Hüquqi dövlətdə plüralizm

Plüralizm latınca «plüralis» sözündən olub «çoxluq» deməkdir. Plüralizm ictimai-siyasi həyatda daim yarışda və rəqabət mübarizəsində olan, bir-birindən asılı və bununla yanaşı, muxtar olan sosial, siyasi qrupların, partiyaların, təşkilatların, ideyaların və baxışların çoxluğu mənasını verir. Plüralizmin siyasi, mədəni-mənəvi iqtisadi, sosial və s. növləri mövcuddur. Təbiətinə görə plüralizm cəmiyyətdə normal sosial-siyasi münasibətlərin dirçəlmə meyillərinin inkişafını stimullaşdırır, proseslər nəzarətə məruz qalmadan sərbəst, müstəqil şəkildə inkişaf edir. Plüralizm nəticəsində sosial-siyasi baxışların, əlaqələrin sayı artır ki, bu əlaqələrdən, istiqamətlərdən hər biri öz muxtariyyatına doğru inkişaf etməyə başlayır. Politoloqlar demokratik, hüquqi dövlət quruculuğunda plüralizmin inhisarçılığın istənilən formasının əleyhinə çıxış etdiyini göstərməklə, plüralist tipli ümumi mühüm əlamətlərini də qeyd edirlər:
– Sosial davranışın hərəkət dinamikasını buxovlayan stereotiplərin «silinib getməsini» stimullaşdırır.
– Qeyri-dözümlüyün, qarşıdurmanın, dünyanı ikiqütblü varlıq kimi anlamağın əsaslarını aradan qaldırır.
– Sosial, ideya, konseptual fərqləndirməni dəyər və norma kimi qəbul edərək şəxsiyyətin azadlığı dərəcəsini artırır. Plüralizm sosial qrup və təbəqələrin müxtəlifliyi şəraitində formalaşır. Siyasi plüralizmin formaları müxtəlifdir. Bu, həm çoxpartiyalılıq, həm hakimiyyətin müvafiq səlahiyyətlərə malik olan müxtəlif mərkəzlərə bölünməsi, həm də formal yox, həqiqətən, yerlərdə özünüidarənin inkişafı və «dördüncü hakimiyyətin» – müstəqil mətbuatın olması deməkdir.
Plüralizm siyasi nəzəriyyə prinsipi kimi fəlsəfi-metodoloji əsas olmaqla nəzəri fikrin açıqlığı konsepsiyalarından çıxış edir. Bu konsepsiyaya görə, hər bir intellektual prosesdə fikir ayrılığı labüd haldır. Elmi biliyin artması təlimlərin çoxluğu ideyasını rədd etmir, əksinə, onların dərki üçün toplayan konseptual plüralizmə söykənir. Belə halda plüralizm bu və ya digər konsepsiyalar çərçivəsində müəyyən prinsiplərə riayət etməyi inkar etmir. Dünyanın nəzəri mənzərəsinin yaradılmasına plüralist yanaşma biliklərin əldə edilməsinin mövcud üsulunun müstəsnalılığına iddia irəli sürmür, lakin müxtəlif hipotezlərin zəruriliyini, onların inkarı üçün aşkarlığı qanuniləşdirərkən, elmi axtarışı obyektin daha adekvat dərkinə istiqamətləndirir.
Plüralist demokratiya yalnız o zaman «işləyə» bilər ki, milli ənənəyə uyğun gəlsin, özünün təcəssüm formaları və metodları ilə milli mədəniyyətlə üzvü vəhdətdə olsun, milli şüura ləngidici təsir göstərməsin. Plüralist demokratiya ictimai şüuru peşə-nəzəri, siyasi-idarəetmə, həmçinin, kütləvi şüura uyğun gəldikdə, milli şüuru da müasirləşdirir, zənginləşdirir.
Siyasi institutlara zidd durmağın zəruriliyi meydana çıxdıqda sosial ümumilik plüralizmə ehtiyac duyur. Plüralizm bir siyasi prinsip kimi sosial sistemi müxtəlif, o cümlədən, əks, iqtisadi, sosial, etnik, mədəni, ekoloji və prinsipcə müstəqil və potensial olaraq özütənzim olunan, dövlət hakimiyyəti sahəsindən kənarda qalan, daşıyıcıları isə siyasi prosesin muxtar və bərabərhüquqlu iştirakçıları olan digər fərdi və ictimai mənafelərin qarşılıqlı təsiri məkanı kimi təşkil etməyə imkan verir.
Hüquqi dövlət quruculuğunda plüralizm anlayışının yeri hardadır? Bu anlayış cəmiyyətdəki dəyərlərin formalaşmasına necə təsir göstərə bilər? Bu sualla ziyalılarımıza müraciət etdik.
Politoloq Əhməd Şahidov hesab edir ki, plüralizm – bir məsələ ətrafında bir neçə fərqli fikir, mülahizə və metodların bir araya gəlməsi, müxtəlif fikrin normal qəbul edilməsi və bütün fərqli baxışların eyni hüquqlara malik olması deməkdir: «Məntiqi olaraq, düşünsək, plüralizm əslində cəmiyyətin inkişafı deməkdir. Dövlətin qurulmasında, idarə edilməsində isə əsasən siyasi plüralizm önəmli rol oynayır. Siyasi plüralizm isə müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatların olması zəruridir. Bütün bu zəruri şərtlər daxilində dövlət inkişaf edir, cəmiyyət yalnız və yalnız tərəqqiyə istiqamət alır. Nümunə kimi ən qabaqcıl Qərb dövlətlərini götürə bilərik. Dünyada çox az dövlət tapılar ki, plüralizmin bütün dəyərlərinə riayət edir. Bizim ölkəmiz müstəqilliyinin iyirminci yaşını qeyd edib. Bu gün Azərbaycanda yuxarıda saladalanan dəyərlərin hamısına tam riayət olunduğunu demək bir az düzgün olmazdı. Amma təbii ki, ölkəmiz 90-cı illərin Azərbaycanı deyil. 20 il əvvəlki plüralizmlə müqayisədə bu gün ölkəmiz çox inkişaf edib – ən azından Azərbaycanda bu gün çoxpartiyalı sistem uğurla faəliyyət göstərir, müstəqil media inkişaf edir, yüzlərlə qeyri-hökumət təşkilatları var ki, nəinki hökumətdən asılı deyil, hətta hökumətin bu və ya digər sahədəki fəaliyyətini kəskin tənqid edir, hökumətə öz təkliflərini rahat şəkildə verə bilirlər. Lakin düşünürəm ki, bu, hələ son olmamalıdır. Cəmiyyətimizdə plüralizm daha qabarıq şəkildə ifadə olunmalıdır. Eyni zamanda fərdi və toplum maraqlarına xələl gətirməmək şərtinə də əməl olunmalıdır. Çünki, plüralizm deyib də kiminsə şərəf və ləyaqətini alçaltmaq düzgün deyil. Bu, çox həssas bir sahədir və buna diqqətlə yanaşmaq lazımdır».
Yazar – publisisit Hafiz Mirzənin fikrincə hüquqi dövlət quruculuğunda əsas cəhət kimi plüralizm anlayışının önə verilməsi düzgün deyil: «Önə qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi və cəmiyyətdə sağlam rəqabətin formalaşdırılması amili çıxarılmalıdır. Cəmiyyət formalaşdıqdan sonra plürealizm fayda verə bilər. Amma bütün bunlar olmadan birbaşa plürealizmin hakim mövqeyə qaldırılması cəhdləri əslində milli-mənəvi dəyərlərə qarşı basqı niyyətinə və milləti sıradan çıxartmaq istəklərinə xidmət edəcək. Necə ki, müstəqilliyimizin ilk illərində bu hal özünün fəsadlarını göstərdi. Hər kəs ağzına gələni yazarsa, danışarsa, hələ formalaşmamış cəmiyyət bundan sarsıla bilər».
«Müstəqil Mətbuat Mərkəzi» İctimai Birliyinin sədri Elçin Xalidbəyli hesab edir ki, hüquqi dövlət quruculuğunda plüralizm anlayışının müstəsna yeri var: «Çünki plüralizm azad və sərbəst düşüncəli insanın yetişməsində təməl dəyərlərdəndir. Plüralizmin mövcud olmadığı cəmiyyətlər fikir və düşüncə azadlığı sahəsində əlil cəmiyyətlər sayılır. Plüralizm cəmiyyətdə və siyasi idarəçilik sistemində təzahür edən bir çox eybəcərliklərin aradan qaldırılmasında əvəzsiz rol oynayan prinsipdir. Ölkəsini və xalqını inkişafa götürmək istəyən hər hansı siyasi qüvvə ilk növbədə plüralizm anlayışının cəmiyyətin gündəlik həyat tərzinə çevrilməsinə nail olmağa borcludur. Əks halda həmin siyasi qüvvənin vədləri və etdikləri gözdən pardə asmaq cəhdlərindən uzağa gedə bilməz. Bir sözlə sağlam cəmiyyət yaratmaq, digər önəmli dəyərlərin cəmiyyətdə yerini alması üçün ilk növbədə plüralizm anlayışının siyasi idarəçılık sisteminə sintez olunması olduqca vacibdir».
İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı hesab edir ki, plüralizm Qərb demokratiyasının inkişafı prosesində ortaya çıxmış bir təcrübədir: «Qərbdə insan haqlarına dayanan modern hüquq sistemi oturuşduqdan sonra siyasi, dini və düşüncə pluralizmi tanınmışdı. Yəni hər kəsin öz düşüncəsinə sərbəst şəkildə bəyan etmə haqqı. Daha əski zamanlar bir məzhəbmərkəzli dövlətlər olurdu. Dövlətin məzhəbinə aid olmayanların haqqı olmurdu. Din siyasətdən ayrıldıqdan sonra bütün məzhəblərə yaşam haqqı tanındı.
Liberalizm və pluralizm bir yerdə inkişaf etdi. Bunun üç əsası var:
1. İqtisadi plüralizm. Dövlət iqtisadiyatdan sorumlu olmur və bazar iqtisadiyatına keçilir. Kimin nə işlə məşğul olacağını dövlətin məzhəbi və ya qeyri-məzhəbi ideologiyaları bəlli etmir. Sovet dönəmində, ya da indiki İranda olduğu kimi. Vergisini verən hər kəs qanun çərçivəsində sərbəst iqtisadi fəaliyyətlə məşğul olur.
2. Siyası plüralizm. Hər kəsin iqtidara gəlmə haqqı var. Siyasətin leqallığını bəlli edən ilahi qanunlar deyil, xəlqi iradədir, seçimdir. Siyasi pluralizmin adına demokratiya deyilir. Demokratiya bir dəyər deyildir, dəyərlərin tətbiq edilmə mexanizmidir. Onun içindəki dəyələrlər olmazsa, dini və düşüncə pluralizmi olmazsa, demokratiya İrandakı günə düşər. İranda da seçim var, prezident, millət vəkilləri və bələdiyyələr seçilirlər. Ancaq necə seçilirlər. Tək bir dəyər əsasında. Dəyərlərin plüralizmi, düşüncə və din pluralizmi yoxdur. Məsələn İran qanununda yazılır ki, ölkənin məzhəbi şiədir. Qanunda belə şey yazılmamalıdır. Məzhəbi təyin edən qanun deyil, insanların fərdi vicdanıdır. Ona görə də bu ölkədə digər məzhəbdən, yaxud dindən olan bir şəxsin prezident olmaq şansı yoxdur.
3. Düşüncə və dini pluralizm. Bu üçüncü olmazsa, demokratiya da olmaz. İnsnaların idrakına, düşüncəsinə və vicdanına seçim haqqı tanımaq lazımdır. Dəyərlər burada icad edilir və demokratiya burada icad edilən dəyələrin tətbiq vasitəsidir. Bu üzdən də demokratiya metod və formadır, məzmun deyildir. Məzmun rəqabətdə olan dəyələrlərin özünü həyata keçirmə istəkləridir».
Yazı Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi «Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu prosesi və dünyəvi dövlətçilik prinsiplərinin təbliği» layihəsi çərçivəsində təqdim olunur».

Oqtay Hacımusalı
“Xalq Cəbhəsi” qəzeti, 15 Fevral 2012-ci il

Facebook Comments