13 YAŞLI POLİTOLOQ

Dağlıq Qarabağda döyüşə uşaqlar gedir
Son günlər həm Ermənistan, həm də Azərbaycan mətbuatında tez-tez rastlaşdığımız informasiyalar 13 yaşlı erməni qızının Azərbaycan rəhbərliyinə yazdığı məktub və ona cavab olaraq, azərbaycanlı həmyaşıdının erməniyə yazdığı məktub olmuşdur. Həmin məktubları diqqətlə oxudum. Kifayət qədər humanist fikirlər səsləndirilib. Mənim diqqətimi çəkən əsas məqam isə uzun illər ərzində bir bəhrə verməyən ikitərəfli, habelə çoxtərəfli danışıqlardan sonra 13 yaşlı uşaqların önə çəkilməsi və iki düşmən ölkənin bir-biri ilə uşaq dilində danışması oldu.
“Döyüşə qocalar gedir” filmini yəqin ki, bir çoxlarınız görmüsünüz. Sanki, gələcək nəsilləri qorumaq üçün ağsaqqallar özlərini irəli atır, ölsələr belə, gənc nəsillərin salamat qalmaları üçün çalışırlar. Amma Dağlıq Qarabağ danışıqlarında tam əksinədir: gələcəyimiz döyüşə atılıb. Sanki, bizim gələcəyimiz 20 ildir bizi gözləyə-gözləyə yorulmuş və əlimizdən bir işin gəlmədiyini görüb öz müqəddaratını özü həll eləməyə çalışır.
Onu da deyim ki, gələcəyimizin istedadına heyran qaldım. Fikrimi 13 yaşlı Bakı məktəblisi Nərgiz Qazinin Xankəndindən olan həmyaşıdı Adelina Avaqimyana yazdığı cavab məktubuna yönəltmək istəyirəm. Çox peşəkar və məharətlə qələmə alınmış bu məktub əslində indiyə qədər aparılmış Qarabağ danışıqlarını, görüşləri alt-üst etdi. Nərgiz sanki XİN-in bütün heyətinin illərdir görə bilmədiyi işi bir günün içində görə bildi, Azərbaycanın Dağlıq Qarabağla bağlı siyasətini hansısa Madrid prinsiplərinə deyil, sadəcə bir kağız parçasına sığdıra bildi. Çox humanist və bəşəri prinsiplər əsasında yazılmış həmin məktubda əslində həm sülh, həm də müharibə ab-havası hiss olunurdu. Balaca Nərgiz erməni xalqını seçim qarşısında qoydu və iki millət arasındakı fərqi çox böyük məharətlə izah edə bildi: “Bizim oxşar cəhətlərimiz çoxdur: mən də 13 yaşındayam, ikimiz də qarabağlıyıq, mənim də ata-anam, nənə-babam, onların valideynləri Qarabağda doğulub yaşayıblar (ulu babam Şuşanın qazısı olub), sənin də romantikliyin var – ulduzlara baxmağı sevirsən, sən də başqalarının həyatına biganə deyilsən, müharibə istəmirsən, yurdunu sevirsən. Amma fərqli cəhətlərimiz də varmış, onlardan ikisini yazacam. Birinci odur ki, sən Qarabağda yaşayırsan. Mən də orada doğula, yaşaya bilərdim, amma olmadı. Səbəbi də odur ki, sənin atan, Ermənistandan, dünyanın dörd bir yanından gələn başqa erməni atalar şəhərimizi işğal edib valideynlərimi, nənəmi, babamı yurdlarından didərgin saldılar.”
Erməni həmyaşıdının timsalında bütün Ermənistana dədə dərsi keçən balaca Nərgiz bir anlıq Azərbaycanın xarici işlər naziri rolunu oynadı. Özü də kifayət qədər peşəkar tərzdə. Mənim üçün əsl XİN rəhbəri məhz 13 yaşlı Nərgizdir. Heç bir ali təhsili, dünyagörüşü olmayan, xarici dil bilməyən, heç Qarabağı belə görməyən bir qızcığaz Azərbaycanın xarici siyasətinin prioritet məqamlarını masa üstünə qoydu və ermənilərə bu prosesin sonunu göstərdi: “…Hələliksə, bir xahiş edəcəm: mən Qarabağa qayıdanacan ondan muğayat ol, böyüklərin, əgər salamat qalanı varsa, abidələri, evləri dağıtmasına gücün çatan qədər mane ol, bu məktubu oxuyacağın dostlarınla birlikdə!”
Balaca Nərgizin bu məktubundan sonra oturub xeyli fikirləşdim: Əcaba, Nərgizin düşündüklərini niyə bizlər düşünə bilməmişik, balaca Nərgizin siyasi jestləri niyə bizim ağlımıza gəlməyib. Cavab çox sadədir: Çünki bizlər böyümüşük və bizim içimizdəki kin də, nifrət də böyüyüb, nəfsimiz də böyüyüb, boyumuzu aşıb. Amma Nərgiz təmizdir və hələ də dünyada sülhün və mehribançılığın zəfər çalacağına inam bəsləyir: “İnanıram ki, bizim birlikdə bütün dünyanı heyrətləndirəcək gözəl bir vətən yaratmağa şansımız hələ də qalır!”
Vəssəlam! Bəzən deyirlər ki, uşaqlıq eləmə, ciddi ol. Düşünürəm, uşaqlıq eləmək də lazımdır!

Əhməd Şahidov

Facebook Comments