“Qarabağda aşkar edilməmiş kütləvi məzarlıqlar çoxdur” – Əhməd Şahidov CBC FM radiosuna danışıb

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub. İlkin məlumata görə, qalıqların ən azı 4 nəfərə aid olduğu ehtimal edilir.

Məsələ ilə bağlı CBC FM radiosuna açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsini Ermənistanın müharibə cinayətlərinin açıq sübutu kimi dəyərləndirib: “Digər kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb. İndiyədək aşkarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb.”

Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq məhkəmələrə təqdim ediləcəyini deyən Əhməd Şahidov Bakı ilə Yerevan arasında sülh müqaviləsi imzalansa belə, Ermənistanın bu cinayətlərə görə təzminat ödəməli olacağını bildirib.

Bu yazını Facebookda şərh et