Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Qərb mediasının Türkiyəyə qarşı qərəzli yanaşmasını tənqid edib

13-14 Mart tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Media Azadlığı üzrə Nümayəndəliyi və ATƏT-in Demokratik təsisatlar və İnsan Haqları Ofisinin birgə təşkilatçıllğı ilə “Media Azadlığı hərtərəfli təhlükəsizliyin mərkəzi sütunu kimi” başlıqlı konfrans təşkil olunub.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və dövlət qurumları təmsilçilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında medianın azadlığı mövzusu geniş müzakirə olunub.

Tədbirdə çıxış edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyədə media azadlığının mövcud vəziyyəti barədə məruzə edib və bəzi Qərb dövlətlərinin və beynəlxalq mətbuat təşkilatlarının Türkiyədəki vəziyyətlə bağlı qərəzli hesabatlar dərc etdiklərini, bir çox hallarda yayınlanan hesabatlarda Türkiyəyə qarşı ağır cinayətlər törətmiş PKK və FETÖ terror təşkilatlarının təmsilçilərinin “jurnalist” kimi təqdim olunduğunu bildirib.

Türkiyədə media azadlığının təmin edildiyini diqqətə çatdıran Əhməd Şahidov Türkiyədə baş verən güclü zəlzələ zamanı Fransanın Charlie Hebdo dərgisində Türkiyəyə qarşı qərəzli və nifrət saçan karikatura və məqalə dərc edildiyini bildirib və bənzər təbliğatın digər Avropa ölkələrində də müşahidə edildiyini qeyd edib.

Bu yazını Facebookda şərh et