ATƏT`in Vyana toplantısında erməni və azərbaycanlı nümayəndələr arasında gərginlik yaşanıb

Bugün Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in İnsan Haqları və Demokratik Təsisatlar Ofisinin təşkil etdiyi “Münaqişə zonalarında işgəncə faktları və beynəlxalq humanitar hüququn digər ağır pozulma halları” mövzusunda beynəlxlq konfrans öz işini davam etdirib.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və dövlət qurumları təmsilçilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında mövcud münaqişələr və işgəncə halları mövzusu geniş müzakirə olunub.

Tədbirdə çıxış edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov çıxışa başlamazdan öncə Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın Avropa Şurasının eksperti kimi təqdim edilərək çıxış etməsinə etiraz edib və erməni ombudsmanın faşist ruhlu açıqlamalarını xatırladıb. 44 günlük müharibə günlərində erməni ombudsman Arman Tatoyanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırdığını və Ermənistanın işğalçı siyasətini müdafiə etdiyini bildirən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistanın dövlət səviyyəsində müharibə cinayətlərinə imza atdığını da toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Əhməd Şahidovun bu çıxışı Ermənistan nümayəndəsinin etirazına səbəb olub və Ermənistanın ATƏT`dəki daimi nümayəndəliyi veto hüququndan istifadə edərək azərbaycanlı hüquq müdafiəçisinin çıxışını kəsməyə çalışıb. İki dəfə çıxışı dayandırılan hüquq müdafiəçisi Əhməd Şahidov 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan ordusunun Azərbaycanln mülki vətəndaşları hədəf aldığını, Gəncə, Bərdə, Tərtər və Mingəçevirdə mülki obyektlərə raketlər atıldığını diqqətə çatdırıb.

Daha sonra Ermənistanın basdırdığı minalarla bağlı məsələ qaldıran Əhməd Şahidov 10 Noyabr 2020-ci il razılaşmasından sonra da Ermənistanın mina cinayətlərini davam etdirdiyini bildirib.

Bu yazını Facebookda şərh et