Xocalı qətliamı: 32 ildir dinməyən acı – Əhməd Şahidov 1992-ci ildə baş vermiş dəhşəti Ulusal Kanalda danışır

Xocalı Soyqırımının üzərindən 32 il keçsə də, ağrılar azalmır. Bu gün, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliamın 32-ci ildönümüdür. Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Türkiyənin Ulusal Kanal Televiziyasında jurnalist Halil Nebilerin suallarını cavablandıran politoloq Əhməd Şahidov o dəhşətli günlərdən danışıb.

Bəşər tarixinə qara ləkə olan Xocalı qətliamında 613 Azərbaycan vətəndaşı həyatını itirib.

Sovet İttifaqının dağılması ilə Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə başlayan və hücuma keçən ermənilər 1991-ci ilin son günlərində blokadaya aldıqları, bölgədə yeganə hava limanına malik olan Xocalını işğal etmək üçün hərəkətə keçdilər.

1992-ci il fevralın 25-də aylarla davam edən hücumlarını daha da gücləndirən ermənilər 20-ci əsrin ən qanlı qırğınlarından birini dinc əhaliyə, amansız işgəncələrə məruz qalan əsirlərə qarşı törətdilər.

Əvvəllər 7 min insanın yaşadığı Xocalıda 70-i qoca, 63-ü uşaq olmaqla 613 müdafiəsiz Azərbaycan vətəndaşı həyatını itirdi. Qırğından 487 nəfər ağır yaralarla sağ çıxa bilib, erməni silahlı qüvvələri 1275 nəfəri əsir götürüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.

Qırğında 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Qətlə yetirilən şəxslərin məhkəmə-tibbi ekspertizaları və şahid ifadələri Xocalı sakinlərinin ağlasığmaz işgəncələrə məruz qaldığını əyani şəkildə sübut edir. Həmin vaxt çəkilən görüntülər və fotoşəkillər qətliamın böyüklüyünü ortaya qoyur.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Xocalıda baş verənləri müharibə cinayətlərinə və ya insanlığa qarşı cinayətlərə bərabər hesab edib.

Bu yazını Facebookda şərh et