Hüquq müdafiəçisi Əhməd Şahidov Estoniya Milli Kitabxanasına Dağlıq Qarabağ və azərbaycanlı əsirlərlə bağlı kitablar hədiyyə edib
May ayının 18-də Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Tallin şəhərində Estoniya Milli Kitabxanasını ziyarət edib. Kitabxananın direktor müavini xanım Kristel Veimann ilə görüşən ADİHİ rəhbəri əvvəlcə Estoniya Milli Kitabxanasını gəzib və kitabxananın fəaliyyəti və arxivi ilə maraqlanıb, daha sonra isə Azərbaycan həqiqətləri – Dağlıq Qarabağ konflikti və azərbaycanlı əsirlərlə bağlı kitabları Estoniya Milli Kitabxanasına hədiyyə edib.
ADİHİ rəhbərini Tallin şəhərində salamlamaqdan məmnunluğunu ifadə edən xanım Kristel Veimann kitabxana haqqında məlumat verib, Şərqi Avropa və Baltikyani regionunun ən böyük elm və təhsil mərkəzi sayılan Estoniya Milli Kitabxanasında 4 milyona yaxın ədəbiyyatın qorunduğunu diqqətə çatdırıb. Azərbaycanla bağlı daha zəngin ədəbiyyatların Estoniya Milli Kitabxanasına təqdim olunmasıyla bağlı tərəflər arasında fikir mübadiləsi də aparılıb.