“GƏLƏCƏYİMİZ İNSAN KAPİTALINDAN ASILI OLACAQ”

Əhməd Şahidov: “Ölkəmiz tədricən dünyanın neft mərkəzindən elm və təhsil mərkəzinə çevrilməlidir
İnsan kapitalı mövzusu cəmiyyətimiz üçün getdikcə daha çox aktuallıq kəsb etməyə başlayıb. Bu mövzu ilə bağlı olaraq alimlərin, ekspertlərin, ziyalıların, ictimaiyyət nümayəndələrinin müzakirələrini təşkil etmək, fikir və təkliflərini işıqlandırmaq böyük önəm daşıyır. O cümlədən gənc mütəxəssislərin də mövzu ilə bağlı fikirlərini öyrənmək maraqlı və lazımlıdır. Layihə çərçivəsində müsahibimiz Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Dövlət hüququ fakültəsinin tələbəsi, eyni zamanda Bakı Slavyan Universitetinin Diplomatiya və xarici siyasət kafedrasının müəllimi, fəlsəfə doktoru Əhməd Şahidovdur. Ə.Şahidov bizimlə söhbətində insan kapitalının mahiyyəti və ölkəmizdə insan kapitalının formalaşması ilə bağlı gedən proseslər, bu sahədə lazım gələn islahatlar barədə fikirlərini bildirdi.

– Ümumiyyətlə, insan kapitalının mahiyyətini necə ifadə edərdiniz?

– İnsan kapitalı – insanın və onun təmsil olunduğu cəmiyyətin müxtəlif ehtiyaclarının ödənilməsinə yönəlmiş bilik, bacarıq və vərdişlərin cəminə deyilir. İlk dəfə “insan kapitalı” termini amerikan iqtisadçısı Teodor Şuls tərəfindən işlənib, sonradan onun davamçısı Geri Bekker bu ideyanı daha da inkişaf etdirib. O, insan kapitalına yatırımların effektivliyini ön plana çəkərək insan davranışlarına iqtisadi yanaşmanın formulunu işləyib hazırlayıb. Əvvəllər insan kapitalı deyəndə ağlımıza insanın əmək təcrübəsinin artırılması üçün lazım olan təhsil və peşəkar biliklər toplusu gəlirdi. Sonralar insan kapitalı termini daha da genişlənməyə başladı. Bu anlayış daha geniş anlamda işləməyə başladı. Dünya Bankının ekspertlərinin son hesabatlarında insan kapitalına bir çox elementlər – ailələrin qida, geyim, mənzil, təhsil, səhiyyə və mədəniyyət üçün ayırdığı xərclər də əlavə edilib. Şübhəsiz ki, dövlətin də bu sahədəki vəsaitləri yuxarıda qeyd edilən elementlərə daxildir.İnsan kapitalı geniş anlamda iqtisadi inkişaf faktorunun, cəmiyyət və ailənin inkişafının intensiv məhsuldarlığı deməkdir. Bura əmək resurslarının təhsil komponenti, biliklər, intellektual və idarəetmə bacarığı və digər faktorlar daxildir ki, bütün bunlar da inkişafın əsas şərti olan insan kapitalının effektiv və səmərəli tətbiqinə şərait yaradır.Qısaca desək, insan kapitalı – intellekt, sağlamlıq, biliklər, keyfiyyətli və məhsuldar əmək, o cümlədən həyat səviyyəsi deməkdir.

– Hazırda ölkəmizdə insan kapitalının lazımi səviyyədə formalaşdırılması ilə bağlı müzakirələr aparılır. Sizcə, insan kapitalının formalaşdırılması ilə bağlı hansı islahatlara ehtiyac var?

– Bilirsiniz, bu sahədə Azərbaycanda vəziyyət hələ lazımi səviyyədə olmasa da, ilkin addımlar atılmaqdadır. Çünki dövlət də yaxşı bilir ki, Azərbaycanın yeraltı sərvətləri nə vaxtsa tükənəcək. Ona görə də bu sərvətlərdən maksimum istifadə edib, ölkənin uzun bir dövr ərzində xoşbəxt və firavan gələcəyini qurmaq üçün həmin vəsaitlərin böyük bir hissəsini insan kapitalının formalaşdırılmasına yönəltmək zəruridir. Odur ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı dövlət proqramının icra edilməyə başlanması, Azərbaycanda Elm Fondunun yaradılması, ümumiyyətlə, dövlətin bu sahədə atdığı son addımlar onu deməyə əsas verir ki, Azərbaycan sözügedən müstəvidə düşünür və ölkənin neft kapitalının tədricən insan kapitalına çevrilməsi istiqamətində ilkin addımlar atılır. Amma yenə də bu istiqamətdə görməli olduğumuz işlər hələ çoxdur. Daha öncə ölkənin təhsil səviyyəsinin artırılması, gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində yüksək səviyyədə təhsil almaları, təcrübə keçmələri, elmi fəaliyyətlə məşğul olmaları üçün şərait yaradılmalı, sonradan həmin gənclərin Azərbaycana qayıdıb ölkənin inkişafında öz töhfələrini vermələri üçün imkanlar yaradılmalıdır. Müxtəlif elmi layihələrə, ixtiralara maliyyə vəsaiti ayrılmalı, ölkəmiz dünyanın neft və idman mərkəzindən tədricən elm və təhsil mərkəzinə çevrilməlidir. İdmanda uğur qazanan gənclərə göstərilən dövlət qayğısı bərabər şəkildə təhsil və elmdə də hiss olunmalıdır.

– İnsan kapitalının formalaşdırılması məsələsində Azərbaycan təhsili nə dərəcədə standartlara cavab verir?

– Əlbəttə, desəm ki, ölkəmizin təhsil sistemi insan kapitalının tam formalaşması üçün kifayət edir, yanılmış olaram. Hələki təhsilimizdə çatışmazlıqlar qalmaqdadır. Burada müxtəlif amillər öz rolunu oynayır. Müəyyən mənada millətin mentalitetindən irəli gələn cəhətlər də var. Gənclərimizin oxuyub prokuror, polis, hakim olmaq arzusunun tədricən fizik, kimyaçı, riyaziyyatçı olmaq istəyinə çevrilməsinin zamanıdır. Çünki məhz bu sahələrdə ölkə elminin dünyada tanınmasına ehtiyac var. Polis, prokuror, hakim kimi peşələr yalnız ölkədaxili məqsədlər üçün səmərəlidir. İndi bizim Nobel mükafatına namizəd ola biləcək riyaziyyat, fizika, kimya, nüvə texnologiyası və bu kimi digər sahələr üzrə böyük alimlərə ehtiyacımız var.

– Təhsildə bununla bağlı hansı islahatlara və dəyişikliklərə ehtiyac var?

– Təhsildə ciddi köklü islahatlar həyata keçirilməlidir. Təhsil almaq sıravi bir azərbaycanlı gənc üçün əsgərlikdən yayınmaq və ya ailə həyatı qurmaqda tramplin olmalı deyil. Hər bir gənc ilk növbədə cəmiyyətdə yüksək yerləri fəth etmək üçün təhsilin zəruriliyini başa düşməlidir. Ali təhsil müəssisələrində təhsilin keyfiyyətinə nəzarət olunmalı, korrupsiya halları sıfra endirilməli, Azərbaycan tələbəsinin dünyanın istənilən xarici universitet tələbəsi ilə rəqabət apara bilməsi üçün bütün zəruri şərtlər təmin olunmalıdır. Bura ilk növbədə universitetlərin maddi-texniki bazası, kitabxanaları, kompyuter mərkəzləri, yataqxanaları, istirahət mərkəzləri və idman komplekslərindən tutmuş, tələbələrin təqaüdlərinə qədər hər şey daxildir. Tələbə universitetə daxil olarkən yalnız təhsil və elm barədə düşünməlidir. Azərbaycanlı gənclərin tez-tez beynəlxalq elmi konfranslarda və olimpiadalarda iştirak edə bilmələri üçün ciddi maliyyə ayrılmalı, Azərbaycan təhsilinin səviyyəsi universitetlərdə qoyulan şərti qiymətlərlə deyil, məhz bu cür nüfuzlu konfrans və yarışlarda əldə olunan nəticələrlə ölçülməlidir.

– Ümumiyyətlə, daha hansı sahələrə aid mütəxəssislərin yetişdirilməsinə, kadr potensialının formalaşdırılmasına fikir vermək lazımdır ki, insan kapitalı arzuedilən səviyyədə təmin edilsin?

– Mən bu gün Azərbaycanda güclü fiziklərə, kimyaçılara, nüvə sahəsində çalışacaq alimlərə, turizm mütəxəssislərinə, İKT üzrə peşəkarlara, kosmos üzrə mütəxəssislərə ehtiyac olduğunu düşünürəm. Mən bu mövzuda bir qədər optimistəm və düşünürəm ki, son illər ölkə rəhbərliyi tərəfindən yaradılmış qurumlar, fondlar yaxın gələcəkdə bu istiqamətdə yeni-yeni kadrların yetişməsinə və Azərbaycanın yuxarıda sadaladığım sahələrdə dünyada tanınmasına gətirib çıxaracaq. Proqnozlara görə, növbəti 5 ildə Azərbaycan neft-qaz emalı və ixracı ilə yanaşı yeni 5 istiqamətdə önə çıxacaq və bu sahələrə yatırım ediləcək. Bunlara Azərbaycanda yeni neft-kimya mərkəzinin yaradılması, ölkənin valyuta mərkəzinə çevrilməsi, informasiya texnologiyalarının inkişafı, turizm potensialımızın inkişaf etdirilməsi və ölkədə ərzaq təhlükəsizliyinin əldə olunması, dolayısı ilə kənd təsərrüfatının inkişaf etdirilməsi daxildir. Lakin bütün bu addımların ildırım sürəti ilə həyata keçirilməsinə ehtiyac var, çünki Azərbaycan inkişaf etmiş ölkələrdən hələ çox geri qalır.

– Bir gənc alim kimi konkret olaraq Azərbaycanda insan kapitalının formalaşdırılması üçün hansı təklif və arzularınızı bizlərlə paylaşa bilərsiniz?

– Mən çox istərdim ki, Azərbaycanda insan kapitalının yaradılması ilə bağlı dövlət səviyyəsində fəaliyyət planı hazırlansın və bu işə birbaşa olaraq ölkə başçısı nəzarət etsin. Yaxşı olardı ki, Azərbaycan Respublikasının Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması nəhayət ki, reallaşsın və bu istiqamətdə ciddi addımlar atılsın, təşəbbüslər gücləndirilsin. Mən ali təhsil müəssisələrində əsas hərəkətverici qüvvənin məhz tələbələr olmasını istərdim. Tələbələrə, gənc alimlərə öz fikir və ideyalarını, bacarıq və savadlarını reallaşdırmaq üçün imkan və şərait yaradılmalıdır. Bu sahədə bəzi universitetlərdə ilkin addımların atıldığının şahidi olmuşam. Məsələn, mənim məzun olduğum və hazırda müəllim kimi çalışdığım Bakı Slavyan Universitetini xüsusilə qeyd etmək istərdim. Universitetimizin rektoru professor Kamal Abdullanın təşəbbüsü ilə orada hər il ənənəvi olaraq “Bir günlük xəlifə” adlı layihə həyata keçirilir. Məhz həmin gün tələbələrin içindən dekan və müavinləri, prorektorlar və hətta rektor da seçilir. Bir sözlə, həmin gün universiteti məhz tələbələr idarə edirlər. Təsəvvür edirsinizmi?! Bu, əslində tələbələrə özlərini əsl vətəndaş və müstəqil şəxsiyyət kimi hiss etmələri üçün çox böyük şansdır. Mən bunu yüksək qiymətləndirir və bu tendensiyanın digər ali təhsil müəssisələrində də tətbiq olunmasını istəyirəm. Belə olduqda biz tələbələrin illərcə gizli qalmış istedad və bacarıqlarını kəşf etmiş olarıq. Çünki bu ölkənin gələcəyi məhz biz gənclərin əlində olacaq. Məhz həmin gənclərin içindən gələcəyin dekanları, prorektorları və rektorları yetişəcək.

Müsahibəni götürdü: İlkin AĞAYEV, “Palitra” qəzeti

Facebook Comments