«Məni ağlatdın, Əhməd»

cevahirAçığı sonuncu dəfə  şeir dinləyib kövrəlməyim yadıma gəlmir. Əksinə, hansısa şeiri dinləyib əsəbiləşməyimi, aqeressivləşməyimi çox xatırlayıram. Əgər dinlədiklərimə də şeir demək mümkündürsə… Özünü şair adlandıran kimsələrin insanın tükünü belə tərpətməyən, daş ürəyi biraz da daşlaşdıran, codlaşdıran, sadəcə qafiyə yığınından ibarət misraları eşidəndə ürəyimdən həmin şairə ünvanlanan bir sual keçib: «Mən yazmıram, ölürəm, sən niyə özünə zülm edib, Moşu kimi xoşbəxtliyə qafiyə axtarırsan»? Xüsusən də söhbət gənc şairlərdən gedir… Bəlkə də məni, hədsiz duyğusallıqda ittiham edənlər, «şeir elə təkcə insanı kövrəltmək üçün deyil də»-deyib, kövrəkliyimə hələ bir istehza  ilə dodaqaltı qımışanlar da olacaq. Heç umurumda da deyil. Özünüz bilərsiniz, amma mən bir şeyi bilirəm; ən daşürək insanın belə ruhi vəziyyəti olur. Həmin ruhu vəziyyətində onun hönkür-hönkür ağlaması, ürəyini boşaltması normal haldır və hər bir normal insan düşünürəm ki, belə ruhi vəziyyətləri yaşayır. Bir gözəl şeir, üstəgəl də musiqi bu vəziyyəti tarazlayır. Dünən kompüter arxasında oturub, qızğın iş əhval-ruhiyyəsində olduğum bir vaxtda qəfildən belə halın məni yaxalayacığını da gözləmirdim. Amma bu baş verdi. «TRT Avaz-da» qonaq olan gənc şair, Əhməd Şahidovun «Ana» şeirini dinləyəndə hec cürə özümə hakim kəsilə bilmədim. Varlığımı titrədən o misraları heç sona qədər eşidə də bilmədim. Çünki hönkürtüm o misraları eşidilməz etdi. Bəlkə də mənim bu halıma bayaq dediyim kimi, ürəklərində kinayə edənlər də oldu, amma ana itkisini yaşayıb, bu itkinin ağırlığını ürəklərində gəzdirənlərin halımı başa düşmələri mənə yetər. Şeir məni ona görə kövrəltdi ki, səmimiydi, təbii, isti və sıcaq idi. Şeir məni ona görə kövrəltdi ki, ruhuma çox yaxınıydı. Axı insan ruhu səmimi olanı qəbul edir, səmimi olandan həyəcanlanır. «Gözdən yaş çıxarmı ürək yanmasa»… Orda səmimiyyət yoxdursa, ruhi müvazinətdən də söhbət gedə bilməz. Məni ağladan, məni dilləndirən və məni kampüter arxasına çəkib gətirən, bu yazını yazdıran da elə şeirdən doğan səmimiyyət idi… Səmimiyyət atmasferində boğulduğum, nəfəs ala bilmədiym bu cəmiyyətdə məni duyğulandırdığına görə, sənə «çox sağ» düşür.

Çoxdanıydı, şeirdən belə kövrəlməmişdim, bugün məni ağlatdın, Əhməd! Ürəyinə, ruhuna, barmaqlarına sağlıq!

Cəvahir Səlimqızı

“Mərkəz” qəzeti, 18 May 2012-ci il

Facebook Comments