“HƏCC ZİYARƏTİNƏ GETDİM, QAÇDI YAZDILAR…” (FOTOLAR)

ymƏhməd Şahidov: “Həccə getməyə qərar verəndə məlum video söhbəti ortaya çıxmamışdı”

Rüşvət qalmaqalı ilə ölkə gündəmini zəbt edən Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın sabiq köməkçisi Əhməd Şahidov ilk dəfə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Yenicə müqəddəs Həcc ziyarətindən qayıdan gənc alim və yazarla görüşüm zamanı Gülər Əhmədova məsələsindən tutmuş Həcc xatirələri, yeni kitablarının işıq üzü görməsi və s. kimi mövzular ətrafında söhbət etdik.

– Əhməd bəy, video qalmaqalı zamanı susqunluq nümayiş etdirməyinizin səbəbi nə idi?

– Milli Məclisin əməkdaşı idim. Məni Gülər xanıma köməkçi kimi təyin etmişdilər. Deputat köməkçisinin də öz vəzifələri var. Mən öz işimin nə olduğunu bilirdim və səlahiyyətlərimdən kənara heç bir zaman çıxmırdım. Son hadisələr zamanı da mən öz işimi yerinə yetirdim. Bilirdim ki, bu məsələ ilə bağlı danışmaq mənim həddim deyil. Öz səlahiyyətlərim çərçivəsində də hərəkət etdim. Gülər xanımın fikirlərinin mətbuatda dərc olunmasına, jurnalistlərin onunla əlaqə yaratmasına yardımçı oldum.

– Bir müddət əvvəl xəbər yayıldı ki, Gülər Əhmədovanın köməkçisi xaricə qaçıb. Sonradan Həcc ziyarətinizdən çəkdirdiyiniz şəkilləri sosial şəbəkələrdə gördük. Nə baş verdi?

– Həcc ziyarətinə getmək bir gün içində veriləcək qərar deyil. Altı ay öncəsindən müəyyən prosedurlar həyata keçirilir, Qafqaz Müsəlmanları İdarəsinə müraciət olunur, növbəyə durursan, ödənişi edirsən, sənədlər hazırlanır, tibbi müayinədən keçirsən, səninçün viza alınır və sən qrup şəklində yola düşürsən. Mən Həccə getməyə qərar verəndə məlum video söhbəti ortaya çıxmamışdı. Həccə getmək mənim ən böyük arzularımdan biri idi. Bəzi mətbuat orqanları gündəmə görə müəyyən dezinformasiyalar yaydı. Onlardan da biri mənim guya xaricə qaçmağımla bağlı idi. Həmin xəbərlər mənim Həccə getdiyimi bilən ailəmi də dərindən sarsıtdı. Yazıldı ki, guya mən hansısa sənədləri götürərək ölkəni tərk etmişəm və İranda həbs olunmuşam. Məkkəyə gedərkən bir-iki gün mobil rabitə və internet problemim oldu. Bunun da səbəbi ilk düşdüyümüz Ciddə aeroportunda 7-8 saat gözləməyimiz, daha sonra avtobuslarla Məkkə ətrafındakı Miqat məscidində qüsul alıb ehram geyinməyimiz və digər əməllərlə bağlı idi ki, mən ilk bir-neçə gün ailəmlə əlaqə saxlaya bilmədim. Həm də düşünürdüm ki, tez-tez xaricdə olduğumdan ailəmiz 2-3 gün məndən xəbər almamağa alışıblar. Lakin bu dəfə bir qədər fərqli oldu, çünki məlum hadisələr mənim ailəmi də üzmüşdü. Barəmdə yazılan xəbərlərdən anam həddindən çox stress keçirmişdi. Yaxşı ki, mən iki gün sonra onlarla əlaqə saxlayıb, hər şeyin yaxşı olduğu xəbərini verə bildim.

– Həccə getmək fikri birdən-birə sizdə haradan meydana gəldi?

– Ümumiyyətlə, mən inanclı insanam. Bu barədə əvvəllər çox danışmasam da, özüm iki dəfə Məşhəddə ziyarətdə olmuşam. Bilirsiniz ki, Həcc ziyarəti müsəlman üçün buyrulmuş vacib əməllərdən biridir. İmkanı olan hər bir müsəlman mütləq Həccə getməlidir. Adam var ki, çox zəngindir, amma Həcc ziyarətinə getmək ona qismət olmur. Mən hər zaman Allahın istədiyi bəndələrinə bu ziyarəti bəxş etdiyi inancında olmuşam. Həcc ziyarəti çox da baha deyil və mən bu müqəddəs ziyarətə getmək üçün illərdir pul yığmamışam. İmkanım həmişə olub, ancaq qismət olmayıb ki, bu ziyarəti gerçəkləşdirim. Bu dəfə heç gözləmirdim. Allah qismət etdi. Sənədlərimi verərkən də Həccə gedəcəyimə tam əmin deyildim. İnsanlar var ki, illərdir sənədlərini təqdim ediblər, amma hələ də növbələrini gözləyirlər. Mənim Həcc ziyarətim məlum hadisələr dönəminə düşsə də, çox sevinirdim. Ümumiyyətlə, həyatımızın müxtəlif dönəmlərində qarşılaşdığımız hadisələrə mən bir sınaq kimi baxıram. Bu hadisələr də mənim üçün bir sınaq idi.

“Artıq hiss edirəm ki, özümdə müsbət dəyişikliklər baş verib”

– Həcc ziyarəti Əhməd Şahidovda nə kimi dəyişikliyə səbəb oldu?

– Dini və elmi baxımdan Həcc ziyarətinin mahiyyətini başa düşürdüm. Bu, həm Allaha ibadətdir, həm də gələcəkdə insanın daha rahat, daha xoşbəxt yaşaması üçün vacib əməldir. Məkkəyə çatanda niyyət edib, qüsul alıb ehram geyindik. Bizə adi günlərdə halal buyrulan şeylər bu zaman haram sayılır. İnsanlar Məkkəyə daxil olandan Allah qarşısında bərabər olurlar. Orada hər kəs bərabər hüquqlu olur. Nazir də, fəhlə də bizim pulla iki-üç manatlıq parça geyinir, buna ehram deyirlər. Hər kəs Kəbəni bərabər şəkildə dövr edir, buna da təvaf deyirlər. Həcc ziyarəti zamanı qarşılaşdığım mənzərələr mənim həyatımda böyük dəyişikliyə səbəb oldu. Ən çox da səbrli olmağı və nəfsimi qorumağı öyrəndim. Artıq hiss edirəm ki, özümdə çox müsbət dəyişikliklər baş verib. Təsəvvür edin ki, Ərəfat dağında, Muzdələfə çölündə insanlarla çörəyini, suyunu paylaşmaq nə qədər gözəl bir hiss yaşadır adama. İnsan tək özünü deyil, ətrafındakıları da düşünür, özünə rəva bilmədiyini heç kimə məsləhət görmür, məcbur etmir. Quru torpaq üzərində yatmaq içimdə olan dözümlülüyü daha da artırdı, insana həyatda nə vəzifə, nə pul, nə də hakimiyyətin kömək ola bilməyəcəyini anladım. İnsanı yalnız onun ağlı, imanı, səbri və nəfsi xilas edə bilər düşüncəsi ruhumda dərin kök saldı. Allah mənə qismət etdi ki, Kəbə divarına toxuna bildim, Kəbə daşına başımı saldım, Zəmzəm suyundan doyinca içdim, gecədən səhərə qədər Kəbədə Allaha dualar elədim. Bu hissi sözlə ifadə etmək mənə çox çətindir.

– Həcc ziyarətində olduğunuz zaman “Facebook”da sevindirici xəbərlər aldığınızı yazmışdınız. Nə xəbərlər idi onlar?

– Ümumiyyətlə, 2012-ci il mənim üçün çox düşərli bir il olub. Allah hamıya qismət eləsin oğlumun dünyaya gəlməsini gözləyirəm. Bundan başqa, Məkkədə olarkən doktoranturaya qəbul olunmam barədə xəbər aldım. İki kitabım işıq üzü görüb. “Sevdiyim qadın” romanı və “Gecələr ağlayan qadın” şerlər kitabımın çıxması bir yazıçı kimi mənim uğurumdur.

– Romanınız Milli Kitab Mükafatı müsabiqəsinə təqdim olunub. Sizcə yer tuta biləcəksinizmi?

– Romanım çıxan kimi fikrim var idi ki, Milli Kitab Mükafatı müsabiqəsinə təqdim edim. Bakıya gələn kimi də “Sevdiyim qadın” romanını müsabiqəyə təqdim etdim. Çox inamlıyam və ilk yerlərdən birini qazanacağımı düşünürəm. Bu, müsabiqədir. İndidən nəticələrlə bağlı danışmaq çox çətindir. Artıq romanımı oxuyanlar sosial şəbəkələrdə müzakirələrə başlayıblar. Tənqidi fikirlər də səsləndirilir. Bunu da normal olaraq qəbul edirəm.

Fərahim İLQAROĞLU, “Yeni Müsavat” qəzeti

Facebook Comments