Alınmır insanın həyat düsturu,
Arzular zənbili suya düşəndə.
Həyat ağ və qara, rəngsiz görünür,
Rəssamın ilhamı dara düşəndə.
*****
İnsan hey çırpınır zirvələr üçün,
Bu yolda o nələrindən keçməyir?!
Quru ad-san, şöhrət, vəzifə üçün
Gecələr yatmayır lazım gələndə.
*****
Həyatın mənası nədir görəsən?
Nədir insanların yaşam məqsədi?
Bu adi sualın, bu fəlsəfənin
Cavabın bilmirik yeri gələndə.
*****
Amma yenə yaşayırıq xəbərsiz,
Xəbərsizik bizi bura göndərən
Zamanında cismimizi söndürən
Allah adlı görünməzə gələndə.
*****
Əhməd, sən də bu həyatdan bixəbər
Olma, dayan, anla bu fəlsəfəni.
Anla ki, həyata niyə gəlmisən?!
Niyə gedəcəksən vaxtı gələndə?!
*****
Sahib olmaq üçün gəlmə həyata,
Şahid ol pisliyə və nadanlığa.
Şahid ol yaxşıya, mehribanlığa,
Qürurla hesab ver ölüm gələndə.
Əhməd Şahidov
20 Mart 2010-cu il, saat 06:22, Moskva, Rusiya