31 Mart Dünya Azərbaycanlılarının Soyqırım Günü Bakıdakı 135 saylı orta məktəbdə qeyd olunub

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının 105-ci ildönümüdür.

Bu münasibətlə Bakı Şəhəri Binəqədi rayonu General Əliağa Şıxlinski adına orta məktəbdə anım tədbiri keçirilib. Azərbaycan Dövlət Himninin səsləndirilməsi, ardınca da 31 Mart soyqırım qurbanlarının və Azərbaycanın uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsinin anması ilə başlayan tədbirdə Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov, Binəqədi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov, hüquq müdafiəçisi Əhməd Şahidov və digər qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Bakı Şəhəri Binəqədi rayonu General Əliağa Şıxlinski adına 135 saylı orta məktəbin direktoru Şəfa Qurbanova 31 Mart soyqırımı ilə bağlı keçirilən tədbir və şagirdlərin hazırladığı anım proqramı barədə danışıb.

Daha sonra məktəbin müəlliməsi Kəmalə Abbasova Azərbaycan xalqının başına gətirilən soyqırım və qətliamlar barədə geniş məlumat verib.

Çıxış edənlər – 10-cu sinif şagirdi Rübabə Məhərrəmova, 8-ci sinif şagirdi Nigar Məsimli, 9-cu sinif şagirdi Məhəmməd Mədətov, 4-cü sinif şagirdi Rəvan Çəndirli və digərləri duyğusal məruzə və şeirlər səsləndiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov Azərbaycan xalqının üzləşdiyi soyqırım və qətliamlar barədə danışaraq, Azərbaycan dövlətinin son onilliklər ərzində Azərbaycan həqiqətlərinin dünyada tanıdılması və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində sistemli iş apardığını və 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun tarixi qələbəyə imza atdığını vurğulayıb. Şagirdlərə xitabən çıxış edən millət vəkili Vüqar İskəndərov yetişməkdə olan gənc nəslin elmli, bilikli və savadlı olmaqla yanaşı, həm də vətənpərvər və mübariz olmalarını və Azərbaycan Dövlətinin yanında yer almalarını tövsiyyə edib.

Binəqədi rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov öz çıxışında tədbir iştirakçılarını salamlayaraq, rayon rəhbərliyinin vətənpərvərlik mövzusunda keçirilən tədbirlərə xüsusi önəm verdiyini və gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.

Daha sonra çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov beynəlxalq təşkilatlarda və xarici televiziyalarda Azərbaycan həqiqətlərinin – soyqırım və işğal faktlarının təbliğ edilməsində gənclərin roluna toxunaraq, bu istiqamətdə könüllü elçilər olaraq, gənc nəslin üzərinə böyük missiya düşdüyünü qeyd edib.

Tədbirdə çıxışlar zamanı qeyd olunub ki, 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.

Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda onminlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

2013-cü ildə Qubada bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan azərbaycanlıların xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi ucaldılıb.

Bu yazını Facebookda şərh et