“Azərbaycan səfirliklərinə hücumlar sərhəddəki təxribatların davamıdır” – Əl-Cəzirə kanalında gərgin müzakirə

Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən toqquşmalardan sonra regionda gərginlik artıq qlobal müstəviyə keçir. Ermənistan-Azərbaycan dövlət sərhədində nisbi sakitlik hökm sürsə də, ümumi gərginlik davam edir. Lakin regionda baş verən son hadisələr atəşkəsin yenidən pozulacağından və daha genişmiqyaslı hərbi əməliyyatların başlaya biləcəyindən xəbər verir. Çünki ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri və Azərbaycana qarşı bəyanatları ABŞ-ın Cənubi Qafqaz siyasətinin narahatçılığa səbəb olduğunu göstərir. Nikol Paşinyan regionda Rusiyaya qarşı siyasət nümayiş etdirmək üçün rəsmi Vaşinqtonun dəstəyi ilə yenidən sərhəddə gərginliyə səbəb olacaq təxribatlar törədə bilər.

Bölgədəki son vəziyyətlə bağlı daha bir canlı müzakirə nüfuzlu “Əl-Cəzirə” kanalında baş tutub. Ermənistan və Azərbaycan nümayəndələri gərgin müzakirədə üz-üzə gəliblər. Tanınmış erməni ekspert Sako Arian və azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan-Azərbaycan dövlət sərhədindəki son hərbi əməliyyatlar, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri və Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə edilən hücumlarla bağlı fikirlərini bölüşüblər.

Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, rəsmi İrəvan iki ölkə arasında dövlət sərhədlərinin demarkasiyası məsələsi ətrafında süni ajiotaj yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə və üçüncü dövlətləri bu münaqişəyə cəlb etməyə çalışır: “Görünən odur ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsi regional münaqişə müstəvisindən çıxır və qlobal xarakter almağa başlayır. Dünya gücləri öz aralarındakı münaqişələrini Cənubi Qafqazda həll etməyə çalışırlar. Burada ABŞ, NATO, İsrail, Rusiya, İran və digər maraqlı güclərin səylərini görmək mümkündür.
İstənilən halda Azərbaycan sülh tərəfdarıdır və sərhədlərin demarkasiyası prosesini qısa zamanda yekunlaşdırmağı və Ermənistanla sülh sazişi imzalamağı qarşısına məqsəd qoyub. Rəsmi İrəvan ona uzadılan sülh əlini sıxıb sülh müqaviləsi imzalamağı bacarmalıdır. Əks halda bölgə yenidən döyüş meydanına çevriləcək”.

Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə hücumlarını pisləyən Əhməd Şahidov bunu dövlət sərhədində təxribatların davamı kimi qiymətləndirib.

Bu yazını Facebookda şərh et