“Azərbaycan yüzlərlə ölkədən gəlmiş milyonlarla insana öz mədəniyyətini birbaşa təqdim etmək şansı qazanacaq”

Müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Şahidovdur
– Bir gənc alim kimi kulturologiya anlayışı sizin üçün nə anlam kəsb edir?
– Kulturologiya – ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını, insanların maddi və mənəvi həyatının mühüm hadisələrini özündə ehtiva edir. Bu elm insanların maddi maraq və tələbatlarının yaranıb formalaşdığı ilkin şərtləri və amilləri öyrənir, mədəni dəyərlərin artırılması və gələcək nəsillərə ötürülməsini həyata keçirir.Ən uzaq keçmişdə yaşamış insanlar öz həyat tərzi, məişət və davranış hərəkətləri ilə bağlı olaraq mədəni sərvətlər toplusu qoyub getmişlər. Bu mədəni sərvətlər bizə mədəni irs şəkilində yazılı qaynaqlardan və tarixi-kulturoloji mənbələrdən gəlib çatıb. Həmin mədəni irsin öyrənilməsi, təbliği və gələcək nəsillərə düzgün çatdırmaq missiyası kulturoloqların üzərinə düşən vəzifələrdən biridir.

– Azərbaycanda mədəniyyət sahəsindəki siyasəti necə qiymətləndirirsiniz?

– Bilirsiniz, mədəniyyət siyasəti – millətin mənəvi, iqtisadi və sosial inkişafını, onun intellektual potensialının artırılmasını, xalqın mənəvi sağlamlığının və rifahının möhkəmləndirilməsini, habelə milli və klassik mədəniyyət nümunələrinin təbliğini və birliyini təmin edən bir siyasətdir. Azərbaycan qədim tarixi-mədəni köklərə malik bir xalqdır. Çox zəngin mədəniyyətimiz var: bura musiqi sənətimiz, teatr, kino, hətta mən deyərdim, cizgi filmləri, təsviri incəsənət, memarlıq sənəti, ədəbiyyat və sair daxildir. Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərib. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb bir inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək, Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.Ümumiyyətlə, mən deyərdim ki, Azərbaycan xalqının mədəniyyətinin təbliği təbii yolla baş verməkdədir. Sadə azərbaycanlılar gündəlik həyatlarında, görüşlərində, söhbətlərində, sadəcə davranışlarıyla milli mədəniyyətimizi təbliğ etmiş olurlar. Lakin bütün bu səylər ayrı-ayrılıqda və sistemsiz şəkildə həyata keçirildiyindən burada hansısa mərkəzdən idarə olunmaya ehtiyac duyulur. Düzdür, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəaliyyət göstərir və onlar bu siyasətin həyata keçirilməsində ciddi işlər görürlər. Lakin yenə də düşünmürəm ki, bu qədər işi bir nazirliyin öhdəsinə buraxmaq düzgün olardı. Odur ki, milli mədəniyyətimizin təbliğində, kulturoloji siyasətin həyata keçirilməsində digər dövlət və qeyri-hökumət təşkilatlarının fəaliyyətini xüsusi qeyd etməyə ehtiyac var. Bunlardan Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Fondu, Hüseyn Cavid adına Fond, Respublika Uşaq Təşkilatını, “Miras” İctimai Birliyini və digər adlarını sadalamadığım qurumları göstərmək olar ki, məhz bu təşkilatlar həm ölkə daxilində, həm də xaricdə Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafı və təbliği istiqamətində çox böyük işlər görür və dünyanı Azərbaycan mədəniyyəti ilə yaxından tanış edirlər.

– Xaricdən söz düşmüşkən, siz özünüz də Moskvada təhsil alırsınız. Rusiyada Azərbaycan mədəniyyətinin təbliği istiqamətində aparılan işləri necə qiymətləndirirsiz?

– Düz qeyd etdiniz. Rusiya böyük bir ölkədir, demək olar ki, ucu-bucağı görünmür. Burada 3 milyon azərbaycanlı yaşayır. İndi onların bəziləri imkansızlıq ucbatından, iş tapmaq məqsədilə Rusiyaya üz tutsalar da, orada yaşayan azərbaycanlıların böyük əksəriyyəti potensial Rusiya cəmiyyətinin qaymaqlarıdır. Rusiyanın ictimai-siyasi, mədəni-sosial həyatına kifayət qədər nüfuz etmiş şəxslərdir. Mən Rusiyada yaşayan azərbaycanlı akademiklərin, professorların, dəyərli elm adamlarımızın, mədəniyyət xadimlərimizin, müəllimlərimizin adını çəkə bilərəm ki, onlar da Rusiya cəmiyyətində kifayət qədər tanınır, öz istedadları ilə nəinki Azərbaycan mədəniyyətini, elmini təbliğ edir, hətta rus mədəniyyətinə, elminə də öz töhfələrini verirlər.Rusiyada Azərbaycanı çox gözəl tanıyırlar. Hamıda Azərbaycan barədə dolğun məlumat var. Deməzdim ki, azərbaycanlılar Rusiyada təkcə ticarətlə məşğul olurlar. Bu, yanlış bir təsəvvürdür. Mən istərdim biləsiniz ki, Rusiyada çox güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlardan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, “AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatı, Ümumrusiya Azərbaycan Konqresi, “AZERROS” Rusiyada Azərbaycanlıların Federal Millli-Mədəni Muxtariyyatı, “Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi, DAK Rusiya nümayəndəliyi, Moskva “Azərbaycan” Cəmiyyəti və digər xırda diaspor təşkilatlarımız fəaliyyət göstərir ki, bunların da əsas missiyası Azərbaycan mədəniyyətinin, mədəni irsinin Rusiyada təbliğidir.

– Bu təbliğat necə aparılır?

– Bilirsiz, Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı konkret günlərdə – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə, Novruz bayramında, Qurban bayramında, 28 May Respublika Günündə, 18 Oktyabr Müstəqillik Günündə, Konstitusiya Günündə və bu kimi digər əhəmiyyətli tarixlərdə həmin təşkilatlar yerli səfirliyimizlə birlikdə çox geniş tədbirlər keçirir, Rusiya ictimaiyyətinin tanınmış simalarını, dövlət məmurlarını dəvət edirlər. Məhz həmin günlərdə daha çox hiss olunur ki, Azərbaycanla bağlı Rusiyada hansısa tədbir keçirilir. Və bu cür tədbirlərin sistemli şəkildə, ardıcıl surətdə həyata keçirilməsi Rusiya insanında Azərbaycana və onun mədəniyyətinə münasibəti formalaşdırır. Bu, çox önəmli faktordur.Təbliğat təkcə bununla bitmir. Məsələn, Rusiyada fəaliyyət göstərən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Azərbaycanın tanınmış ictimai siyasi xadimlərinin, musiqiçilərinin – Müslüm Maqomayevin, Mstislav Rastropoviçin və digərlərinin xatirə gecələrini təşkil edir, Moskva və Rusiyanın digər iri şəhərlərində Azərbaycanın mədəniyyət xadimlərinin heykəlləri, xatirə barelyefleri açılır, onların ev muzeyləri ziyarətçilərin istifadəsinə verilir. Bütün bu işlər görülür və bu, faktdır. Moskvada bu gün Azərbaycanla bağlı bir neçə istirahət parkı fəaliyyət göstərir. Bunların hamısı Azərbaycanın mədəniyyət siyasətinin nəticəsidir. Bundan başqa, “AMOR” Rusiya Azərbaycan Gənclər Təşkilatının çoxşaxəli fəaliyyətini qeyd etmək istərdim ki, bu təşkilatın da mədəniyyət sahəsində fəaliyyəti danılmazdır. Belə ki, mütəmadi olaraq, Rusiyada fəaliyyət göstərən məktəblərə, uşaq evlərinə, qocalar evinə sovqat aparan “AMOR” fəalları orada da Azərbaycan mədəniyyətinin təbliğatçısı rolunda çıxış edirlər. Uşaqlara yemək, paltar aparmaqla yanaşı Azərbaycanla bağlı hər hansı kitab, foto albom, broşuraların verilməsi yetişməkdə olan Rusiya gənclərinin beynində Azərbaycanla bağlı xoş fikirlərin formalaşmasına xidmət edir.

– Bəs gənclər bu təbliğatda nə kimi rol oynayırlar?

– Mən deyərdim ki, bu təbliğatın kökündə elə gənclər dayanırlar. Əsas siyasi xətt ölkə rəhbərliyi tərəfindən cızılıb, gənclərimiz isə bu işdə çox aktiv çıxış etməkdədirlər. Rusyada Leyla xanım Əliyeva, Avropada Tale Heydərov kimi gənclərimiz oradakı diasporumuzun formalaşmasında, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, mədəni irsinin təbliğ olunmasında əsas qüvvə sayıla bilər. İrəlidə gedən gənclərə dəstək olmaq da bizlərin üzərinə düşən vəzifələrdən biridir. Mən də öz növbəmdə Moskvada keçirilən bütün mədəni tədbirlərdə maksimum iştirak etməyə çalışıram. Təhsil aldığım akademiyada gündəlik ünsiyyətdə olduğum ruslara Azərbaycanı müsbət tərəfdən tanıdıram. Xalqımızın milli bayramlarından, mədəni tədbirlərindən söhbət açıram.Açığını deyim ki, təzə-təzə çox çətin idi mənə. Çünki, sadə ruslar bizləri əsasən ticarətlə məşğul olan insanlar kimi tanıyırdılar. Bazarlarda, dükanlarda ticarətlə məşğul olan həmvətənlərimiz sadə rusların yaddaşında ciddi izlər buraxıb. Lakin zaman-zaman rusların fikrini dəyişmək mümkün olur. Bunun da çox sadə bir yolu var: öz adıma deyə bilərəm ki, gündəlik həyatımda, davranışımda mehriban, səmimi, ünsiyyətcil və mədəni olmaqla, mən qrup yoldaşım olan ruslarda nəinki mənə, bütövlükdə Azərbaycanıma, mənim 50 milyonluq xalqıma olan münasibəti dəyişmiş oluram. Mən onlarla söhbətdə Azərbaycanın Rusiya ilə qonşu olduğunu, uzun illər ərzində ortaq tariximizin olduğunu söyləyirəm. Düşünürəm ki, mən bir vətəndaş kimi belə etməklə mədəniyyət siyasətinə xırda da olsa, öz töhfəmi vermiş oluram.

– Son olaraq, bir suala cavab vermənizi istəyirəm. Bildiyiniz kimi, bu il Azərbaycan “Eurovision 2012” yarışmasına ev sahibliyi edir. Sizcə, bu, bizim mədəniyyətimizin təbliğinə nə kimi köməklik edəcək?

– Çox düzgün qeyd etdiniz. Bildiyiniz kimi, 2011-ci ilin 14 may tarixində Azərbaycan Respublikası 221 balla birinci yerə yüksəldi və bununla da, 2012-ci ilin may ayında “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi rəsmən təsdiqlənmiş oldu. Şübhəsiz ki, bütün dünyanın, xüsusən də Avropanın böyük çoşqu ilə izlədiyi bu mahnı yarışmasının ölkəmizdə keçirilməsi böyük bir hadisədir və ölkəmiz buna böyük həvəslə hazırlaşır. Bu yarışma ilə bağlı paytaxt Bakı şəhərində yeni-yeni tikililər, konsert kompleksləri və hotellər inşa edilir, şəhərin küçələri yenidən salınır, bir sözlə, Bakının infrastrukturu kökündən dəyişdirilir. Yüz minlərlə turistin qəbul edilməsi, onlara Avropa standartlarına uyğun xidmət göstərilməsi böyük məsuliyyət və ağır zəhmət tələb edir. Azərbaycan Respublikası bu şərəfli missiyanın öhdəsindən layiqincə gələcək. Bu yarışma ilə bağlı hazırlıqlara ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etməsi belə deməyə əsas verir. Ölkəmizə gələcək turistlər ilk növbədə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi barədə yaxından tanış olacaq, Avropaya inteqrasiya edən Azərbaycanı daha yaxından hiss etmək şansı əldə edəcəklər. Azərbaycan yüzlərlə ölkədən gəlmiş milyonlarla insana öz mədəniyyətini birbaşa təqdim etmək şansı qazanacaq.

İlkin Ağayev, “Palitra” qəzeti, 13 Yanvar 2012-ci il

Facebook Comments