Əhməd Şahidov erməni kökənli ATƏT eksperti İzabella Sargisyanın Azərbaycana yönəlik iftirasına sərt cavab verib

Oktyabrın 5-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işinə davam edib.

Bugünkü müzakirələr “Tolerantlıq və qeyri-diskriminasiya” mövzusunda baş tutub. Müzakirələrin əvvəlində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin ekspertlər şurasının üzvü, erməni kökənli İsabella Sarkisyan geniş təqdimatla çıxış edib. Çıxışında bugünkü ana mövzudan kənara çıxaraq Azərbaycan Respublikası əleyhinə yalan, iftira və şantaj dilində danışan İsabella Sarkisyan Azərbaycana olan açıq nifrətini ortaya qoyub.

Erməni kökənli ATƏT ekspertinin çıxışına sərt reaksiya verən hüquq müdafiəçisi Əhməd Şahidov mövzu ilə bağlı çıxışını bir kənara qoyaraq, erməni ekspertin çıxışına cavab verib və Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində qazandığı qələbənin beynəlxalq hüquq normalarının təcəssümü olduğunu, bu ilin sentyabr ayında Qarabağda həyata keçirilən antiterror əməliyyatları nəticəsində isə Azərbaycanın öz dövlət suverenliyini bərpa etdiyini bildirib.

ATƏT əməkdaşı olan erməni kökənli ekspertin Azərbaycana qarşı kəskin nifrət çıxışına etiraz edən Əhməd Şahidov beynəlxalq tribunada nifrət saçmağın yolverilməz olduğunu qeyd edərək, Azərbaycan dövlətinin Qarabağda sülh və birgəyaşayış siyasətinə töhfə verilməsini və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına dəstək verilməsini tələb edib.

Bu yazını Facebookda şərh et