Kasıb bir Avropa ölkəsinin zəngin mədəniyyəti və qayda-qanunları…

shahidov_warsawİlk dəfə Avropaya ayaq basdığım Polşadan təəssüratlarım
Avropa həyəcanım hələ Avqust ayından başlamışdı… viza almaq üçün Polşanın Bakıdakı səfirliyinə müraciət edərkən çox həyəcanlı idim. Bilmirəm nədəndir, amma bu viza məsələsi mənimçün çox həssas məqamlardandır. Düzdür, indiyə kimi bir dəfə Səudiyyə Ərəbistanına, Həcc ziyarətinə getmək üçün viza almışam, amma Avropaya viza almağım bir dəfə uğursuz olduğundan, bu dəfə də ümidsiz idim.
ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak etmək üçün Polşanın paytaxtı Varşava şəhərinə getməliydim. Odur ki, bütün zəruri sənədləri, hətta əksər səfirliklərin tələb etmədiyi sənədləri də hazırlayıb Polşa səfirliyinə yollandım və viza üçün müracit etdim… və aldım vizamı.
Dərhal Aeroflot avia şirkətindən Bakı-Moskva-Varşava biletini aldım. Sentyabrın 22-də Bakıdan ayrıldım, Moskva üzərindən Varşavaya uçdum. Moskva tranzit nöqtə olduğundan bir-neçə saatlıq Moskvada gəzə, hətta Moskvadakı evimizə də gedə bilərdim. Amma getmədim, nəsə içimdə soyuqluq var ruslara və Rusiyaya qarşı. Odur ki, elə tranzit zonada növbəti təyyarəmi gözləmək qərarına gəldim.
2 saat yarım yol qət etdikdən sonra Varşava Frederik Şopen adına Beynəlxalq Hava Limanına endim. Əvvəlcədən EuropeCar şirkətindən kirayəyə götürdüyüm Opel Astra avtomobilini elə hava limanındaca təhvil alıb naviqator vasitəsilə rahatca rezervasyon etdiyim hotelimə gəldim. Paytaxt Varşava şəhərinin küçələri o qədər sadə və səliqəli idi ki, naviqator vasitəsilə çox asanlıqla istədiyim məntəqəni tapa bilirdim.

ATƏT müzakirələri çox gərgin, amma səmərəli keçirdi

1Sentyabrın 23-də artıq bütün diqqətimi ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsinə yönəltmişdim. Bu beynəlxalq və nüfuzlu bir qurumun gündəlik müzakirələrində insan haqları, demokratiya, seçkilər, ifadə azadlığı, terrorizmlə mübarizə və digər mühüm mövzular var idi. Mən də TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri kimi dəvət olunan şəxslər siyahısında idim və çıxış hüququm var idi. Təbii ki, belə bir mötəbər qurumda bu haqqımdan maksimum yararlanaraq, çıxış etmək və Azərbaycanın haqq səsini çatdırmaq niyyətindəydim.
İlk günlər hələ ki, içində bulunduğum atmosferi öyrənmək, müşahidələr aparmaq və vəziyyətə uyğun hərəkət etmək üçün ilk 3 gün çıxışa yazılmadım. Əsas hədəfim isə Ermənistan tərəfini ifşa etmək və təbii ki, Azərbaycanın beynəlxalq imicini hər vəchlə korlamağa çalışan bəzi müxalifət yönümlü şəxslərin arqumentlərini dəf etmək idi. Çünki, kimliyindən asılı olmayaraq, Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd addım atan şəxs mənimçün arzuolunmaz qüvvəyə çevrilirdi.
Sentyabrın 26-da “Azərbaycanda dini azadlıqlar” mövzusunda çıxış etdim. Məndən öncə çıxış edən qeyri-ənənəvi sektaların – “Yohova Şahidləri” və “Yeddinci günün adventistləri” kimi qurama dini sektaların nümayəndələrinin Azərbaycana qarşı qərəzli fikirləri məni onların cavabını verməyə sövq etdi. Azərbaycanda dini azadlıq və tolerantlığın tam bərqərar olduğunu və bu sahədə heç bir problemin olmadığını qeyd etməklə yanaşı, Ermənistanın işğalçı siyasəti nəticəsində 20 faiz torpaqlarımızın işğala məruz qaldığını və 1 milyona yaxın vətəndaşımızın öz dədə-baba torpaqlarından didərgin düşdüyünü bildirdim və erməni dini lideri I Vazgeni separatçı adlandırdım. Əslində, fikirlərimdə də yanılmırdım, çünki erməni kilsəsinin I Qarabağ müharibəsində tutduğu mövqe hamıya məlumdur. Bu kilsə sanki müharibə yuvasını xatırladırdı.
2Mənim çıxışımdan sonra Ermənistan nümayəndəsi dərhal çıxışa yazılaraq, mənə cavab verdi və fikirlərini əsaslandıra bilməyib, sadəcə özünü biabır etdi dünya ölkələrinin nümayəndələri qarşısında. Gündəlik müzakirələr isə davam edirdi.
ATƏT-in növbəti günlərdəki müzakirələri zamanı mən “Azərbaycanda sərbəst toplaşmaq azadlığı”, “Azərbaycanda demokratiya və insan haqları”, “Azərbaycanda prezident seçkiləri” və “Terrorizmlə mübarizədə Azərbaycanın təcrübəsi” mövzularında ayrıca məruzələrlə çıxış etdim. Çıxışlarımın hamısı Azərbaycanın milli maraqlarının qorunması üzərində qurulmuşdu, əsas tənqid obyektim isə təbii ki, Ermənistan və onun işğalçı siyasəti idi.
Varşavada qaldığım ilk həftə ərzində demək olar ki, paytaxtı bütünlüklə gəzə bilmişdim. Həftə sonu heç bir tədbir nəzərdə tutulmadığından harasa fərqli bir yerə, hətta başqa ölkəyə getmək barədə düşünürdüm. Altımda avtomobil, naviqator əlimdə, gözəl hava, özüm də Allaha şükür, belə gəzintilərin həvəskarı – məncə, başqa cür ola da bilməzdi. Odur ki, şənbə günü səhər tezdən yuxudan durub əl-üzümü yudum və avtomobilimə oturub naviqatorda marşrutumu qeyd elədim – Varşava-Berlin!

Alman yollarında saatda 205 km sürətlə şütümək ayrıca bir zövq idi

18Naviqatorum təqribən 358 mil məsafə olduğunu yazdı, haradasa 580 km yol getməli idim. Odur ki, səhər saat 8-də Varşavadan tərpəndim. Naviqator məni irəlidə ödənişli yolların olduğu barədə də xəbərdar etmişdi. “Olsun” deyib, yola davam elədim və ana trasa çıxdım. Kirayə götürdüyüm avtomobilim 2012-ci il buraxılış Opel Astra idi, maşını alman yollarında sınaqdan çıxarmağı düşünürdüm. Avtoban deyilən yola çıxan kimi qazı sonuna qədər sıxdım… sıxdım və yenə də sıxdım.
Sürət göstəricisi 260 km\saat sürətə qədər gedə biləcəyini göstərsə də, faktiki mənim avtomobilim 205 km\saat sürətdən yuxarı qalxmadı. Yollar da o qədər gözəl və düz idi ki, bu sürəti heç hiss etmək mümkün deyildi. Onu da deyim ki, avtobanda sürət həddi olmamasına baxmayaraq, məndən yüksək sürətlə sürən başqa adamlara rast gəlmədim. Bir-neçə dəfə Porsche və digər yarış avtomobillərinin “fyu” səsi çıxardaraq yanımdan ötdüyünü gördüm, onlardan başqa, hamı məndən geridə qalmışdılar. Bu minvalla düz 5 saata Berlinə gəlib çatdım.
Yolda çox vaxt itirməyim deyə yol kənarındakı McDonaldslardan yemək alıb maşın sürə-sürə qidalanırdım. Varşavadan Berlinə bir çən benzin sərf elədim ki, bu da haradasa 65 avro pul demək idi. Avropada benzin çox baha olduğundan bu qədər pul ödəməli idim. Avropalılara baxanda bizim Azərbaycan çox şükürlü ölkə sayıla bilər. Bizdə benzinin 1 litri 55 qəpikdirsə, Avropada 1 manat 40 qəpikdir. Odur ki, Avropada maaşların 1000-1500 avro olması əslində heç nəyi dəyişmir, orada həyat çox bahadır.

Almaniyaya keçəndə heç hiss eləmədim

20Əslində Avropanı bir də ona görə bəyəndim ki, burada ölkələr arasında sərhəd anlayışı da yoxdur. Təsəvvür edirsiz?! Polşadan Almaniyaya keçəndə sadə və kiçik bir lövhə üzərində “Willkommen in Deutschland” sözləri yazılmışdı, onu da düz-əməlli görə bilməmişdim. Sadəcə “de” işarəli avtomobillərin çoxaldığını görəndə artıq hiss elədim ki, alman torpağındayam – dəqiqliyin, dürüstlüyün və soyuqqanlığın vətənindəyəm. Odur ki, özüm də belə olmağa çalışırdım, yol hərəkət qaydalarına dəqiq riayət edir və maksimum mədəni olmağa çalışırdım.
Əfsanəvi Berlinə girən kimi küçələrin təmizliyi, yolların keyfiyyəti, ayrıca velosiped zolaqlarının olması, insanların daha rahat və xoşbəxt yaşadıqları diqqətimi çəkdi. Amma yenə də alman psixologiyası öz sözünü deyirdi – insanların üzündə gülüş çatışmırdı, bir doğmalıq, bir ünsiyyət yox idi sanki. Hamı başını aşağı sallayıb harasa gedirdi.
Gəlib çatdım Berlinin düz mərkəzinə – Aleksandra meydanına. Bura məni çox təəccübləndirdi. Hamı yeyib-içir, söhbət edir və qaynayıb-qarışırdı. Əsasən pivə içirdilər. Həftəsonu olduğundan adam əlindən tərpənmək mümkün deyildi. Amma dəhşət bahaçılıq idi, ən azından Bakıya görə qiymətlər kəllə-çarxa çıxmışdı. Adi bir sosiska çörəyə 3 avro pul ödəməli oldum. Avtomobilimi 2 saatlıq park etmişdim, qayıdıb gələndə gördüm ki, üzərində 10 avroluq qəbz yapışdırıblar. Təbii ki, ödəmədim və qəbzi cırıb atdım. Burada alman mədəniyyətinə etirazımı bildirdim. Burada lap 10 min avro da maaş alsan, bu qiymətlərlə ayı başa vura bilməzsən.

Gecəni yol kənarında gecələdim

13Günorta saat 13:00-da Berlinə çatdım və bütün şəhəri gəzdim. Maşınla hərəkət etdiyimdən əksər görməli yerlərə gedə bildim. Mərkəzdə yerləşən Bundestaq binasına, Berlin divarlarına və digər yerlərə baş çəkdim. Axşam düşdüyündən gecə ilə Varşavaya qayıtmağı düşünürdüm. Burada ayrıca hotel tutmaq əlavə xərc demək idi. Odur ki, axşam 9-da maşına oturub geri qayıtmaq qərarına gəldim.
Lakin 2 sutkanın yuxusuzluğu və avtomobil sürmək öz sözünü deyirdi və artıq 1 saatlıq yolçuluqdan sonra yuxu məni təslim edə bilmişdi. Risk etmək istəməyib bir yanacaqdoldurma məntəqəsində maşını saxladım və ayrıca parkinq yerində motoru söndürüb, qapıları içəridən bağlayıb, yıxılıb yatdım. Gecə bəzən soyuq olduğundan motoru işə salır və sobanı qızdırırdım. Bu minvalla təqribən 6 saat yatdım və səhər 6-da durub yoluma davam elədim.
Yenə 5 saat yol getdim. Berlinə gedəndə 200 km\saat sürətlə gəldiyimdən 5 saata çatmışdım, qayıdanda çox risk etmədim və sürəti bir qədər azaltdım. Odur ki, 6 saata Varşavaya çatdım. Gəlib hoteldə dincəldim və sabahkı müzakirələrə hazırlaşdım.

Varşavada “Azərbaycan 2003-2013” adlı tədbir keçirdim

Yeni həftənin ilk günündən başlayaraq, yenə də müzakirələr davam edirdi. Artıq bir-neçə əcnəbi ilə yaxından tanış ola bilmişdim. Ən əsası isə həmyerlilərimizlə tanış olmaq imkanı qazanmışdım. Elə ATƏT-in tədbirində təşkilatçılar arasında Cahan adlı bir azərbaycanlı xanımla ünsiyyətim məni çox sevindirdi. Tədbirdən sonra da ünsiyyətimiz mənə Varşavanı tanımağa çox kömək edirdi. Cahan xanımın vasitəsilə Polşada yaşayan digər azərbaycanlıları, Viktoriya adlı başqa bir azərbaycanlı xanımı, daha sonra isə tələbələrimizi görə bildim.
8Cahan xanım Oktyabrın 1-də Varşavanın mərkəzində yerləşən “Sofitel Victoriya Hotel”də Azərbaycanla bağlı tədbir keçirməyimə də yardımçı oldu.
Daha sonra paytaxtdan 130 km aralıda yerləşən Lodz şəhərində bir qrup azərbaycanlı tələbənin təhsil almasını eşidib, eləmə tənbəllik, sürdüm həmin şəhərə. Həmin şəhərdə Nail Əhməd adlı bir tələbə ilə tanış olub xeyli gəzdik. Nail mənə Lodz şəhərini göstərdi, xeyli fotolar çəkdirdik. Elə Naili də götürüb yenidən Varşavaya qayıtdıq.
Bir sözlə, Polşada darıxmağın nə demək olduğunu bilmirdim. Hər gün nəsə bir yeni görüş və tanışlıqlar, tədbir və çıxışlar günlərimi bir-birindən daha maraqlı edirdi. Azərbaycanın və Türkiyənin Polşadakı səfirliklərində keçirdiyim görüşlər, Polşa Seymində polşalı deputatlarla görüşlərim bu ölkəni mənə daha maraqlı edə bilmişdi.

Polşa polisi ilə yüngül mübahisəm

Polşa, xüsusən də Varşava şəhəri mənim xatirimdə ancaq müsbət halı ilə qala bildi. İnsanların həqiqətən də düzənli bir həyat yaşadıqlarının canlı şahidi oldum. Hətta bu düzəni pozmaq cəhdimin də qarşısı alındı. Bir az gülməli duruma düşmüşdüm, amma yenə danışacam.
Deməli, qaldığım hoteldən çıxıb, tələsik yolu keçib o biri tərəfdə dayanan avtomobilimə getmək istəyirdim ki, uzaqdan qaçaraq mənə sarı gələn bir polisin səsinə arxaya çevrildim. Əvvəlcə, polyak dilində nələrsə dedi, yalnız rus və ingilis dillərində danışa bildiyimi bildirdim, başladı ingilis dilində danışmağa. İlk sualı yolu niyə buradan keçməyim ilə bağlı idi. Artıq sualı eşidib piyadaların yol hərəkət qaydalarını pozduğumu anlamışdım. 50 metr aralıda zebra adlanan piyada keçid zolaqlarının olduğunu göstərdilər və məni cərimə edəcəklərini dedilər. Əvvəlcə üzr istədim və cərimə ödəməyə hazır olduğumu dedim. Kostyumun üzərində ATƏT-ə məxsus vəsiqənin olduğunu görüb bir az dayandılar, kim olduğumu soruşdular. ATƏT-in beynəlxalq tədbirində iştirak etmək üçün Polşaya gəldiyimi və Avropada ilk dəfə olduğumu dedim. Xarici vətəndaş olduğumçün bu dəfə cərimə yazmayıb mənim yenidən zebra üzərindən keçməyimi istədilər. Odur ki, polyak polislərə təşəkkürümü bildirib yenidən həmin yolu zebra üzərindən keçdim və avtomobilimə əyləşib oradan uzaqlaşdım.
14

Sükan arxasında özümü çox təqsirli hiss edirdim. Açığını desəm, çox utanmışdım. Ən azından polyak polislərin azərbaycanlı olduğumu və piyada keçid qaydalarını pozduğumu bilmələri məni çox utandırmışdı.
Oktyabrın 4-də yenidən Varşava-Moskva-Bakı reysi ilə Vətənə qayıdırdım. Polşadakı qayda-qanunlara heyran qalmaqda davam edirdim. Kirayə götürdüyüm avtomobili hava limanında təhvil verərkən şirkət nümayəndəsi mənim təyyarəyə gecikməməyim üçün avtomobilə heç baxmadı və açarı təhvil alıb məni dərhal buraxdı. Bir-neçə dəfə xahiş etsəm də, avtomobilin çölündə və ya içində hər hansı nöqsanın ola biləciyini deyib təhvil alarkən diqqətlə yoxlamalarını rica etsəm də, EuropeCar şirkətinin nümayəndəsinin “Siz deyirsizsə, hər şey normaldır. Deməli, normaldır, biz sizə inanırıq” deməsi məni çox qürurlandırdı və Polşa haqqında 15 gün ərzində topladığım müsbət təəssüratlara öz yekun damğasını vurmuş oldu. Həqitətən də gözəl ölkə, gözəl insanlar deyə bilərəm…

Amma təbii ki, öz Vətənim daha doğmadır. Müsbət və mənfi cəhətləri ilə Vətən elə Vətəndir. Bütün dünyanı gəzib dolaşsaq da, sonunda qayıdıb qoynuna sarıldığımız Azərbaycandır!

Əhməd Şahidov
16 Oktyabr 2013-cü il
Bakı, Azərbaycan

Facebook Comments