ƏSL MÜSƏLMAN SAVADLI MÜSƏLMANDIR

Orta statistik azərbaycanlı ailəsi… Ailə yenicə qurulub, cavan ata və anadan ibarət bu ailədə körpə dünyaya gələcək. Səbrsizlənən gələcək valideynlər USM həkiminə müraciət edərək, gələcək körpələrinin cinsiyyətini öyrənirlər. Bax, elə buradaca İslamın təməl qanunlarından biri kobudcasına pozulur. Nə yaxşı ki, oğlan olacaq bu körpə, yoxsa mentalitet əsiri olan bu ailə dağılmaq təhlükəsi ilə üz-üzə qalardı. Çünki, hələ də bizim cəmiyyətdə oğlan uşağı dünyaya gətirən ailəyə sanki qəhrəman kimi baxırlar. İnsanlarımız unudurlar ki, övladı bəxş eləyən Allahdır və bizkəri də dünyaya gətirən məhz qadındır. Amma nədənsə, körpə qız olanda bir çoxlarımız üzümüzü turşuduruq.

Xülasə… artıq övladımızın oğlan olduğuna əminik. “Müsəlmanıq” deməyimizə baxmayaraq, içimizdəki maraq bizim dini hisslərimizə qalib gəlir və haram buyurulmuş vasitə ilə uşağımızın cinsini öyrənməyə nail olmuşuq. Uşaq dünyaya gəlir, doğum evindəki həkimlərə xalq içində “muştulluq” adlanan rüşvət paylayırıq, evdə kef məclisləri qurulur, yenicə dünyaya gəlmiş körpənin sağlığına badələr qaldırılır, spirtli içkilər qəbul edirik. Hələ ki, İslama ziddi hərəkətlərimizdə davam edirik…

Oğlan uşağının sünnət vaxtı gəlib çatır. Bu dəfə müsəlman olduğumuz yadımıza düşür. İslam qayda-qanunu ilə sünnət olunur oğlan uşağı. Bax, elə buradaca böyük bir pauza götürmək istəyirəm. Bu məqam üzərində baş sındırmağa çalışacam. Hamımız bilirik ki, İslam dinində zor yoxdur, yəni kim istəsə, bu dini qəbul edə bilər, kim istəsə, yox. Düzdür, qədimdə qılınc gücünə bu dini bizim babalarımıza qəbul etdiriblər. Qoy onun günahını həmin insanıar daşısnlar. Biz bu günahı təkrar etməyək. Amma nə yazıq ki, təkrar edirik. Nədir o təkrarçılıq. Mən başa düşə bilmirəm ki, nə üçün heç bir düşüncəsi olmayan, həyatda nəyi necə etməyi özü sərbəst qərar verə bilməyən bir körpə 1-2 yaşında olarkən qeyri-iradi müsəlman elan olunur?! Onu sünnət edirlər?! Bəziləri bunun insan sağlamlığı üçün edildiyini bəyan edirlər, lakin bu mərasim sağlamlıq adıyla edilmir axı?! Deyilir ki, filankəs müsəlmandır, gərək sünnət olunsun. Nə üçün biz hələ körpə ikən kimsəni onun istəyi və arzusu olmadan müsəlman edirik?! Bu, birinci ziddiyyət!

Digər bir məqam… Körpə dünyaya gələndə onun yaşadığı evdə adətən müsəlmanların müqəddəs kitabı olan Qurani Kərim olur. Bu, əslində normal haldır. Çünki, həmin evdə yaşayan ata və ana, baba və nənə müsəlmandırlarsa, bu Kitabı evdə saxlaya bilərlər. Lakin uşaq ikən övladına İslam dinini zorla qəbul etdirmək, heç bir seçim hüququ vermədən ona yalnız Quranı öyrətmək, 5-6 yaşlarından onu namaza məcbur etmək nə dərəcədə doğrudur axı?! Məncə, doğru deyil. Bucür hallar İslamda qeyri-səmimilik və fanatizm elementlərinin çoxalmasına gətirib çıxarır. Belə ki, balaca uşaq istədi-istəmədi hər gün evdə yalnız Quranı görür, hər gün valideynlərindən İslam barədə bilgilər alır, hər gün babasıyla məscidə gedir və beləliklə, uşaqda İslama təhkim olunma prosesi baş verir. Bu uşaq artıq gələcəkdə İslam dininə ibadət etmək üçün proqramlaşdırılmış olur sanki. Bucür böyüyən uşaq gələcəkdə İslam dininə ibadət etsə də, onda bir-neçə istiqamətdə boşluqlar yarana bilər: Birincisi, bu uşaq dini fanatizmə yuvarlana bilər, çünki, o, İslamı başa düşərək, qavrayaraq deyil, sadəcə görərək, müəyyən mənada təhkim edilərək və məcbur olaraq qəbul edib. Onun üçün Quranda yazılanlar hökmdür, heç bir müzakirəyə ehtiyac duyulmayan bir əmrdir. Düzdür, müsəlmanlar deyəcək ki, həqiqətən də Quranda yazılanlar Allahdan gələn hökmdür və biz müsəlmanlar tərəfindən qeyri-şərtsiz qəbul edilməlidir. Mən də bununla razıyam, özü də sidqi ürəklə razıyam. Amma mən istərdim ki, müsəlman həmin hökmlərin mənasını anlaya-anlaya qəbul etsin. Hökm deyib, göz yummasın bu fikirlərin mahiyyətinə. Çünki, bu vərdiş insanlarda, xüsusən də cavan nəsildə fanatizmə meyllənmə hallarına gətirib çıxarda bilər. Sabah “hər kəlmə hökmdür, əməl et” deyən gənclərimiz hər hansı separatçı və ya terrorçu qüvvələrin təsiri altına düşə bilər və düşür də. Onun üçün gərək İslam təhsili alasan, universitet bitirəsən. Məsciddə, axund yanında, molla çayxanalarında İslam elminə yiyələnmək nə dərəcədə doğrudur görəsən?! Təsadüfi deyil ki, bütün dünyada əksər terror qruplaşmalarının üzvləri məhz müsəlmanlardır! Niyə axı? Sual olunur. Əsla, düşünməyin ki, İslam terroru, zoru təbliğ edir. Əstafurullah. Xeyr, bu, belə deyil. Sadəcə, İslam dini o dərəcədə incə və həssas bir dindir ki, bu dini başa düşmək və dərindən anlamaq üçün gərək onun elminə bələd olasan, bunun üçün uzun illər İslam təhsili alasan. Yoxsa, Qurandakı bəzi gizli elmlərin dediyi fikirləri yalnış təhrif edər və gələcəkdə yalnış sayılacaq əməllərə baş vurarsan. Sonda isə bütün dünya səni və sənin qismində İslam dünyasını zor, terror dini kimi qələmə verər. Halbuki, İslam dini dünyada barış, sülh və qardaşlıq dinidir. Bu, belə olaraq da qalacaq. İnşallah!

İkinci məqam ondan ibarətdir ki, həmin uşaqda İslama qarşı səmimiyyət əvəzinə, laqeydlik və biganəlik baş qaldıra bilər. Çünki, onu İslama zorla, proqlaşdırılmış şəkildə təhkim ediblər. O, öz dinindən caya bilər, haram əməllər dalınca gedər. Sonda isə o, özünün də mənsub olduğu İslam dininə ləkə gətirmiş olar. Kənardan baxan və nə vaxtsa, İslama gəlmək istəyən sıravi insanlar da İslam dinini məhz bucür zənn edər və ondan üz döndərərlər. Çünki, insan əvvəlcə gözü ilə görür, ağlı ilə dərk edir və daha sonra İslamı qəbul edir. Uşaqlıqdan zorla İslama təhkim edilmiş bir cavan oğlanın əxlaqsız əməllərini görən bir şəxs də İslama yalnış qiymət verə bilər. Ondansa, həmin cavan oğlanın heç İslamda olmaması daha məqsədəuğundur.

Amma bu, o demək deyil ki, ailədə uşaqlarımıza İslamı təbliğ etməyək. Xeyr. Mən də qəbul edirəm ki, İslam dünyada ən mötəbər bir dindir və həyatı başa düşən və Allahı sevən hər bir kəs məhz İslamda olmalıdır. Amma ağılla, başa düşərək və elmi şəkildə.

Mən bunun formulunu bucür görürəm. Hər hansı bir müsəlman ailəsində körpə dünyaya gələrkən ona heç bir cəhdlə dini təhsil və bilgi verilməməlidir. Onu sadəcə olaraq, nümunəvi, sadə, mədəni və savadlı bir vətəndaş kimi yetişdirmək hər bir valideynin ümdə vazifəsi olmalıdır. Həmin gənc 18 yaşına çatdıqda, onun üçün şərait yaradılmalıdır ki, o, İslam, Xristian, Yəhudi, Buddizm və hətta mən deyərdim ki, ateizmlə də yaxından maraqlansın. Bütün bu dinlərin və idelogiyaların kitabalrını oxusun. Onlar arasında müqayisələr aparsın. Bir müstəqil insan kimi sərbəst şəkildə qərar versin hansı kitabı daha üstün tutduğunu, hansı dini daha bəşəri və müqəddəs hesab etdiyini. Ona heç bir kənar müdaxilə edilməməlidir. Lakin sərbəst şəkildə qərar çıxarması üçün onun kifayət qədər savadlı və dünyagörüşlü olması zəruridir. Ona görə də yuxarıda qeyd etdim ki, valideynlərin vəzifəsi övladlarına din barədə məlumat verməkdənsə, dünyəvi elmlər, ali təhsil, mədəniyyət bəxş eləmələri daha məqsədəuyğundur. Çünki, bu dəyərlərin daşıyıcısı olan hər bir kəs həmin müqəddəs kitabların hamısını oxuduqdan sonra müstəqil şəkildə doğru seçim edə biləcək. Bundan sonra özü qərar versin hansı dinə ibadət etməyi. Amma bir şeyi nəzərdən qaçırmayın ki, hansı dini qəbul edəcəyindən asılı olmayaraq, həmin şəxs öz dininə, öz əqidəsinə sadiq biri olacaq, etdiyi əməlləri başa düşərək edəcək. Sabah hər hansı əməlindən peşam olanda da, bunu qavrayaraq qəbul edəcək. Yoxsa, hər hansı əməlindən depressiyaya düşüb özünü intihara və digər aciz əməllərə əl atmayacaq. Məncə zorla İslam dinində olub həmin dinə zidd həyat tərzi keçirməkdənsə, səmimi olaraq, xristian və ya buddizmdə olub İslam dininə və müsəlmanlara hörmət etmək daha müqəddəs bir əməldir. Amma nə yaxşı olar ki, həmin gənc sonunda İslam dininə gəlsin. Çünki, bütün müqayisələr də göstərir ki, dünyada ən müqəddəs, ən saf və sülhsevər din məhz İslamdır. Lakin İslam o vaxt başa düşülür ki, o vaxt ürəklərə məlhəm olur ki, onun saflığını, müqəddəsliyini özün dərk edəsən və bu nəticəyə gələsən. Təbliğata uyub kor-koranə bu nəticəni qanun kimi qəbul etmək sonda həmin şəxsin özü üçün ağır fəsadlar törədə bilər. Çünki, İslam dünyasına çoxlu insan sayı deyil, onu sevən, dərk edən, onun hikmətini qavrayaraq qəbul edən səmimi insanlar lazımdır.

Fəlsəfə doktoru Əhməd Şahidov
Facebook Comments