plandadır. İnsan taleyinin birinci planda olması arzusu ilə bütün azərbaycanlıları – Azərbaycanda və ölkədən kənarda yaşayan soydaşlarımızı yeni il münasibətilə, o cümlədən həmrəylik günü münasibətilə təbrik edir və sözün həqiqi mənasında həmrəy olmağı arzulayıram.

Əhməd ŞAHİDOV
20 Dekabr 2009-cu il, Bakı, Azərbaycan

Facebook Comments