Azərbaycan diasporasının sınaq imtahanı və qələbə gözləntiləri…

Diaspora işi əslində bir könül məsələsidir. İlk növbədə sevgin olmalıdır bu işə. Savadlısan ya yox, güclü intellekt sahibisən və ya deyilsən, çoxlu dil bilirsən ya bilmirsən, təşkilatçılıq qabiliyyətin güclüdür ya yox – bunlar ikinci növbədə gələn məsələlərdir. Əvvəlcə içində sevgi olmalıdır… Vətənə sevgi, Xalqına sevgi, Dövlətinə, Bayrağına, Himninə sevgi… sevgi, sevgi və sonsuzadək sevgi…

Sevgi varsa, yola çıxa bilərsən. Uğurlar olsun! Uzun və kəşməkəşli bir yoldur. Bu yolda büdrəmək olmaz, tərəddüd içində geri çəkilmək olmaz, əyilmək, sınmaq olmaz! Buna görə də mütləq savadlı olmalısan, güclü intellektin olmalıdır, çoxlu dil bilməlisən, təşkilatçılıq qabiliyyətin güclü olmalıdır.

Bunlar da varsa, qələbə qaçılmazdır, uğur səninlə olacaq hər zaman. Daima yüksələcəksən! Səninlə birlikdə Üçrəngli Bayrağın da yüksəklərdə dalğalanacaq daima…

Elə burada ciddi bir əngəl ortaya çıxa bilər – uğurların səni uçuruma apara bilər. Gərək təkəbbürlü olmayasan, özündən sonra gələnlərə yuxarıdan aşağı baxmayasan. Mehriban olasan, təvazökar olasan ki, yüzlərlə, minlərlə insan sənin ətrafında birləşsin. Dünyanın müxtəlif yerlərində kiçik-kiçik Azərbaycanlar yaransın! Böyük və Qüdrətli Azərbaycanın gələcəyi daha güclü olsun!

Bu sadaladıqlarımı özümdən uydurmuşam, heç harada oxumamışam bunları, kimdənsə də eşitməmişəm. Məhz elə uydurmuşam, xəyallarımda canlandırıb bir arzu kimi qələmə almışam. Bəlkə də dünyanın heç bir yerində heç bir millətin diasporası mən dediyim kimi formalaşmayıb, bəlkə də heç zaman belə bir mexanizm mövcud olmayacaq. Amma mən yenə xəyallarımda yaşadıram o formulu.

Niyə də olmasın axı?! Niyə bizim doğma Azərbaycanımızın disaporası xəyallarda canlandırdığım kimi olmasın?! Ola bilər axı…

Könüllər bir olsa, mütləq olar. Axı hər şey elə bir könüldə alovlanan o kiçik qığılcımdan başlamışdı… 2001-ci ildən alovlanmağa başladı o sevgi, o istək… Məhz həmin ilin noyabr ayının 9-u və 10-da Ulu Öndərimiz Heydər Əliyevin məlum Sərəncamı ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak edirdi. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunurdu.

Bir könüldə yaranan kiçik bir qığılcımdan milyonlarla ürəyin odu isinməyə başlamışdı. Dünyadakı bütün azərbaycanlılar bir eşqin alovuna toplaşmağa başlayırdılar. Çox çətin və həssas bir proses idi əslində. İki qardaşın ailəsini bir evdə yaşatmağın müşkül bir işə çevrildiyi müasir dövrümüzdə milyonlarla insanı Azərbaycan adlı evə toplaya bilmişdik… Bunu Heydər Əliyev etmişdi… Səməd Vurğunun “El bilir ki, sən mənimsən, Yurdum-yuvam məskənimsən, Anam doğma Vətənimsən…” şeirini səsləndirərkən kövrələn, amma yenə də sonda qətiyyətlə “Azərbaycan, Azərbaycan!” deyən Ulu Öndər Heydər Əliyev!

Bir şeyi etiraf edək ki, bugünkü Azərbaycan diasporası hələ ilk qurultayını 2001-ci ildə keçirən diasporamızdan qat-qat zəifdir, parçalanmışdır və intriqalar içində boğulmuş və cana yığılmış vəziyyətdədir… Nədir səbəb görəsən?! Axı Azərbaycan bugün bir dövlət olaraq, 2001-ci ildəkindən daha güclü, daha qüdrətli və beynəlxalq arenada daha qətiyyətlidir. Ölkənin bütün sahələrində inkişafın hiss edildiyi bir vaxtda milli diasporamız niyə yüz il geriyə düşüb görəsən?!

Səbəb çox sadədir… Hələ 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında heç vaxt bir-birini görməyən, amma yenə də doğma insanlar kimi bir-birinə sarılan, vizit kartlarını dəyişib birlikdə fotolar çəkdirən, Azərbaycan üçün böyük işlər qurmaq barədə fikir mübadiləsi aparan həmin insanların indi bir-birini görməyə gözləri yoxdur…

Onları bir-birindən küsdürüblər, iyrəndiriblər, düşmən ediblər… Hətta bəzi diaspora fəallarımız özlərindən də küsüb, gördüyü işdən də bezib, Vətənindən, Dövlətindən küsənlər də var əlbət…

Kim küsdürdü onları?! Axı nə baş verdi ki, Üçrəngli Bayramığımız dalğalanarkən gözləri dolan o insanlar indi könülsüz gəlirlər Azərbaycana, bəzən də illərdir Bakıya yolları düşməyənlər var…?!

Bəli. Qəbahətimiz böyükdür… Bir könül sındırmışıq… Ulu Öndər Heydər Əliyevin qəlbində işıq saçan qığılcımla milyonlarla döyünən ürəyin bir olduğu o könül, o qəlb, o eşq sınıb indi…

Diqqətsizlik, laqeydlik, saymazyana münasibət, savadsızın sinəsinə taxılan medallar, xaricdə intellekt sahibi olan soydaşlarımızın qapılarda saatlarla gözlədilməsi, dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin kabinetlərdə bölüşdürülməsi, xaricdə tədbir keçirmək adıyla bahalı hotellərdə kef məclisləri, Avropada təşkil olunan ad günləri… bu səbəbləri uzun-uzadı sadalaya bilərəm…

Amma yenə də Vətən eşqi ilə döyünən könüllər qalmaqdadır… Barmaqla sayılacaq qədər olsa da, onlar yaşayırlar, təkbaşına da olsa, onlar bugün fəaliyyətdədirlər, dost-tanışdan borc-xərc edib yenə xaricdə tədbir və ya aksiya keçirirlər… Ciblərindəki son avrosunu Azərbaycan üçün xərcləyən o insanların ürəyi elə Azərbaycan boydadır…

O ürəkləri də sındırmaq istəyirdilər… Bu gedişlə o ürəklərdəki Vətən sevgisi də sönə bilərdi… Amma bu, baş tutmadı… çünki, Azərbaycan Dövləti son anda yumruğunu masaya vura bildi… Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin son sərəncamları Azərbaycan Diasporasını yenidən 2001-ci ildəki vəziyyətə qaytara bildi…

Yenə könüllərdə qığılcımlar yaranmağa başlayıb… Dünyanın dörd bir yanındakı soydaşlarımızın ürəklərində bir ümid, bir inam və gələcəyə nikbin baxış açıq şəkildə sezilməkdədir… Hamı inanır ki, indiyə kimi Azərbaycan Diasporasını zəli kimi içəridən sovuran Nazim İbrahimov və onun yarıtmaz komandası – Ramin Məmmədovlar, Nəriman Qurbanovlar, Füzuli Nəcəfovlar, Ruslan Quliyevlər, Kənan Ariflər, Esmira Xəlilovalar, Elşad Miraləmlər və daha nələr, kimlər bacardıqları işlə məşğul olacaqlar… Bacardıqları bir iş tapa bilməsələr də, işsizliyə görə müavinət alacaqlar…

Hamı inanır ki, savadlı kadrlar, güclü intellekt sahibləri, çoxlu əcnəbi dillərdə danışan, təşkilatçılıq qabiliyyəti güclü olan və ən əsası da bu işə könül vermiş insanlar yenidən Dövlətin Diaspora Siyasətinin ön cərgələrində olacaqlar… İnanırıq və gözləyirik!

Hörmətlə,
Fəlsəfə Doktoru Əhməd Şahidov
www.shahidov.com/az

Bu yazını Facebookda şərh et