“Ermənistanın `bölgədə gərgin humanitar vəziyyət` iddiaları sülh prosesini pozmağa hesablanıb” – Əhməd Şahidov ARB24 kanalına danışıb

“Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır” – bunu Azərbaycanın Xarici İşlər Nazirliyi Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbayacana qarşı səsləndirdiyi əsassız iddialarına cavabında bildirib.

“Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir”, – Azərbaycan XİN bəyan edib.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan tərəfinin bu açıqlamasını sülh prosesini pozmaq cəhdi kimi qiymətləndirib və Brüssel görüşündən sonra rəsmi Yerevanın bu tip açıqlamalarla sülhə zərbə vurduğunu bildirib: “Ermənistan növbəti dəfə təxribat xarakterli açıqlamalarla sülh prosesini pozmağa çalışır. İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə müəyyən müsbət irəliləyişlər əldə olunub. Lakin bundan dərhal sonra Yerevandan təxribat xarakterli açıqlamalar gəlməkdədir. Burada Rusiya faktorunu da diqqətdən kənarda saxlamaq olmaz. Amma istənilən halda Azərbaycan tərəfi sülh üçün bütün imkanları səfərbər edib və Ermənistan da bu təklifləri zamanında dəyərləndirsə, yaxşı olar.”

Bu yazını Facebookda şərh et