Əhməd Şahidov: “Mən Rusiyanın adamı deyiləm”

İlk dəfə imzamı “Qoroskop”da görəndə özümü dünyanın ən xoşbəxt insanı hesab etdim
Zirəddin Rzayev mənim ən yaxın dostum, sirdaşım və ciyərparamdır
Səbuhi Rəhimli həmişə qəzetimizin keçdiyi yoldan, gördüyü işlərdən danışanda iki nəfərin adını xüsusilə vurğulayır: Əhməd Şahidov və Dilqəm Əhməd. Daimi oxucularımız onların hər ikisini yaxşı tanıyırlar. Amma yeni dostlarımız Əhməd bəy haqqında az bilirlər. Bu yaxınlarda redaksiyamıza təşrif buyuran Əhməd Şahidov bildirdi ki, “Qoroskop”a düz 10 il bundan əvvəl gəlib. Dərhal Səbuhi bəy onunla müsahibə almaq qərarı verdi və Dilqəm Əhmədlə birlikdə onu sual yağışına tutdular. Müşahidəçi kimi deyə bilərəm ki, bu söhbət mənə çox xoş təsir bağışladı. Fərəhləndim ki, Azərbaycanda belə oğullarımız var. Baş redaktorumuzun xahişi ilə diktofonu işə salıb, fotoaparatı sazladım və söhbət başladı. İlk sual Dilqəmdən gəldi…

– “Qoroskop” qəzetinə gələn ilk Əhmədlə indiki Əhməd arasında nə kimi fərq var? Arada itən bu zaman çoxmu görünür, azmı görünür?

– Əslində mən buna “itən zaman” yox, qazanılmış zaman deyərdim. İlk dəfə “Qoroskop”a 2001-ci ilin sonlarında gəlmişəm. Ümumiyyətlə, biz ailəlikcə “Qoroskop”un oxucusu olmuşuq, hətta anam bu qəzetin fanatı olub, elə indi də sevə-sevə izləyir. Günlərin bir günü “Qoroskop”da elan oxudum ki, qəzetə tərcüməçi lazımdır. O zaman Bakı Slavyan Universitetinin rus dili fakültəsinə təzə daxil olmuşdum. Bilirsiniz ki, belə hallarda insanda yeni arzular, planlar, işləmək, yaratmaq arzusu olur. Mən də bu fürsətdən yararlandım. Anam dedi ki, qəzetdən pul istəmə, təmənnasız kömək et. O zaman “Qoroskop” Milli Ensiklopediyanın binasında yerləşirdi. Gəldim, Səbuhi Rəhimli ilə tanış olduq və başladım işə. İnandırım sizi, ilk dəfə öz adımı qəzetdə görəndə, Əhməd Şahidov imzasını oxuyanda özümü dünyanın ən xoşbəxt insanı hesab etdim. Bu uğurumu ilk növbədə evdə anamla paylaşdım. Daha sonra qəzeti aparıb universitetdə tələbə yoldaşlarıma, müəllimlərə göstərirdim, bir növ, qürurlanırdım, çünki çox xoşbəxt idim. Hətta buna görə mənə universitetdə münasibət də dəyişdi, mənə daha çox hörmət etməyə başladılar, bir sözlə, məşhurluq həyatım başladı (gülür). Sonra Səbuhi müəllimlə dostlaşdıq… Artıq 10 il keçib. İndi düşünürəm ki, “Qoroskop” məni həvəsləndirməsəydi, bəlkə də mən jurnalistikaya, publisistikaya, ümumiyyətlə humanitar sahəyə meyl etməzdim. Ən azından mənim mətbuata ilk çıxışım baş verdi. İndi də həyatda xırda da olsa, öz yaşıma, səviyyəmə uyğun hansısa uğura imza ata bilmişəmsə, bu, elə “Qoroskop”a ilk gəlişimlə bağlıdır. Mən buna inanıram! Və hər yerdə də fəxrlə deyirəm ki, mənim ilk iş yerim “Qoroskop” qəzeti olub.
Həmin Əhmədlə indiki Əhməd arasında mənəvi sahədə, xasiyyətimdə çox da böyük fərq yoxdur, eyni Əhmədəm, amma uğurlar sahəsində çox böyük fərq var və bu fərq əslində “Qoroskop”dakı Əhmədin məntiqi davamıdır.

– “Qoroskop”dan sonra ən müxtəlif, hətta demək olar ki, təzadlı, əks görünən sahələrdə çalışmısan. Ümumiyyətlə, “Qoroskop”dan sonrakı həyatını danış bizə.

– “Qoroskop”da təxminən 5 il işlədim, yazılarım çıxdı və bundan sonra harasa gedəndə özümü Əhməd kimi yox, ürəklə Əhməd Şahidov kimi təqdim edə bilirdim, yəni müəyyən qədər tanınan şəxs idim. “Qoroskop”dan sonra bir neçə qəzetdə işlədim: “Azad Azərbaycan”, “Azadlıq”, “Təzadlar”, “Palitra”, “Ruh”, “İKT Xəbərlər” qəzetlərində silsilə yazılarım işıq üzü gördü. Daha sonra artıq universitetin bakalavr pilləsini başa vurmaq üzrəydim, elmi fəaliyyətə başlamaq qərarına gəldim, magistratura, aspirantura və nəhayət, elmi işimi uğurla müdafiə edib oldum filologiya üzrə fəlsəfə doktoru. Bunun ardınca Rusiyada təhsilimi davam etdirməyə başladım, indi Milli Məclisdə çalışıram.

– 2005-ci il seçkilərində Azərbaycana gələn bütün əcnəbi jurnalistlərə demək olar ki, sən bələdçilik edirdin. Maraqlıdır, bu cür məsuliyyətli bir iş necə oldu ki, məhz sənə həvalə olundu?

– 2005-ci ildə mən artıq Rusiyada nəşr olunan beynəlxalq “Novoe Russkoe Slovo” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləyirdim. Həmin qəzetin bütün MDB ölkələrində müxbiri var idi və mən də ovaxtkı dövrə görə xeyli yüksək sayılan bir maaş alırdım. Aylıq maaşım 700 avro idi. Azərbaycanda baş verən bütün ictimai-siyasi hadisələr, mədəniyyət xəbərləri, müsahibələr və s. məlumatları Moskva bürosuna mən göndərirdim. Bu prosesdə təbii olaraq Azərbaycanın həm iqtidar, həm də müxalifət nümayəndələri ilə sıx ünsiyyətim yaranmışdı, mütəmadi müsahibələr, açıqlamalar alırdım və xeyli əlaqələrim yaranmışdı. Həm də mütəmadi olaraq, xarici jurnalistlərlə ünsiyyət qurmağım artıq mənim bu istiqamətdə nüfuz qazanmağıma səbəb olmuşdu. Bütün tədbirlərdə, aksiyalarda, xüsusən də müxalifətin icazəli və ya icazəsiz aksiyalarında jurnalist kimi yaxından iştirak edirdim, eyni zamanda Azərbaycan barədə məlumat almağa xarici həmkarlarıma kömək edirdim, siyasi liderlərdən müsahibələr almaqda yardımçı olurdum. Odur ki, həm müxalifət, həm də iqtidar düşərgəsində dostlarım çoxaldı, əlaqələrim genişləndi. Bilmirəm, nə dərəcədə neytrallığımı qoruyurdum, amma Rusiya mətbuatında indiyə kimi 300-ə yaxın yazım çıxıb, onların hamısında siyasi əqidəmi bir kənara qoyub sırf Azərbaycanın milli maraqlarından çıxış etməyə və məhz bu istiqamətdə yazılar yazmağa çalışırdım. Bəzən Moskva redaksiyasından müxtəlif siyasi partiya rəhbərlərindən müsahibələr götürmək barədə sifarişlər gəlirdi, mən də öz işimi görürdüm.

– Bakı Slavyan Universitetində oxuyanda rektor Kamal Abdulla ilə münasibətlərin yüksək səviyyədə idi, hətta “Qoroskop”la paralel olaraq onun təsisçisi olduğu bir mətbu orqanda da işləyirdin. Və o zamanlar sosial şəbəkələrdə, internet saytlarda belə bir xəbər dolaşırdı ki, sən akademik Kamal Abdullanın adamısan və səni Rusiyaya məhz Kamal müəllim təqdim edib. Yəni, sənin birbaşa Rusiya arenasına çıxmağında Kamal Abdullanın rolu olubmu?

– Yaxşı bilirsiniz ki, Bakı Slavyan Universiteti bir çox ölkələrlə, xüsusən də Rusiya, Ukrayna, Belorus kimi slavyan ölkələri üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir. Bizim universitetdə hazırda Moskva, Ukrayna mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Slavyan Universitetində təhsil aldığım 10 il müddətində bütün təhsilim Rusiya və rus dili ilə bağlı olub, bütün diplomlarım rus dili ilə bağlıdır. Kamal müəllimin də mənim üzərimdə əməyi böyük olub, mənim magistraturaya daxil olmağımda, aspiranturada təhsil almağımda, daha sonra elmi işimin müdafiəsində o insanın təqdimatı böyük rol oynayıb. Ona görə də belə gənc yaşımda fəlsəfə doktoru oldum – Kamal müəllimin zəhmətini unutmamışam.
O ki qaldı mənim Rusiya arenasına çıxmağıma, Kreml Akademiyasında təhsil almağıma, burada Kamal müəllimin birbaşa təsiri yoxdur, sadəcə mən akademiyaya sənədlərimi təqdim edərkən mənə dövlət müəssisəsindən zəmanət məktubu lazım idi və çox sağ olsun hörmətli akademikimiz mənə həmin məktubu şəxsən öz imzası ilə verdi. Bununla da mən Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasına daxil oldum. Bundan böyük dəstək ola bilməzdi. Amma Rusiya arenasına çıxmaq, Rusiyanın adamı olmaq məncə, bir qədər şişirtmək kimi çıxır.

– Yox, bilirsən, biz zaman-zaman görürük ki, ayrı-ayrı adamlar, məsələn, ekstrasens Zirəddin Rzayev Rusiyada yaşayır və həmişə də Rusiyanın maraqlarından çıxış edir və bu ölkə ilə bağlı hər zaman müsbət proqnozlar verir. Həmişə müşahidə etmişik ki, haçansa Rusiyada gərginlik yaşananda, misal üçün, Avroviziya yarışmasında və digər mühüm məqamlarda Zirəddin hətta yanlış çıxsa da, həmişə Rusiyadan yana çıxışlar edir. Bu, artıq tərəf saxlamaqdır. O baxımdan insanlar həmişə sənin həyat tərzinlə bağlı şübhələnirlər. Hətta siyasət düşərgəsində Əhməd Şahidov haqqında söhbət düşəndə səni xaricdən Azərbaycan siyasətinə atılmış bir şəxs kimi qələmə verirlər. Deyirlər ki, əvvəllər Əhməd Şahidov Bakı Slavyan Universitetində işlədi, sonradan gəlib ən radikal müxalifət düşərgəsində çalışdı, sonra getdi Rusiyanın ən strateji akademiyasında təhsil aldı, indi də Azərbaycan parlamentində mühüm bir post tutmaqdadır. Bax, bu səbəbdən insanlar bu ziddiyyətli ardıcıllığı həzm edə bilmirlər. Necə ola bilər ki, bir zamanlar müxalifətdə işləyən insan indi iqtidar nümayəndəsinin yanında çalışır, digər tərəfdən də Rusiya dövləti ilə münasibətləri qoruyub saxlaya bilir və Moskvada təhsil alır?! Hətta sənə bir növ xarici ölkə agenti kimi də baxanlar var və səndən ehtiyat edənlərin sayı həddindən artıq çoxdur.

– Sizinlə razıyam, mənim bir-birinə zidd dairələrdə çalışmağım bir qədər təəccüblü qarşılana bilər. Slavyan Universitetindən başlanan karyera, sonra müxalifət düşərgəsində görünməyim, daha sonra Moskva, indi də Milli Məclis və bu zaman kəsiyində yenə də Moskva ilə əlaqələrin qorunub saxlanılması çox çətin və qəbuledilməz bir proses kimi görünə bilər…

– Hətta Kreml Akademiyasında oxuya-oxuya paralel olaraq, mətbuatda türk dünyası ilə bağlı məqalələr dərc etdirməyin, beynəlxalq elmi konfranslarda Türk Birliyi Projesi və digər bu tip yazılarla çıxış etməyin bir qədər məntiqə sığmır. Nəyə görə Moskvada sənin bu fəaliyyətini hələ də görməyiblər və ya görüblərsə, niyə səni oradan uzaqlaşdırmırlar? Bir qədər qəribə səslənsə də, səni mason adlandıranlar da var.

– Vallah, bilmirəm necə olur bunlar (gülür)? Amma mən bir türkəm, Azərbaycan türkü. Bu, bəlkə də Azərbaycan reallığında bir sıravi azərbaycanlının məntiqinə sığmayan həyat tərzidir. Amma bütün bunlara əsaslarım var. Bax, təhsilim tamamən Rusiya ilə bağlı olub, indi də Moskvada təhsil alıram. Bu da normaldır ki, insan harada təhsil alırsa, onun həyat tərzində, dünyagörüşündə həmin ölkənin izləri hiss olunur. Əgər mən Rusiyaya gedirəmsə və bizə Rusiyanın tanınmış professorları, məmurları dərs keçirsə, təbii ki, onlar bizə dünyadakı proseslərə Rusiya baxış bucağını tədris edəcəklər və Rusiyanın milli maraqlarını yeritməyə çalışacaqlar. Və mən də həmin dərsləri dinləyirəmsə, məndə haradasa Rusiyayönümlü fikirlər formalaşa bilər, bir sıra məsələlərə Rusiya yönümündən yanaşa bilərəm. Bu, normaldır. İndi durub məni “Rusiyanın adamı”, lap uzağa gedib “Rusiyanın agenti” adlandırmaq bir qədər gülünc və səthi yanaşmadır. İnsan nəyisə deyirsə, gərək onu sübut etsin. Amma hər şeyin izahını verə bilərəm. Gəlin, əvvəlcə universitetdən başlayaq. Hamı kimi 1999-cu ildə TQDK vasitəsilə imtahan verib BSU-ya daxil olmuşam, bakalavr, magistratura və aspirantura təhsili almışam, elmi işimi müdafiə edib alimlik dərəcəsinə yiyələnmişəm. Keçək, müxalifət məsələsinə. Deməzdim ki, mən müxalifət düşərgəsində təmsil olunmuşam, əsla. Mən heç bir zaman heç bir siyasi partiyanın üzvü olmamışam, heç indi də deyiləm. Sadəcə, jurnalist kimi müxalifət partiyalarına giriş-çıxışım olub, lap gedib partiya sədrlərindən də müsahibə götürmüşəm. Bu, mənim jurnalist fəaliyyətimlə bağlı olub. O ki qaldı Rusiyaya, oradakı təhsilim 2014-cü ilə qədərdir. Və mən bu təhsili başa vurmalıyam. Milli Məclisə gəldikdə isə qeyd edim ki, hal-hazırda çalışdığım millət vəkili Gülər Əhmədova ilə tanışlığımız oğlu vasitəsilə olub. Belə ki, mən Gülər xanımın oğlu ilə Moskvada bir yerdə təhsil almışıq və dostluğumuz Moskvadan başlayıb. Gülər Əhmədovanı qiyabi tanısam da, şəxsi tanışlığım olmayıb, amma oğlunun təklifindən sonra qərara aldım ki, Gülər xanıma kömək edim və beləliklə də Parlamentdə deputat köməkçisi kimi çalışmağa razılıq verdim.

– Zirəddin Rzayevlə sıx bağlantılarınız, hətta dostluğunuz heç kimə sirr deyil. Bunu hamı bilir. Hətta onun saytını da sən düzəltmisən, mütəmadi olaraq onun təbliğatını da aparırsan.

– Zirəddin Rzayev mənim ən yaxın dostum, sirdaşım və ciyərparamdır. Onun xətrini çox istəyirəm. Moskvada təhsil almağımda onun çox böyük əməyi var. Hər mənada mənə dəstək olur, elə günlərim olub ki, Moskvada pulsuz qalmışam, heç özünə deməmişəm, amma bilmirəm, necəsə hiss edib, mənimlə görüşüb, kömək edib. Mən də çalışıram ki, onun köməyinə çatım, ona əlimdən gələni edim.

– Bu, sizin mənəvi bağlantılarınızdır. Bəs bir ekstrasens kimi?.. Amma düzünü de.

– Düzünü deyəcəyəm. Açığı, onunla münasibətlərim sırf dostluq prinsipləri üzərində qurulub. O qədər dost münasibətlərimiz var ki, utanıram ondan nəsə xahiş edim. İstəmirəm, düşünsün ki, ona olan münasibətlərim hansısa istedadına görədir. Həm də onu yormaq istəmirəm, çünki gün ərzində nə qədər gərginlik keçirdiyini, onlarla insanı qəbul etdiyini, onlara dəstək olduğunu öz gözlərimlə görmüşəm. Üstəlik, bütün bu fəaliyyətin psixoloji tərəfləri də var ki, bu da insanı çox yorur. Ona görə də çalışıram onun daha çox yorğunluğunu götürüm, hansısa zarafatla və deyib-gülməklə onun əhvalını qaldırmağa çalışıram. Amma hərdən fəaliyyətlə bağlı müzakirələrimiz, fikir mübadiləmiz olur, bir də görürsən ki, mənə nəsə deyir, nələrdənsə çəkinməyimi istəyir, dəyərli məsləhətlər verir. O, mənim üçün çox dəyərli insandır!

– Bir çox xarici ölkələrdə, xüsusən də türk dövlətlərindən Qırğızıstanda, Qazaxıstanda, Türkiyədə, Şimali Kiprdə olmusan. Tarixən belə bir fikir formalaşıb ki, türklərin ənənəvi düşməni Rusiya, Çin və İrandır. Amma Atatürkün ideologiyasında Rusiyaya düşmənçilik olmayıb, hətta onun planlarında Rusiya ilə yaxınlaşma fikirləri, Avrasiyasıçılıq adlanan bir ideologiya mövcud olub. Məsələn, hal-hazırda bəzi siyasətçilərimiz var ki, onlar Türk-Slavyan Birliyinin tərəfdarıdır. Rusiya mühitini yaxşı tanıyan bir şəxs kimi bunlara münasibətin necədir? Türklər daha çox Avropaya inteqrasiya etməlidir, yoxsa Slavyan ölkələrinə?

– Türk dünyası çox böyük anlayışdır, çox böyük coğrafiyadır. Türk Birliyinin yaradılması planı olsa da, bu, çox çətin bir prosesdir. Türklərin uzun illər ərzində deqradasiyaya uğraması bu birliyin yaradılmasını ləngidir. Çünki türk dünyası təkcə Azərbaycan və Türkiyədən ibarət deyil. Özünüz də bilirsiniz ki, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, habelə neçə-neçə bizim türk muxtar respublikalarımız var, türk toplumları var. Və onların hamısı türkəsilli olsalar da, heç də hamısı bu birliyə can atmırlar, əksinə türklüyünü inkar edirlər. Məsələn, Özbəkistan dövlət başçısı səviyyəsində Türk Birliyinin əleyhinədir. Türkmənistan prezidentinin internetdə yayılmış son video görüntülərinə baxsanız, bu insanda türklərə – qardaşlarına necə kin-nifrət bəslədiyini görmüş olarsınız. Halbuki sıravi bir türkmən demək olar ki, Azərbaycan türkcəsində danışır, dillərimiz, ləhcələrimiz çox bənzərdir. Amma bir-birimizə olan münasibətlər heç də yaxın deyil. Odur ki, Türk Birliyi çox qəliz və bu gün üçün real görünməyən bir məsələdir.
Azərbaycan reallığında təbii ki, ölkəmiz türk dünyası ilə əlaqələri gücləndirməlidir. Amma Azərbaycan daxilində bunu hamı istəyirmi?! Bax, bu da əsas məsələdir. Bilirsiniz ki, Azərbaycanın etnik xəritəsi heç də monoton deyil, burada Azərbaycan türkləri, talışlar, ləzgilər, tatlar, ruslar, ermənilər də yaşayırlar. Odur ki, Azərbaycanda etnik siyasət aparmaq müəyyən mənada çətindir və bu xalqların birliyinə nail olmaq üçün yalnız və yalnız Heydər Əliyevin əsasını qoyduğu “Azərbaycançılıq İdeologiyası”nı təbliğ etmək zəruridir. Çünki indiki məqamda şimaldan, cənubdan imperialist ölkələrin əhatəsində olub da qatı türkçülük siyasəti aparmaq Azərbaycanın özü üçün növbəti parçalanmalara gətirib çıxara bilər. Lakin bir şeyi də nəzərə almaq lazımdır ki, azərbaycançılıq ideyası heç də xaricdə müsbət qarşılanmır. Qardaş Türkiyədə birmənalı şəkildə bildirilir ki, azərbaycançılıq ideyası deyilən bir məhfum mövcud deyil və konkret şərt irəli sürürlər: türksən, ya türk deyilsən?! Sən bunu Azərbaycanda yaşayan ləzgiyə, avara və ya talışa deyə bilməzsən. Çünki onlar özlərini türk hesab etmirlər və yalnız “azərbaycanlıyam” deyib ortaq məxrəcə gələ bilərlər. Odur ki, bu, çox həssas bir məqamdır, etnik məsələlərdə çox diqqətli və balanslı siyasət yürütməyin tərəfdarıyam. Qətiyyən ifrata varmaq olmaz! Odur ki, gəlin hələlik Azərbaycan səviyyəsində danışaq. Nə qədər ki Türk Birliyi səviyyəsində öz daxilimizdə birliyə nail olmamışıq, qeyri-real bir məsələ haqqında da fikir yürütmək düzgün olmazdı. Ona görə sualınızı Azərbaycan üçün qoyaq. O ki qaldı Azərbaycanın Avropaya, yoxsa Rusiyaya inteqrasiya etməsinə, bir şeyi qeyd edim ki, Rusiya bizim qonşumuzdur. Bu, bir reallıqdır və “Qonşun pisdir, köç, qurtar” məsəli indiki situasiyada heç cür işləmir. O da düzdür ki, tarix boyu Rusiya bizim torpaqlarımızın bölünməsində fəal iştirak edib, 1813-cü ilin “Gülüstan müqaviləsi”ndə, 1828-ci ilin “Türkmənçay müqaviləsi”ndə Azərbaycan dəfələrlə bölünüb. Bunu da unutmuruq. Amma bu, o demək deyil ki, biz bu gün Rusiya ilə düşmənçilik münasibətləri saxlayaq, əksinə çalışaq ki, Rusiya kimi bir imperiyanı özümüzə dost edək. Çünki necə də olmasa, qonşumuzdur, bizdən qat-qat güclüdür və bizə təsir imkanları çoxdur, 3 milyon azərbaycanlı Rusiyada yaşayır və işləyir. Mən ümumiyyətlə, o insanı əsl azərbaycanlı hesab edirəm ki, o, öz sözü ilə, fəaliyyəti ilə Vətəninə dost qazandırsın. Yenə də deyirəm, Rusiya ilə dostluq münasibətini qoruyub saxlamalıyıq. Eyni zamanda öz milli köklərimizə də sadiq qalmalıyıq. Avropaya inteqrasiyanın tərəfdarıyam, Avropanın müsbət dəyərlərini özümüzünküləşdirək, lap Avropa Birliyinə də daxil olaq, iqtisadiyyat baxımından, sənaye, texnologiya və digər bəşəri sahələr üzrə Avropadan örnək götürək. Bunun nəyi pisdir ki?! Eyni zamanda bunları milliləşdirək, Avropadan gəlib deyə kor-koranə olduğu kimi qəbul etməyək. Çünki biz italyan deyilik, fransız deyilik, biz azərbaycanlıylıq, bizim tariximiz ayrı.

– 2011-ci ildə ən böyük uğurlarından biri də “Sən də yer ver aşka” adlı ilk şeirlər kitabının çapdan çıxması oldu. Bu yaxınlarda da mətbuatda oxuduq ki, şeirlərin ingilis dilinə tərcümə olunacaq. Bir qədər poeziyan barədə oxucularımıza məlumat verərdin.

– Keçən ilin fevral ayında təhsilimlə bağlı Moskvada idim. Özümü çox yalqız, tək və qərib hiss edirdim. İçimdə qəribə duyğular baş qaldırırdı. Özüm-özümlə danışmağa başlayırdım. Axırda hiss elədim ki, dəli olmağıma bir addım qalıb. Odur ki, başladım fikirlərimi şeir formasında yazmağa. İlk günlər özümə xoş gəlməsə də, elə hey yazırdım. Sosial şəbəkələrdə, öz saytımda paylaşırdım. Bir çox hallarda tənqid edirdilər, amma yenə ruhdan düşmürdüm. Yazırdım. Ötən ilin sentyabr ayında bütün şeirlərimi bir yerə toplayıb kitab şəklində çap elədim. İndi də yazıram. Elə bu yaxınlarda xaricdə yaşayan dostlarımdan təklif gəldi ki, şeirlərimi ingilis dilinə tərcümə etmək istəyirlər. Razılıq verdim. İnşallah, ingilis dilində şeirlərimi bu il çap etmək fikrim var.

– Birinci dəfədir ki, ailə qurmuş, artıq evli Əhməd Şahidovla danışırıq. Subay Əhmədlə evli Əhməd arasında hansı fərqlər var?

– Təbii ki, evli olmaq böyük məsuliyyətdir. Subaylıq vaxtında özümə heç nədə yox demirdim. Ağlıma gələni edirdim. Amma indi bir qədər dəyişmişəm. Evlilik insanı daha məsuliyyətli edir, daha mehriban edir. Hətta deyərdim ki, insan ailə quranda daha da ziyalılaşır. İnsanın bir növ statusu dəyişir, insanlara humanist nöqteyi-nəzərdən yanaşır, özünü digər insanların yerinə qoyursan, daha anlayışlı olursan. Keçən illərdə xarici səfərlərə gedəndə, xüsusən də Moskvaya ikiaylıq sessiyaya gedəndə, gözüm arxada qalmazdı, amma indi düşünrəm ki, bəlkə getməyim?! Deyirəm yox, getməliyəm. Amma yenə ürəyim evdə qalır, başa düşürəm ki, bu həyatda tək deyiləm, sevdiyim insanlar var, onları düşünməliyəm…

– Bu il inşallah, sənin 30 illiyin olacaq. Ömür olaraq 30 il çox azdır və sən bu qısa müddətdə bəzi insanların 60 ildə görə bilmədiyini görmüsən. Bir Azərbaycan övladı olaraq, bu Vətən üçün nə etmək istəyirsən, hansı planların var?

– Ümumiyyətlə, doğma vətənə xidmət etmək üçün vəzifə sahibi, yaxud hansısa statusda olmağa ehtiyac yoxdur. Hər bir fərd öz-özlüyündə Vətəninə xidmət etməlidir. Mən əgər Rusiyaya gedirəmsə, mənimlə bir qrupda təhsil alan 80 tələbə ilə ünsiyyətdə oluramsa, onlarla gündəlik söhbətlərimdə nümunəvi olmağa çalışıramsa və bu yolla Rusiyada azərbaycanlılar barədə “bazar adamı” fikrini dəyişə bilirəmsə, mən Vətənimə xidmət etmiş oluram. Beynəlxalq elmi konfranslarda çıxış edib Azərbaycanı təmsil edirəmsə, mən Vətənimə xidmət etmiş oluram. Təbii ki, mənim də planlarım var, özümə görə iddialarım var və gələcəkdə hansı mövqedə, statusda olmağımdan asılı olmayaraq, həmişə əlimdən gələni etməyə və xalqıma, torpağıma xidmət etməyə çalışacağam.

Söhbəti yazıya çevirdi:
Səbinə MUSAQIZI
“Qoroskop” qəzeti, 1-15 Fevral 2012-ci il

Facebook Comments