21-22 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində “İqlim dəyişikliyi və insan haqları” mövzusunda beynəlxalq konfrans keçirilib

Qətərin Baş naziri və daxili işlər naziri Şeyx Xəlifə bin Əbdüləziz əl-Taninin himayəsi altında Fevral ayının 21-də Dohada beynəlxalq təşkilatların və dünyanın müxtəlif ölkələrindən 300-dən çox ekspert və tərəfdaşın iştirakı ilə “İqlim dəyişikliyi və insan haqları” adlı beynəlxalq konfrans öz işinə başladı.

Qətər Milli İnsan Haqları Komitəsinin (NHRC) təşkilatçılığı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi, BMT-nin İnkişaf Proqramı (UNDP), Ərəb Dövlətləri Liqası və Milli İnsan Hüquqları Təşkilatlarının Qlobal Alyansının (GANHRI) birgə dəstəyi ilə keçirilən iki günlük konfrans hüquqa əsaslanan iqlim fəaliyyətinin vacibliyini vurğulayır.

Qətərin bir sıra nazirlərinin və müvafiq təşkilatların rəsmilərinin iştirak etdiyi açılış sessiyasında Qətər Milli İnsan Haqları Komitəsinin (NHRC) rəhbəri Məryəm bint Abdullah əl-Attiyah bildirib ki, konfrans insan hüquqları baxımından iqlim dəyişikliyi və ekoloji risklərlə mübarizə tempini inkişaf etdirmək və sürətləndirmək üçün müzakirələr və bilik və təcrübə mübadiləsi üçün dəyərli imkan yaradır.

Məryəm bint Abdullah əl-Attiyah qeyd etdi ki, konfrans təbiətlə barışmağa kömək edən tədbirlər təklif etməyə və iqlim dəyişikliyi ilə bağlı insan hüquqlarına əsaslanan fəaliyyətin təşviqi ilə bağlı real tövsiyələrə nail olmağa çalışır ki, bu da həyata keçirilə bilən xüsusi hüquqi öhdəliklərin qəbuluna çevrilə bilər, o cümlədən beynəlxalq insan hüquqları sistemi tərəfindən norma və alət kimi qəbul edilə bilər.

Beynəlxalq konfransda iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov dünyada baş verən iqlim dəyişikliyi, təbii fəlakətlər və zəlzələlərə diqqət çəkərək, fövqəladə hallarda fundamental insan hüquqları və azadlıqların təmin edilməsinin vacibliyini vurğulayıb.

Əhməd Şahidov Qətər Dövlətinin və xüsusilə də Qətər Milli İnsan Haqları Komitəsinin belə beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib və Dohada keçirilən iki günlük konfransın əhəmiyyətini yüksək qiymətləndirib.

Bu yazını Facebookda şərh et