GƏNC ALİMİN İLK ELMİ MONOQRAFİYASI ÇAP OLUNDU

Əhməd Şahidov: “Azərbaycan və rus dillərinin sillabikası ilə bağlı monoqrafiyam ilk ciddi elmi əsərimdir”
Bu günlərdə Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidov yeni bir uğura imza atdı. “Müasir Azərbaycan və rus dillərində heca və sözün sillabikası” adlı monoqrafiyası yeni çapdan çıxan müəlliflə söhbətimiz də elə bu barədə oldu. 2009-cu ildə namizədlik dissertasiyasını müdafiə edən və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanan gənc alim bu monoqrafiyasında iki fərqli dillərdə — Azərbaycan və rus dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu barədə söhbət açır, hər iki dildə mövcud olan heca nəzəriyyələrini tədqiq edir, azərbaycanlıların rus dilini öyrənən zaman üzləşdiyi fonetik çətinliklər və bucür çətinliklərin həlli istiqamətlərini göstərir. Müəllif öz monoqrafiyasında qeyd edir ki, “…əcnəbi dilin mənimsənilməsi zamanı ən çətin mərhələ bu dilin fonetiкasının öyrənilməsidir. Ona görə də qohum olmayan dillərdən istifadə zamanı təzahür edən fonetiк hadisələrə, yad dilin mənimsənilməsi zamanı ana dilinin fonetiк sisteminin tələffüzdə kök salmış əlamətlərinin təsiri altında meydana çıxan çətinliklərə çox ciddi tədqiqatlar həsr olunmuşdur (S.İ.Bernşteyn, N.S.Trubetsкoy, Y.D.Polivahov, E.Sepir və s.). Dünyada elə iki dil yoxdur ki, onların dil sistemləri tamamilə eyni olsun. Bu, fonetiк sistemə də aiddir, belə ki, əcnəbi dildə hər hansı bir sözün tələffüzünə edilən istənilən cəhd artiкulyasiya və tələffüz vərdişlərinin dəyişdirilməsi ilə nəticələnir: xarici dil öyrənən şəxs onun tələffüz qaydalarını öz “ana dilinin fonoloji sisteminin prizmasından” qəbul edir (S.İ.Bernşteyn).”
Monoqrafiyanın aktuallığı barədə danışan Əhməd Şahidov xarici dil öyrənən zaman gənclərin üzləşdiyi problemlərdən də söhbət açdı. Onun sözlərinə görə, insan nə qədər çox dil bilsə, bir o qədər yaxşıdır. Bu, onun dünyagörüşünə, mədəniyyətinə, savadına birbaşa təsir edən parametrdir. Dili səlist öyrənməkdən savayı, həmin dildəki sözlərin düzgün tələffüzü də önəmli faktorlardan biridir. Odur ki, rus dilində düzgün tələffüz etməkçün ilk növbədə doğma Azərbaycan dilini dərindən qavramaq lazımdır. Bu, çox önəmli məsələdir: “Bu səbəbdən də ikinci dilə yiyələnmənin əsas fonetiк interferensiyası ana dilin fonetiк bazasının özünəməxsus xüsusiyyətləridir, amma bu, yalnız xarici dilin fonoloji sisteminin şifahi formada ifadəsi zamanı meydana çıxır. Bu, daha çox bir dildə bu və ya digər fonem birləşmələrinin mövcudluğu, digər bir dildə isə əksinə, onların olmaması ilə, həm də nitq axınında samitlərdən saitlərə və əksinə, saitlərdən samitlərə artiкulyasiya keçidlərinin qavranılması zamanı meydana çıxan çətinliklərlə bağlıdır.”
Yenicə işıq üzü görən elmi monoqrafiyanın aktuallığından söhbət açan Ə.Şahidov əlavə etdi ki, iki fərqli dilin heca sisteminin qarşılıqlı müqayisəsi zamanı çox maraqlı faktlar ortaya çıxdı: “Hamı tərəfindən qəbul olunmuş fikir belədir ki, azərbaycanlıları rus tələffüzünə öyrədən zaman mütləq Azərbaycan və rus dillərinin  fonoloji sistemlərinin qarşılıqlı münasibətlərinin müqayisəli planda dərindən öyrənilməsinə ehtiyac vardır. Dilin hər bir təbəqəsi kimi fonetika da təkcə кonкret dil vahidlərinin toplusu ilə deyil, həmçinin həmin təbəqə üçün vacib olan qanunlarla və onların birləşmə qaydaları ilə də müəyyən edilir. Deyilənlər tədqiqatın  mövzusunun aкtuallığını bir daha sübut edir.”
Sonda gələcək planları barədə danışan Əhməd bəy yaxın 1 ayda şeirlər kitabının da çap olunacağını bildirdi. Geniş ictimaiyyətdə daha çox elmi-publisistik yazıları və müxtəlif elmi konfranslardakı uğurlu çıxışları ilə tanınan həmsöhbətimiz maraqlı dəstixətti ilə seçilən şeirləri ilə də özünə pərəstişkar toplaya bilmişdi. Odur ki, Ə.Şahidovun şeirlər kitabının da oxucular tərəfindən maraqla qarşılacağına ümid edirik.
İnformasiya şöbəsi
Комментарии на Фейсбуке