Əhməd Şahidov ATƏT toplantısında Qarabağda sülh və birgəyaşayış barədə danışıb, Ankarada törədilən terror aktını pisləyib

Oktyabrın 3-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib.

Bugünkü müzakirələr “Demokratik institutlar, insan haqları və azadlıqların təmin edilməsi” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən həftə Türkiyədə baş verən terror aktını pisləyərək, ATƏT üzvü olan ölkələrin terroru pisləməsini və terrorla mübarizədə Türkiyəyə dəstək ifadə etmələrini istəyib.

PKK terror təşkilatı üzvlərinin İsveç hökuməti tərəfindən himayə olunduğunu bildirən Əhməd Şahidov terrorla mübarizə məsələsində Stokholmun beynəlxalq öhdəliklərini yerinə yetirmədiyini qeyd edib.

Daha sonra Qarabağda dialoq və birgəyaşayışın təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər və yerli erməni sakinlərə göstərilən humanitar yardımlar barədə məlumat verən hüquq müdafiəçisi Əhməd Şahidov erməni mətbuatının Qarabağda guya “soyqırım və etnik təmizləmə aparıldığı” barədə apardığı təbliğatı yalan və iftira adlandırıb. BMT nümayəndələrinin bugün Qarabağda olduğunu və vəziyyətlə yerində tanış olduqlarını diqqətə çatdıran Əhməd Şahidov Azərbaycan dövlətinin bu məsələdə beynəlxalq əməkdaşlığa açıq olduğunu bildirib.

Bu yazını Facebookda şərh et