ALİM OLUB ADAM OLMAYANLARA…

resid_mahmudov… Bir sözüm var, adam olsanız yetər!
İnsan yaşa dolduqca, elm-savad sahibi olduqca bir az ağır olmağa çalışır, ətrafda gedən proseslərə müdrikcəsinə reaksiya verməyə başlayır. Mən bunu ən azından ən böyük müəllimim və mənim əlimdən tutub elmə gətirən hörmətli ziyalımız Kamal Abdulladan öyrənmişəm. Alim deyəndə ilk öncə gözümün qabağına rəhmətlik Ziya Bünyadov, Yusif Məmmədəliyev, Zərifə Əliyeva, İmam Mustafayev, müasirlərimizdən isə Lütfizadə, Kamal Abdulla, Bəkir Nəbiyev, Ağamusa Axundov, Cəlal Əliyev və adını çəkə bilmədiyim digər alimlərimiz gəlir. Amma əfsuslar olsun ki, onlar barədə çox az-az düşünürük. Bəlkə də cəmiyyətimizin çatışmayan cəhətlərindən biri də budur. Bugün ekranlarda dırnaqarası “alimlər” meydan sulayır.

Düzü bu insanın adını birinci dəfədir ki, eşidirdim. Dostum zəng edib xəbər verdi ki, Əhməd, aç ATV kanalını orada sənin alim həmkarın Rəşid Mahmudov danışır. Dostumun gülərək dediyi bu kəlmə mənə bir az qəribə gəlmişdi. Yəni cəmiyyətdə alimə gülmək həmin cəmiyyətin sonundan xəbər verirdi. Amma kanalı çevirəndə orada meymun kimi ortaya düşüb özünü və Azərbaycan alimi adını biabır edən Rəşid Mahmudovu görəndə ilk növbədə mən utandım. Açığını desəm, Rəşid Mahmudovun adını birinci dəfə idi ki, eşidirdim. Odur ki, bu yazını yazmazdan əvvəl barəsində qısa bir araşdırma aparmaq qərarına gəldim ki, fikirlərimdə hansısa yalnışlığa yol verməyim.

İnternetdə geniş bir axtarış apardım. İki nəfər Rəşid Mahmudov çıxdı. Biri  Respublikanın əməkdar jurnalisti, istedadlı publisist, təcrübəli naşir, tanınmış ictimai xadim, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rəşid İsmayıl oğlu Mahmudov idi. Allah rəhmət eləsin! Çox lazımlı insan idi Azərbaycan üçün.

İkinci Rəşid Mahmudov barədə yeni abzasdan yazmaq qərarına gəldim. Çünki, indi haqqında danışacağım Rəşid yuxarıda danışdığım Rəşid müəllimlə bir abzasda adının çəkilməsinə heç layiq deyil. Özünü Azərbaycanın görkəmli alimi kimi təqdim edən, tibb sahəsinin əvəzolunmaz ziyalısı kimi xalqa sırıyan Rəşid müəllim əslində qoca yaşında ağlını itirmiş, yaşına-saçına uyğun olmayan davranış sərgiləyən və ən əsası Azərbaycan aliminə ləkə yaxan bir insandır. Elm sahəsində mənimlə eyni istiqaməti bölüşmdədiyindən onun elmi savadı, ixtiraları və çıxışları barədə nəsə deyə bilmərəm. Çünki, azdan-çoxdan elmi ədəbiyyatla maraqlanan insan olsam da, onun hər hansı monoqrafiyası, kitabı və ya məqaləsinə rast gəlməmişəm. Amma ola bilər ki, var, amma sadəcə mən rast gəlməmişəm.
Əslində məsələ heç də alim olmaqda deyil. İnsan gərək adam olsun adam. Bütün günü sarı şou-biznes verilişlərinin gündəmində olan Rəşid Mahmudov artıq bəzi əyləncə verilişlərinin çörək ağacına çevrilib. Aparıcılar onu öz verilişlərinə dəvət etməklə tamaşaçııları güldürür, keflərinə kef qatırlar. Əslində burada qəribə bir şey yoxdur. İnsanları əyləndirmək də lazımdır. Bunun üçün bizim istedadlı yumoristlərimiz də var. Amma təəssüf hissi doğuran cəhət odur ki, məhz Azərbaycan alimi adıyla efirə çıxıb gülünc-gülünc bəyanatlar irəli sürməklə həm Azərbaycan elmini, həm də elm yolunda saç ağartmış fədakar insanları təhqir edir. Mən şəxsən elmə yeni qədəm qoymuş gənc araşdırmaçı kimi Rəşid Mahmudovla eyni ölkədə yaşadığıma, eyni havanı udduğuma görə çox utanıram. Əfsanəvi Lütfizadə, akademik Cəlal Əliyev, hörmətli ziyalımız Kamal Abdulla hələ bir dəfə də olsun çıxışları zamanı özlərini alim adlandırmayıblar. Amma 24 saat bayağı sarı şou-biznes verilişlərinin gündəmindən düşməyən Rəşid Mahmudov özünü görkəmli alim kimi təqdim edir və utanmadan da Azərbaycan alimlərinin də adından gülünc bəyanatlar verir.
Əslində qoca vaxtı gündəmdə qalmağa çalışan, nəvəsi yaşında olan insanlarla yersiz mübahisələrə girişən Rəşid Mahmudov, xalq dili ilə desək, axırıncı yola düşüb. O gün ATV-də Nadir Qafarzadə ilə mübahisə edən Rəşid “müəllimə” baxıram. Yanımda olan dostlarımdan hamı ona gülürdü. Mən isə bilmirdim gülüm, yoxsa qəhərlənim. Əslində ilk baxışdan gülməli olan bu insan mənim alim müəllimlərimi, ömrüm boyu pərəstiş etdiyim əsafənəvi insanları təhqir edirdi davranışı ilə. Bir anlıq təsəvvür edin. Xaricdən oturub Azərbaycan televiziyalarına tamaşa edirlər. Rəşid Mahmudovu Azərbaycanın görkəmli alimi hesab edib nə düşünərlər?! Mənə maraqlıdır, Nadir Qafarzadə, Faiq Ağayev və başqa müğənnilərlə bağlı mübahisəli məqamlar olanda televiziya müxbirləri nə üçün öz mikrofonlarını Kamal Abdullaya, Bəkir Nəbiyevə və digər dəyərli alimlərimizə tərəf uzatmırlar. Cavab aydındır. Çünki, bilirlər ki, o şəxsiyyətlər əsl ziyalılardır, onlar yeri gələndə Azərbaycan üçün həlledici məqamlarda çıxıb öz ziyalı iradəsini ortaya qoya bilirlər. Amma Rəşid Mahmudov isə sadəcə bir şoumendir.
Bu yaxınlarda Facebook sosial şəbəkəsində Rəşid Mahmudovun fan qrupuna rast gəldim. Ay Allah, bu qədər də yox dedim. İnsan nə qədər gülünc vəziyyətə düşərmiş?! 70 yaşlı Rəşid Mahmudov Facebook şəbəkəsində oturur və gənclərə dəyərli “məsləhətlər” verir. Çox maraqlıdır, bütün günü bir kanaldan digərinə qaçan və hər dəfə də əyləncəli verilişlərdə tamaşaçıları əyləndirən, gecələr isə internetdə oturub Facebook şəbəkəsində cavanlarla yazışan hörmətli Rəşid müəllim alim kimi araşdırmalar aparmağa, elmi məqalələr yazmağa, tələbələrinə bildiyini öyrətməyə nə zaman vaxt tapır?! Səhv etmirəmsə, biz də bu dünyada yaşayırıq və bizim üçün də sutkada 24 saat var. Bəlkə sizin üçün sutka 175 saatdan ibarətdir və sizin üçün hər şeyə vaxt çatır bu fani dünyada?! Gülməli cəhət də odur ki, Rəşid müəllim özü də hiss etmir ki, kənardakı insnaların hamısı ona gülür. Onun Facebook səhifəsində hamı onunla mırt tutur. Özü isə bunu kütləvi diqqət və hörmət kimi qəbul edir.
Bu yaxınlarda başqa bir məlumat da qulağıma çatıb. Amma bu xəbərin nə qədər həqiqət olub-olmadığını bilmədiyimdən hələlik ciddi irad tuta bilmirəm. Eşitdiyimə görə, Rəşid Mahmudov hansısa verilişdə və ya məclisdə bildirib ki, “Azərbaycan qadınından alim olmaz, getsinlər evdə oturub bozbaşlarını bişirsinlər”. Ay Rəşid baba, alim ola bilmirsən, heç olmasa bir az siyasətin olsun. Niyə özüvü bu “cavan” yaşında məhv edirsən axı?! Bir az diqqətli ol! Axı Azərbaycanın Zərifə Əliyeva, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Siddiqə Məmmədova, Adilə Namazova, Bilqeyis Məmmədova və adını çəkə bilmədiyim digər akademik və alim xanımlarımız var. Bundan başqa, bir az da ağlını işlətsən, bilərsən ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva fəlsəfə elmləri namizədidir, onun bacısı Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva isə filologiya elmləri doktorudur. Rəşid müəllim, hələlik sizin bu qadın alimlərimiz barədə fikirlərinizi dəqiqləşdirməklə məşğulam. İnformasiyanı qeyri-dəqiq mənbədən ədə etdiyimdən kəskin bir şey söyləyə bilmirəm. Amma yaxın günlərdə bu informasiyanın nə qədər ciddi olduğunu araşdıracam. Əgər həqiqətən də belə bir fakt olubsa və siz Azərbaycan qadınının elmlə məşğul olmasını qeyri-mümkün saymısızsa, çox güman ki, sizinlə məhkəmədə görüşməli olacağıq. Bu yerdə atalarımız yaxşı deyib: “Alim olmaq asandır, adam olmaq çətin”.
Əhməd ŞAHİDOV
filologiya elmləri namizədi
22 Fevral 2010-cu il, Moskva, Rusiya
Facebook Comments