“Qarabağ məsələsi iki il əvvəl həll olunub” – Əhməd Şahidov Soçi Sammitini BengüTürk`ə dəyərləndirib

Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Mövzu ilə bağlı BengüTürk kanalına danışan politoloq Əhməd Şahidov bildirib ki, Soçidə keçirilən Putin-Əliyev-Paşinyan görüşündən ciddi nəticə gözləməyə ehtiyac yoxdur: “Çünki bu görüş yalnız Rusiyanın regionda təsir mexanizmini saxlamaq üçündür və ABŞ və Avropaya bir cavabdır. Bundan əvvəl ABŞ və Avropada Azərbaycanla Ermənistan arasında danışıqlar aparılıb və rəsmi Vaşinqton və Avropa İttifaqı da vasitəçilik missiyasını həyata keçirməyə çalışır. Təbii ki, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Bu kontekstdə Vladimir Putin vaxtaşırı Əliyev və Paşinyanla görüşərək Rusiyanın bu münaqişədə yeganə vasitəçi ola biləcəyini göstərməyə çalışır”.

Liderlərin görüşünə paralel olaraq, xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan da üçtərəfli görüş keçirib.

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçirilən üçtərəfli görüşdən sonra birgə bəyanat qəbul ediblər.

Kremlin saytında dərc olunan bəyanatda bildirilir ki, üç lider 2020 və 2021-ci illərdə qəbul edilmiş bəyannamələrin icra prosesini müzakirə edib və bildiriblər ki, “tərəflər Azərbaycan-Ermənistan münasibətlərini hərtərəfli normallaşdırmaq, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə bütün bu razılaşmalara sadiqdirlər.”

Bu yazını Facebookda şərh et