Əhməd Şahidov ATƏT-də Kipr Türklərinin hüquqlarını müdafiə etdi: “KKTC müstəqil dövlətdir və haqları var”

Sentyabrın 28-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqları Sammiti öz işini davam etdirib. Bugünkü müzakirə “Fundamental azadlıqlar: dini etiqad azadlığı, sərbəst toplaşmaq və hərəkət azadlığı” mövzusunda olub.

Müzakirələrdə yaxından iştirak edən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətindən bəhs edərək, Kipr Türklərinin ən elementar hüquqlarının tanınmadığını qeyd edib. Yunanıstan və Rum tərəfinin təzyiqi ilə KKTC illərdir ki, sanksiyalarla üzləşir.

ATƏT platformasında Türkiyəyə qarşı ikili standartların tətbiq edildiyini bildirən hüquq müdafiəçisi Əhməd Şahidov rəsmi Ankaraya qarşı ittihamları qərəzli adlandırıb və Avropa qurumlarının bəzi faktlara səssiz qaldığını bildirib: “İllərdir Türkiyə 5 milyondan çox suriyalı qaçqına qucaq açıb. Türkiyə, Ukrayna-Rusiya müharibəsində humanitar jestlər edir, rəsmi Ankara Ukrayna taxılının ixracına vasitəçilik edir. Lakin heç kim bu barədə danışmaq istəmir. Yunanıstanda və digər Avropa ölkələrində Türk əsilli milli azlıqların zülmündən heç kim danışmır. ATƏT-də Türkiyəyə qarşı qərəzli bəyanatlar əsla qəbuledilməzdir”.

Əhməd Şahidovun çıxışı Yunanıstan və rum Kipri tərəfindən etirazla qarşılanıb.

Bu yazını Facebookda şərh et