Dohada keçirilən beynəlxalq konfransda münaqişələr zamanı qida təhlükəsizliyi məsələsi müzakirə olunub

6-7 Fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində Qətər Milli İnsan Haqları Komitəsi, BMT`nin İnsan Haqları üzrə Ali Komissarlığı, Milli İnsan Haqları İnstitutlarının Qlobal Alyansı, BMT`nin İnkişaf Proqramı Ofisi (UNDP), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) və Ərəb Dövlətləri Liqasının birgə təşkilatçılığı ilə beynəlxalq insan haqları konfransı keçirilib.

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Jassim Əl Thani`nin himayəsi ilə baş tutan konfrans “Qida Hüququ: İnsan Haqları Prizmasından” (Food Justice From a Human Rights Perspective) adlanırdı. Beynəlxalq konsfransda dünyanın dörd bir yanından hüquq müdafiəçiləri, dövlət və hökumət rəsmiləri, media nümayəndələri və beynəlxalq təşkilatların rəsmiləri iştirak ediblər.

Konfranda çıxış edən Qətər Milli İnsan Haqları Komitəsinin prezidenti Məryəm bint Abdullah Al Attiya konfrans iştirakçılarını salamlayaraq, dünyada insan haqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin zəruriliyinə diqqət çəkib, qlobal ərzaq böhranının müzakirəsinə və qida ədalətinə həsr olunmuş bu konfransın əsas amalının dünyadakı bütün insanlara layiqli həyat təmin etmək olduğunu bildirib.

Konfransda çıxış edənlər dünyadakı qida təhlükəsizliyi məsələsinə diqqət çəkərək, beynəlxalq təşkilatların və dövlətlərin bu sahədə əməkdaşlığının zəruriliyini vacib sayıblar.

Qətər Milli İnsan Haqları Komitəsinin baş katibi Sultan bin Hassan Al Camali milli insan haqları institutlarının Qətərdə bir araya gəlmələrini önəmli hadisə olaraq, xarakterizə edib və konfrans çərçivəsində aparılan müzakirələrin və alınan qərarların yaxın gələcək üçün faydalı olacağını bildirib.

Bu yazını Facebookda şərh et