Putin, Əliyev və Paşinyan Soçidə görüşəcək – Əhməd Şahidov TRT World kanalına danışıb

Oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar gedəcək.

“[Onlar] Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərinin həyata keçirilməsinə və Zaqafqaziyada sabitliyin və təhlükəsizliyin artırılması üçün gələcək addımlara diqqət yetirməyi planlaşdırırlar” – Kremlin mətbuat xidmətinin keçən həftə yaydığı məlumatda bildirilir.

Mövzu ilə bağlı TRT World kanalına danışan politoloq Dr. Əhməd Şahidov bildirib ki, bugün Soçidə keçirilən Putin-Əliyev-Paşinyan görüşündən ciddi nəticə gözləməyə dəyməz, çünki bu görüş yalnız Rusiyanın regionda təsir mexanizmini saxlamaq üçündür və ABŞ və Avropaya bir cavabdır.

“Bundan əvvəl ABŞ və Avropada Azərbaycanla Ermənistan arasında danışıqlar aparılıb və rəsmi Vaşinqton və Avropa İttifaqı vasitəçilik missiyasını həyata keçirməyə çalışır. Təbii ki, bu, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Bu kontekstdə Vladimir Putin vaxtaşırı Əliyev və Paşinyanla görüşərək Rusiyanın bu münaqişədə yeganə vasitəçi ola biləcəyini göstərməyə çalışır”.

Bu yazını Facebookda şərh et