ATA, QOCALIRSAN DEYƏSƏN…

Ata, sənə qurban olum, ay ata!
İstərdim ki, yanımda əyləşəsən
Ürəkdəki sözlərimi, sözümü,
Qəlbimdəki arzunu dinləyəsən.
Səni sonsuz məhəbbətlə sevərək,
Sənlə nəfəs aldığımı biləsən,
Ata, sən də qocalırsan, deyəsən…

*****

Sən bizlərçün çox əziyyət çəkmisən,
Cavanlığın bizlərə sərf etmisən.
Min zəhmətlə işləyib gecə-gündüz
Sən Vətənə övladlar böyütmüsən.
Ən çətin günümdə, çətin məqamda,
Gəlirsiz göz önümə anam və sən,
Ata, sən də qocalırsan, deyəsən…

*****

Danışırsan cavanlıq vaxtlarından,
Necə hündür, yaraşıqlı olmusan.
Əsgərlikdə qəhrəmanlıq göstərib
Bir yumruqla üç nəfəri yıxmısan.
İndi isə tək xatirələr qalıb,
Adlamısan altmış beşi biləsən,
Ata, sən də qocalırsan, deyəsən…

*****

Yaşlaşsan da ruhun hələ cavandır,
Hələ yenə zəhmətdir yol yoldaşın.
Hər gün həyət-bacada ya da evdə,
Mıx, kəlbətin, çəkicdir tək sirdaşın.
Tikdin, qurdun, yaratdın hər şərait
Səninlə fəxr edirik ancaq, əhsən!
Ata, sən də qocalırsan, deyəsən…

*****

Köks ötürmə, ata, hər şey düzələr,
Qış gəldisə, arxasınca yaz gələr
İndi sənin qulluğunda dayanıb,
Min dərdinə min bir dərman arayıb
Gecə-gündüz qucağında oynayıb
Nəvələrin, oğul-uşaq, bir də sən,
Ata, sən də qocalırsan, deyəsən…

*****

Arzun idi Şairləri böyütmək,
Sən də Şair, nəvən də Şair oldu.
Arzu varsa, həyat da varmış demək,
Ailəmizdə dübarə Şair oldu.
Baba Şair, nəvə Şair qarışıb
Bilmirsən ki, kimə Şair deyəsən
Ata, sən də qocalırsan, deyəsən…

Əhməd ŞAHİDOV
08 Avqust 2010-cu il, saat 00:10, Bakı, Azərbaycan

Facebook Comments