Türkiyə-Ermənistan sərhədləri açılsa…

Regionda mümkün siyasi durum kimin xeyrinə dəyişəcək?
Son vaxtların bəlkə də ən çox danışılan mövzusu yenə Türk dünyası ilə bağlıdır. Dünyadakı bütün mübahisəli məsələlərin məhz türklərin başına gəlməsi heç şübhəsiz ki, Türk dünyasını zəiflətmək məqsədi güdür və bu, yüzillər boyu davam edən iyrənc planın tərkib hissəsidir. Keçən ilin oktyabr ayının 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokolların imzalanması regionda fəallaşmaya səbəb oldu.Bu müqavilənin imzalanmasına bütün Qərb ölkələri sevinirdi, lakin Türkiyə başda olmaqla, bütün türk dünyası çaşqın və qəmgin durumda idi. Bundan ən çox narahat olan isə Azərbaycan idi. Heç şübhəsiz ki, torpaqlarının 20 faizini işğal etmiş bir dövlətin iqtisadi blokadadan qurtulmasına və inkişaf etməsinə Azərbaycan sevinə bilməzdi. Odur ki, sıravi vətəndaşından tutmuş ölkə başçısına kimi bütün Azərbaycan bu prosesin sonunu gözləyirdi. Əslində iki ölkə arasında protokolların imzalanması ilə ikiqat ziyan vurmaq məqsədi güdülürdü. İlk növbədə Ermənistanı iqtisadi blokadadan qurtarmaq, ölkəyə yeni investisiyaların yatırılmasına nail olmaq. Bundan başqa, sərhədlərin açılmasından narazı qalan Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri korlamaq.

Xatırladım ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin “soyqırım” iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İlk öncə bu sərhədlərin açılacağı təqdirdə hansı ölkənin bundan xeyir götürəcəyini dəqiqləşdirək. İlk növbədə Ermənistan uzun illərdir davam edən iqtisadi tənəzzüldən qurtulacaq. Ermənistanı dəstəkləyən Rusiya da bu məsələdə maraqlıdır. Çünki, Cənubi Qafqazda yeganə əlaltısı olan ermənilərin güclənməsini ruslar həmişə arzulayırlar. İran İslam Respublikası da sərhədlərin açılmasına sakit yanaşsa da, daxildə bunu istəyən ölkədir. Ən azından Azərbaycanı zəiflətmək və Cənubi Azərbaycanda artan tükçülük ideyalarının boğulması nöqteyi-nəzərindən İranın maraqlarına xidmət edir. Sərhədlərin açılması Gürcüstana heç cür sərf eləmir. Çünki, ermənilərin əl-qolunun açılması gələcəkdə Cavaxetiyanın da muxtariyyət tələbiylə çıxış etməsinə səbəb ola bilər. Bundan başqa, blokada şəraitində olan Ermənistana daşınan bütün yük maşınları və quru nəqliyyatı məhz Gürcüstan ərazisindən keçdiyindən gürcülər yol haqqı olaraq, xeyli rüsumu itirmiş olur. Bu sərhədlərin açılmasında əsas tərəf olan Türkiyə isə iqtisadi cəhətdən gəlir əldə etsə də, minilliklər boyu əldə olunmuş dostluq və qardaşlıq münasibətlərinə zərbə vurmuş olar və bütün türk dünyasının qınaq obyektinə çevrilərdi. Ən çox ziyan isə təbii ki, Azərbaycana dəyəcəkdi. Çünki, ən böyük problemi Dağlıq Qarabağ münaqişəsi olan Azərbaycan üçün bundan aktual məsələ tapmaq çətin olardı.

Türkiyə-Ermənistan arasında sərhədlərin açılacağı barədə söhbətlər qızışdıqca, bu məsələyə Azərbaycanda münasibət daha yüksək səviyyədə ifadə olunmağa başladı. “Bu gün Dağlıq Qarabağı kənarda qoyub bölgədə başqa məsələləri həll etmək nə dərəcədə düzgündür?! Tamamilə yanlışdır, tamamilə səhvdir və Azərbaycanın milli maraqlarına zidd olan mövqedir”, deyə ölkə başçısı İlham Əliyev bəyanatla çıxış etdi. Ölkə başçısının bu dəyişməz və qəti mövqeyini başa düşmək olar. Çünki, işğala məruz qalan bir ölkə kimi Azərbaycan bu münaqişənin ancaq beynəlxalq hüquq normaları əsasında həllini tapmasını istəyir. Azərbaycan dönə-dönə qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilməli, işğalçı qüvvələr bütün işğal edilmiş torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları – qaçqınlar, köçkünlər işğal edilmiş bütün ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və Dağlıq Qarabağın statusu ondan sonra müəyyən oluna bilər. Bununla bərabər, bu status ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycan dövləti bundan kənarda heç bir statusa heç vaxt razılıq verməyəcək. Azərbaycan razılıq vermədiyi təqdirdə heç kim qanunsuz qurum olan Dağlıq Qarabağı müstəqil qurum kimi tanımayacaq.

Xatırladım ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması və sairə bu kimi yaxınlaşma prosesinin aktiv müzakirə olunması zamanı Azərbaycan ilə Türkiyə arasında anlaşılmazlıqdan doğan bəzi xırda narahatçılıq da yaşandı. Hər iki ölkənin bayraqlarına qarşı arzuolunmaz davranış əslində bu iki qardaş ölkə arasında nifaq salmağa çalışan qüvvələrin təxribatından başqa bir şey deyildi. Hətta Azərbaycanda bu nifaqa işıq tutanlar da az deyildi. Lakin Türkiyənin sonda düzgün qərar verməsi və Azərbaycan üçün də önəmli sayılan bu məsələnin Azərbaycan rəhbərliyi ilə məsləhətləşməsi münasibətlərin korlanmasına imkan vermədi. Əslində bu iki qardaş ölkə sanki sınaqlardan alnıaçıq, üzüağ çıxaraq daha sıx birləşmiş oldular. Və nəticədə Ermənistan və onun havadarları uduzmuş oldu. Bunun nəticəsidir ki, Ermənistan rəhbərliyi sonda cığallıq edərək, əvvəl razılaşdırılmış bəzi məqamları sonradan pozdu və əsl erməni xislətinə xas olan münasibət sərgilədi.

Ermənilərin əslində hansı niyyətin sahibi olduğunu regionda təkcə Azərbaycan və Türkiyə deyil, eyni dindən olan gürcülər də yaxşı bilirlər. İndi gürcülər yaxşı başa düşürlər ki, ermənilər Qarabağda, Abxaziyada, Sxinvalidə neçə-neçə faciələr törətdilər. İndi də onlar Cavaxetiyada dil statusu istəyirlər. Gürcü xalqı buna heç vaxt imkan verməməlidir. Ermənilərə tarixdə, iqtisadiyyatda heç vaxt güzəştə getmək olmaz. Dil statusu istəyən erməni prezidenti Sarkisyan əgər özünü demokratik lider hesab edirsə, onda Abaran rayonunda yaşayan yezidi kürdlərə nə üçün dil statusu vermir?! Qoy ermənilər həmin kürdlərə öz dillərində radio-televiziya, orta məktəb açmağa imkan versinlər.

Artıq əsəblər gərilmək üzrədir. Bir tərəfdən iqtisadi tənəzzülə uğrayan, ordusunu saxlaya bilməyən Ermənistanın regionda təklənmiş duruma düşməyi, Ermənistan daxilində qeyri-stabil siyasi vəziyyət, digər tərəfdən də Azərbaycanın durmadan artan iqtisadi gücü, hərbi qüdrəti və Azərbaycan rəhbərliyinin hərbi güc tətbiq etməyə meylli görsənməsi tərəflər arasında yeni müharibənin qaçılmaz olduğunu göstərir. Cənubi Qafqazın spesifik xüsusiyyəti ondan ibarətdir ki, burada baş verən müharibələrə iki tərəf arasındakı münaqişə kimi deyil, dünya dövlətlərinin maraqlarının toqquşması kimi baxmaq lazımdır. Odur ki, təkcə Azərbaycan-Ermənistan deyil, Rusiya, Türkiyə, İran, Gürcüstan, ABŞ və Pakistan da müharibə edəcək.


Ph.D Əhməd Şahidov
Facebook Comments