Hərbi Prokurorluqda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib

Sentyabrın 9-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində keçirilən tədbirdə Hərbi Prokurorluğun əməkdaşları, Milli Məclisin deputatı Nizami Səfərov, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və İnformasiya hüququ üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, Azərbaycan demokratiya və İnsan haqları İnstitutunun rəhbəri Əhməd Şahidov, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti – Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev, habelə şəhid ailələrinin üzvləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi insanın parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Ardınca konfrans iştirakçıları Memorial Soyqırımı Muzeyini ziyarət edib, onlara muzey və orada saxlanılan-tarixi həqiqətləri, o cümlədən xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş cinayətlərin izlərini özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Konfransdan əvvəl tədbir iştirakçıları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Bundan sonra, konfransı açıq elan edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, müasir Azərbaycanın xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək erudisiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyi və əzmkarlığının vəhdəti sayəsində yer kürəsində baş verən neqativ proseslərə rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahı daha da yaxşılaşdırılır. Qazanılan ardıcıl uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Vətən müharibəsindən, möhtəşəm qələbədən bəhs edən Hərbi prokuror Xanlar Vəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan oğulların misilsiz qəhrəmanlığından, Silahlı Qüvvələrimizin rəşadətindən, xalqımızın əzmkarlığından danışaraq qazanılan tarixi zəfəri iqtidar-xalq birliyinin şərtləndirdiyini qeyd etdi və dövlətimizin uğurlarının və şanlı qələbəmizin ölkə başçısının yürütdüyü siyasətin alternativsizliyinin təcəssümü olduğunu xüsusi vurğulayıb.

Daha sonra Hərbi prokuror Xanlar Vəliyev konfrans iştirakçılarının diqqətini müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq cinayətlərinə və digər cinayətlərə yönəltməklə, Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq törətdikləri cinayətlərdən, o cümlədən hərbçilərimizə və dinc əhalimizə qarşı həyata keçirdikləri misli görünməmiş qəddarlıqlardan danışaraq, bütün bunların Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işinin materiallarında toplanmış mötəbər dəlillərlə sübuta yetirildiyini bildirib.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, 30 ilə yaxın işğal müddəti ərzində Ermənistan qəsdən şəhər və kəndlərimizi dağıtmış, talamış, bütün mədəni və dini abidələri viran qoyub. Azərbaycanın bir neçə şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir olunub. Eyni zamanda, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törədib, o cümlədən meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, çaylarımız çirkləndirilib və zəhərləndirilib, torpaqlarımız isə yararsız hala salınıb.

Sevindirici və qürurvericidir ki, hazırda geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin tapşırıqları və müdrik tövsiyələri əsasında bütün infrastrukturların yenidən qurulması, avtomobil və dəmir yollarının, elektrik, su və qaz xətlərinin çəkilməsi, hava limanlarının, tunellərin, körpülərin, müasir yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, su-elektrik stansiyalarının tikilməsi, eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rəhbəri olduğu və Ulu Öndərin xeyirxah ideyalarını layiqincə davam etdirən Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni və dini abidələrimizin bərpa edilməsi prosesi uğurla davam etdirilir. Bu da dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə respublikamızın qüdrətini və iqtisadi gücünü sübut edən növbəti bariz nümunədir.

Bundan sonra, Milli Məclisin deputatı Nizami Səfərov “Ermənilərin Azərbaycan ərazisində yerləşdirdikləri minalara və digər partlayıcı qurğulara görə beynəlxalq konvensiyalara əsasən daşıdığı məsuliyyət”, professor Əmir Əliyev “Törədilmiş müharibə cinayətlərində Ermənistanın beynəlxalq hüquqla müəyyən olunmuş məsuliyyəti”, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova “Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, tarixi faktlar”, hüquq müdafiəçisi Əhməd Şahidov “Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlarda və dünya mediasında tanıdılması və qarşıda duran mühüm vəzifələr” və müharibə veteranı Füzuli Rzaquliyev “I və II Qarabağ müharibəsində ermənilərin törətdikləri müharibə cinayətləri” mövzularında ətraflı çıxışlar ediblər, baş ədliyyə müşaviri Emil Tağıyev isə ermənilərin törətdikləri sülh və insanlıq əleyhinə olan və digər cinayətlər üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq edilən cinayət işləri barədə ümumi məlumat verib.

Sonda Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət, o cümlədən uğurlu xarici siyasət və görülən nəhəng işlər nəticəsində artıq dünya ictimaiyyətinin sözügedən məsələlər barədə səhih və ətraflı məlumatlandırılmasına, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə dövlətimizin müvəffəq olduğunu qeyd edən ədliyyə general-leytenantı Xanlar Vəliyev sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslərin layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib.

Bu yazını Facebookda şərh et