Əhməd Şahidov ATƏT`in Vyana toplantısında Azərbaycanda media azadlığı və Qarabağda öldürülən jurnalistlər barədə məruzə edib

13-14 Mart tarixlərində Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə toplantısı keçirilib.

Toplantıda ATƏT üzvü olan 57 ölkə, Əməkdaşlıq üzrə ATƏT Tərəfdaşları, ATƏT-in müxtəlif strukturları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar və digər müvafiq şəxslər iştirak edirdi.

Toplantının gündəliyinə uyğun olaraq, “Media azadlığı olmadan hərtərəfli təhlükəsizlik niyə ola bilməz?”, “Media azadlığının ATƏT-in üç ölçüsünə təsiri” və “Media plüralizmi demokratiyanın əsas təməllərindən biri kimi” mövzuları üzrə müzakirələr aparılıb.

Tədbirdə yaxından iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin nümayəndə heyətinin üzvləri tərəfindən media azadlığının insan hüquq və azadlıqları, həmçinin qlobal təhlükəsizliyin qorunmasında, ədalətli və sülhsevər cəmiyyətlərin təşviqində mühüm rol oynadığı qeyd edilib, müasir dövrün təhlükəsizlik çağırışlarının müxtəlif aspektlərinə toxunulub, münaqişə zamanı gərginliyin azaldılması və sülhün təşviqində medianın mühüm rol oynamaq imkanının olduğu, lakin etibarlılığın təmin edilməsi üçün medianın dəqiqlik, şəffaflıq və qərəzsizlik prinsiplərinə riayət etməsinin vacibliyi vurğulanıb.

Toplantıda çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycanda media azadlığı sahəsində aparılan islahatlardan söz açıb, son 2 ildə tətbiq edilən yeniliklər və innovativ tətbiqlər barədə danışıb. Bəzi beynəlxalq media təşkilatlarının Azərbaycanla bağlı yaydıqları hesabatların həqiqəti əks etdirmədiyini və köhnəlmiş məlumatlar əsasında təkrar dərc edildiyini diqqətə çatdıran azərbaycanlı hüquq müdafiəçisi Medianın İnkişafı Agentliyinin yaradılmasından sonra bir sıra uğurlu yeniliklərin müşahidə edildiyini deyib. Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin vahid reyestrinin hazırlandığını və media nümayəndələrinin sərbəst şəkildə məlumat əldə etməsi üçün bütün imkanların mövcud olduğunu deyən Əhməd Şahidov işğaldan azad edilmiş ərazilərdə jurnalistlərin təhlükəsiz fəaliyyət göstərməsinin hələ də mümkün olmadığını və ermənilərin həmin ərazilərə yüz minlərlə mina basdırdığını deyib: “Təəssüflər olsun ki, işğaldan azad edilmiş ərazilərdə jurnalistlər sərbəst şəkildə fəaliyyət göstərə bilmir. Ərazilərin hamısı minalardan təmizlənməyib. Bunun üçün uzun illər və xeyli müddət lazım olacaq. Ötən müddət ərzində öz peşə fəaliyyətini yerinə yetirərkən ermənilərin basdırdığı minalara düşərək həyatını itirən azərbaycanlı jurnalistlər var. Onlar barədə beynəlxalq təşkilatlar öz hesabatlarında məlumat verməli və Ermənistanın müharibə cinayətləri cəzasız qalmamalıdır.”

Əhməd Şahidovun bu çıxışı Ermənistan tərəfinin sərt reaksiyasına səbəb olub və Ermənistanın ATƏT-dəki rəsmi nümayəndəsi 2 dəfə veto hüququndan istifadə edərək, azərbaycanlı hüquq müdafiəçisinin çıxışını kəsməyə çalışıb. Çıxışını bitirən azərbaycanlı hüquq müdafiəçisi Azərbaycanda medianın mövcud durumu ilə bağlı təktərəfli və dəqiqləşdirilməmiş məlumatların istifadə edilməsini qınayıb və Medianın İnkişafı Agentliyinin rəsmi saytında tətbiq olunan yeniliklər və islahatlar barədə məlumatlardan istifadə olunmasını tövsiyyə edib.

Bu yazını Facebookda şərh et