Milli diasporamız qarşısında yeni hədəf: Azərbaycan həqiqətlərini dünya mediasında təbliğ etmək

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycan həqiqətlərinin dünya mediasında yayılmasının zəruriliyi ilə bağlı fikirləri diqqətimi çəkdi. Əslində 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan üçün yeni reallıqlar üzə çıxdı. Biz artıq informasiya sahəsində mübarizə aparırıq və öz haqlı mövqeyimizi dünya ictimai rəyinə çatdırmaq üçün səylərimizi daha da dərinləşdirməliyik. Azərbaycan diasporu da bu istiqamətdə daha intensiv fəaliyyət göstərməlidir.

Yadımdadır, İkinci Qarabağ müharibəsi zamanı hüquq müdafiəçisi və jurnalist kimi hər gün ən azı 5-6 xarici telekanalda çıxışlar edir, müsahibələr verirdim. Gündəlik olaraq Ulusal Kanal`da yayımlanan proqramlarla yanaşı, Türkiyənin digər xəbər kanalları – AHaber, Kanal 24, BengüTürk, TV5, Akit TV, ingiliscə yayımlanan ANews , TRT World, ərəbcə yayımlanan TRT Arabia, dünyanın ən məşhur xəbər kanalları sayılan Al Jazeera English, Al Jazeera Arabia, Sky News Arabia, Al Arabiya və digər nüfuzlu tribunalarda gecə-gündüz danışdıq.

Biz erməni deputatlarla, ekspertlərlə sadəcə danışmır, vuruşurduq, mübahisə edirdik, Vətənimizi müdafiə edirdik. Biz mübarizə apardıq ki, dünya Qarabağ müharibəsi haqqında düzgün məlumat alsın, Azərbaycanın ədalətli mübarizəsini bilsin və tanısın.

44 günlük müharibədə qazandığımız təcrübələr bu gün də bizim üçün faydalıdır. Bugün biz bu kanallarda mütəmadi olaraq Azərbaycanla bağlı çıxışlar edirik. Yəni, bugün də Azərbaycanın informasiya müharibəsinin önündəyik. Allah bizi utandırmasın.

Bu yazını Facebookda şərh et